“Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək

Aprelin 5-dən 8-dək keçiriləcək tədbirin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzidir. Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, “Azərbaycanda Rusiya kinosu günləri” keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Rus Mədəniyyət Mərkəzi, Bank VTB (Azərbaycan), “Savalan – ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Moda Evi tərəfindən dəstəklənib.

Qeyd edək ki, kino günlərinin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir.

Filmlər Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş etdiriləcək.

Aprelin 5-də 18.30-da “Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi Nizami Kino Mərkəzində baş tutacaq. Həmin gün “On bir susqun kişi” filmi nümayiş etdiriləcək. Filmin rejissoru Aleksey Pimanovdur. Bu film teatr və kino aktyoru Pavel Kraynov tərəfindən təqdim ediləcək.

Aprelin 6-da 16.00-da “Suvorov: Böyük səyahət” filmi nümayiş etdiriləcək. Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq filmin rejissoru Boris Çertkovdur. Filmi Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək.

Eyni gündə saat 19.00-da rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək.

Aprelin 8-də 17.00-da “1941. Berlin üzərində qanadlar” filminin nümayiş ilə tədbir başa çatacaq. Bu filmin rejissoru Konstantin Buslovdur. Film teatr və kino aktyoru, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko tərəfindən təqdim ediləcək.

Bundan başqa, “Azərbaycanda Rusiya kinosu günləri” çərçivəsində aprelin 7-də 19.00-da Bakıda Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək.

Kino günlərində bütün tədbirlərin aparıcısı “Teatr na Taqanke”nin aktrisası Polina Neçitaylo olacaq.

Kino günləri layihəsinin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.

aki.az