Azərbaycan kinosunun karantin sonrası durumu necə olacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əi İsa Cabbarov Azərbaycan kinosunun hazırkı pandemiya şəraitində olan durumu və gələcək perspekltivləri ilə bağlı fikir bildirib.

Rejissor qeyd edir ki, karantində, istehsalın dayandığı günlərdə karantinə qədərki dövrün qədrini bilirsən, kinomuzda ciddi kəmiyyət göstəricilərinin olduğunu anlayırsan: “İllərlə həsrətində olduğumuz dolu zallar nəhayət ki, bərpa olmuşdu. Dolu zallar isə – əsl qələbədir. Karantin ləğv olunacaq gündən ən azı 1 ay keçməlidir ki, insanlar zallara qayıtsın, kütləvi nümayişlərdə yoluxmaq qorxusundan azad olub filmlərə baxıb zövq alsın. İstehsalata gəlincə, dövlət 2020-ci il üçün film istehsalına maliyyə ayırıb, ssenarilər təsdiq olunub. Pandemiya və neftin aşağı qiyməti dövlət büdcəsini korrektə edə bilər amma düşünmürəm ki, kinoya ayırmış büdcənin çox azalda biləcək qədər dəyişər”.

Ə.Cabbarov qeyd edir ki, dövlətimizn siyasətinə əsasən kinomuz vacib ideoloji sahə kimi dövlət dotasiyasında olmalıdıdr: “Amma dövlət sektorunun istehsalçıları da müəyyən nəticələrə gəlməlidi:

– Büdcələr daha təmkinli tərtib olunmalı

– Büdcələrdə filmin proması üçün vəsaitlər nəzərdə tutulmalıdır

– Dövlət studiyalarında istehsal olunan filmlərin gəlirliliyi gələcəkdə əldə oluna bilinəcək məqsəd kimi qarşıya qoyulmalıdı.

İkinci bənd post-karantin üçün çox vacibdir. Çünki karantin sonrası “səhrada” istehsaldan da daha vacib kino bayramının, kino atmosferinin təşkilidir. Dövlətimiz kinonun maliyyələşdirir, filmlər çəkilir amma bu haqda rezonans doğuracaq informasiya təbliğat aksiyaları azdır. Bu baxımdan müasir Azərbaycan kinosu haqqında tamaşaçıdan soruşanda, onlar dövlətin çəkdiyi filmlərdən deyil, daha çox kommersiya filmlərinin ulduzları haqqında fikir bildirirlər. Kinomuz var, onu sevməliyik, təbliğ etməliyik və bunun üçün də büdcələrdə təbliğat üçün də vəsait ayrılmalıdır”.

İttifaqın katibi, 3-cü bənddə gəlirlilik deyəndə, dövlət studiyalarında kommersiya filmlərinin istehsalı nəzərdə tutulmur, fikrini irəli sürür: “Televiziya nümayişində gələn müəllif haqlarının artıtılması, online nümayişlərdən gəlirlər, xarici tv-lərə satışlar və nəhayət Azərbaycan prokatından gəlirlər nəzərdə tutulur. Bu nə qədər çətin olsa da, bu məqsədə çatmaq mümkündür. Azərbaycan kinosunun post-karantin səhrasından keçməyə kömək ola biləcək daha bir vacib faktor birlikdir. Peşəkarların birliyi, dövlət və özəl studiyaların birliyi, kino sahəsində işləyən ictimai birliklərin birliyi, Mədəniyyət nazirliyi ilə kinematoqrafçıların birliyi. Ümumiyyətlə birlik , həmrəylik onilliklər boyu kinomuzun zəif cəhəti olub. Kinomuzun inkişafı, peşəkarların uğurları, kinomuzun dünya kinosunda layiqli yer tutması məqsədi ətrafına birləşməliyik. Gurultulu səslənə biləcək bu birlik sözü sadə addımlardır: problemlərimizin birgə müzakirəsi, bir – birimizi dinləmək, bir birimizin uğuruna sevinib, problemlərinin həllinə yardımçı olmaq”. Ortaya belə bir sual çıxır- bu birliyin tənəsi kimə olmalıdır?

Rejissor bildirir ki, birliyin tənəsi ilk növbədə işinə vicdansız yanaşan peşəkarlara olmalıdır: “Hətta öz maddi imkanlarıyla biabırçı keyfiyyətdə film çəkib prokata buraxdıqda, peşəkar camiyyənin tənəsini hiss etməlidi, çünki bir və bir neçə pis filmdən bütün kino bazarı əziyyət çəkir. Tamaşaçıda Azərbaycan kinosu haqqında formalaşmış pis rəy sonradan hamımıza maddi zərbə vurur. “Zəif Azərbaycan kinosun”a nə sponsor pul ayırar, nə də tamaşaçı da etibar edər. Ona görə peşəkar həmrəyliyinin tənəsi altında olan zəif film istehsalçıları daima təzyiq hiss etməldirlər”.

Ə.Cabbarov dövlətin anti-pandemiya tədbirləri nəticəsində yoluxmaların sayının artmasının qarşısı alınmasından bəhs edərək bildirib ki, görülən tədbirlər sayəsində işsizlərə 2 ay müddətində 190 manat, müqavilə ilə işləyən fərdi sahibkarlara 2019-cu il verdikləri vergidən asılı olaraq maddi yardım, zərər görmüş özəl şirkətlər isə əmkdaşlarının məvacibi kompensasiya olunur, şirkətlərə bir sıra vergi güzəştləri həyata keçirilir: “Yaradıcı ictimai birliklər üzvlərinə təqaüdlər verir. Karantini dövlətimizin dəstəyi nəticəsində az itkisiz keçirə biləcəyik , amma post – karantin dövründə əvvəlki göstəriciləri bərpa etmək və daha da inkişaf etdirmək üçün isə kino camiyyəmizin birgə səyləri vacibdir”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı