Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə…

SSRİ-nin Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Azərbaycanın paytaxtı Bakıya və bir neçə rayona yeridilərək kütləvi qətliam törətdilər.

Həmin gecə sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin paytaxt Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Əslində 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət hesab olunur.

Məhz həmin gün ölkə üzrə 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu.

Planlı şəkildə hazırlanan bu aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşısa da, hadisələrin belə bir səpgidə gedişatı ölkəmizdə müstəqillik hərəkatını daha da sürətləndirdi ki, nəticə etibarilə də bu proses SSRİ adlanan birliyə böyük zərbə vurdu.

Azərbaycan ilk şəhidlərini 1990-cı ilin 20 yanvarında verdi və o gündən şəhidlərin dəfn olunduğu Şəhidlər Xiyabanı and yerimizə çevrildi…

Qeyd edək ki, 1990-cı il hadisələri ölkəmizdə hər sahəyə öz mənfi təsirini göstərdi. Bu baxımdan da Azərbaycanda hər sahədə o qanlı gecəni xatırladan layihələrə, tədbirlərə start verildi.

Mədəniyyət aləmində, ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə 20 yanvara həsr olunan sənət nümunələri yaranmağa başladı.

Yanvar hadisələrinin xalqın tarixi yaddaşında həkk olunmasında, xalqımız tərəfindən unudulmamasında mədəniyyətin rolu böyük oldu.

Təsviri sənətdə – Arif Ələsgərovun “20 Yanvar” tablosu, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix), Mikayıl Abdullayevin “Nakamların dəfni”, Arif Hüseynovun “Qara tağlı natürmort”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri baş vermiş faciənin mənzərəsini yaratdı.

Musiqi dünyasında Vasif Adıgözəlovun “Bir şərqi de”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar”, Oqtay Rəcəbovun “Qana dönən qərənfillər”, Emin Sabitoğlunun “Şəhidlər ağısı”, Mehriban Əhmədovanın “Ana millət, ata millət, ağlama”, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi və s. 20 yanvardan bəhs etdi.

Teatr aləmində meydan teatrı üslubunda hazırlanan “Qalx ayağa, Azərbaycan” adlı tamaşada  Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə qurban gedən insanların haqqını təcəssüm etdirən səhnə əsəri, eləcə də Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın Qara Yanvara həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası təqdim olundu.

Bədii ədəbiyyatda Qara Yanvara çox sayda ədəbi əsərlər həsr olunub. İstər poeziyada, istərsə də nəsr əsərlərində Yanvar faciəsi öz əksini geniş şəkildə tapdı.

Etiraf edək ki, həmin dövrdə ən böyük məsuliyyət Azərbaycan kinosunun, əlbəttə ki, kinematoqrafçıların üzərinə düşdü. Bəlkə də ona görə ki, kinoda, digər sahələrdən fərqli olaraq hadisələrə mədəni, təsviri, musiqi vasitəsilə baxaraq onu ekrana köçürmək kimi missiya var.

Hadisənin baş verdiyi illərdə həmin faciəni ekrana inandırıcı formada köçürmək hər mənada çətin olsa da, bütün bu çətinliklərə baxmayaraq Azərbaycan kinematoqrafçıları 20 yanvar hadisəsini əks etdirən “Qanlı Yanvar”, “Boz qurdun harayı”, Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Matəm”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “9 dəqiqə”, “Cənubda Şimal küləyi” və s. sənədli filmlər ərsəyə gətirməyi bacardılar.

“Azadlığa gedən yollar” filmində yanvar hadisəsi zamanı  Bakıda baş verənlər və sonrakı hadisələr əsas süjet xəttini təşkil edir.

“Şəhidlik zirvəsi”(2001) filmi də Yanvar şəhidlərinə həsr olunub. Filmdə 1828-ci ildən (Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsini başa çatdıran Türkmənçay müqaviləsindən) müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz əksini tapıb.

Bundan başqa, “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və s. sənədli filmlərdə də o dəhşətli gecədə günahsız insanların faciəli ölümünə etirazlar, xalq birliyinə çağırışlar səslənir, qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilib.

HAŞİYƏ: 20 Yanvar şəhidlərinin dəfn olunduğu gün çəkilən kadrlar “Salnaməfilm” studiyasının operatorlarının əməyidir. O anları  operatorlar Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb. Həmin hadisədən 30 il keçməsinə baxmayaraq “Azərbaycanfilm” kinostudiyası, “Salnaməfilm”, eləcə də “Azərbaycantelefilm” (AzTV) və digər yaradıcılıq studiyalarında 20 Yanvara həsr edilən ekran əsərləri istehsal olunur.

20 Yanvar…Azərbaycanın qanlı və şanlı tarixi…

Azərbaycanımız məhz həmin gün öz kimliyini ortaya qoydu, haqq uğrunda, müstəqillik uğrunda özünü düşmən gülləsinə sipər etdi.

Artıq o günlər çox geridə qaldı, şəhidlərimizin qanı alındı, Qarabağ torpaqlarının işğaldan azad olunması Azərbaycanda yeni dövrün başlanmasına şərait yaratdı.

Sülhün bərpa olunması kinomuza da öz təsirini göstərməkdədir, artıq yeni mövzularımız var… Qələbə, azad torpaq, abadlaşan elimiz-obamız, illərdir torpağından ayrı düşənlərin yenidən qayıdışı və s.

Gördüyünüz kimi, mövzü çoxdur, sadəcə yaratmaq lazımdır və ən dəyərli sənət nümunələri də məhz bundan sonra yaranacaq…

aki.az