“Azərbaycanfilm” kinostudiyası film layihəsi müsabiqəsi elan edib

“Azərbaycanfilm” kinostudiyası “Start-2023” adlı film layihəsi müsabiqəsi elan edib.

Qeyd edək ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilir.

Kinostudiyadan verilən məlumata görə, “Start-2023” adlı film layihəsi müsabiqəsinə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunur. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti yoxdur. Sənədlərin qəbulu noyabrın 1-dən yanvarın 31-dək elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Müsabiqənin qaliblərini kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək və onların adları 2023-cü il aprelin əvvəlində elan olunacaq. Bundan başqa, qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

Müsabiqənin reqlamenti ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://azerbaijanfilm.az/news/start-2023-film-lahiyesi-musabiqesinin-reqlamenti

aki.az