Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 may 2021-ci il tarixdə Qarabağın tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu, 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilməsi, həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılması xüsusilə qeyd edilir.

O da qeyd olunur ki, Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Şuşa şəhərinin tarixi görkəminin bərpası, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərar qəbul edib:   

  • Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

aki.az