Azərbaycan Prodüserlər Gildiyasının növbəti iclası keçirilib

Avqustun 24-də Azərbaycan Prodüserlər Gildiyasının növbəti iclası keçrilmişdir. Nizami Kino Mərkəzinin konfrans zalında baş tutuan görüşdə AR Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak ediblər. Gildiyanın sədri Fikrin Bektaşi, görülmüş işlərdən məlumat verib və bildirib ki, Mədəniyyət Nazirliyi ilə kommunikasiyanın dinamikasının saxlanılması əsas hədəflərdəndir. Bu, prodüserlərin qarşılaşdığı çətinlikləri aradan qaldırmağa kömək edir. Gildiyanın planda olan layihələri arasında prodüserlər üçün təlim haqda məlumat verən Fikrin Bektaşi, təlimçilərin təcrübəli Avropa prodüserlərinin olacağını bildirdi.

Görüşdə iştirak edən Mədəniyyət Nazirliyi nümayəndəsi Rəşad Əzizov da Prodüserlər Gildiyası vasitəsilə baş tutan kommunikasiyanın vacibliyini göstərdi. Mədəniyyət Nazirliyinin özəl prodüser mərkəzləri üçün elan etdiyi müsabiqə ilə bağlı sualları cavablandırdı. Tədbirin məruzəçilərindən olan kinoprodüser Orxan Behbid, nazirliyin elan etdiyi müsabiqənin şərtləri haqda məlumat verib, prodüserlərin büdcə tərtibatı zamanı rastlaşa biləcəyi çətinliklər haqda danışdı və tövsiyələr verdi. Nazirliyin müsabiqəsinin ilk olduğunu nəzərə alaraq, şərtlərin yüngüllləşdirilməsinin vacibliyini qeyd etdilər. Rəşad Əzizov Gildiya vasitəsilə aldıqları siqnalların diqqətdə olduğunu və nəzərə alındığını bildirdi. Qaldırılan məsələlərlə bağlı nazirliyin Satınalma Agentliyi ilə daimi müzakirələrin aparıldığı qeyd olundu.

Müzakirələrdən sonra Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, prodüserlərlə animatorlar arasında məhsuldar əlaqələrin qurulmasının vacibliyini qeyd etdi və sözü gənc animatorlara verdi. Onlar öz layihələrini təqdim edəndən sonra prodüserlərin suallarını cavablandırdılar. Tədbirin qonağı kimi çıxış edən Əməkdar artist, prodüser Tahir İmanov, təqdim edilən layihələrlə bağlı təəsüratlarını qeyd edərək, sadə, məhz uşaqlara ünvanlanmış, tərbiyəvi əhəmiyyəti olan animasiya layihələrinin vacibliyini qeyd etdi və hazırda özünün də belə bir layihə üzərində işlədiyini bildirdi.

aki.az