“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə yeni təyinat

“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə yeni təyinat həyata keçirilib. Kinorejissor Fariz Əhmədov kinostudiyanın direktoru təyin edilib. Bu barədə Lent.az məlumat yayıb.

Yeri gəlmişkən, rejissor Cəmil Quliyev öz ərizəsi ilə kinostudiyanın direktoru vəzigəsindən azad edildikdən sonra həmin vəzifənin icrası müvəqqəti olaraq “Səlnamə” Film Studiyasının direktoru Nazim Hüseynova həvalə edilmişdi.

Qeyd edək ki, yeni direktor Fariz Əhmədov ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001-2005), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində (2007), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin(2010-1012) magistr pilləsində təhsil alıb.

Professional Kinorejissorlar Gildiyasında koordinator (2003-2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003-2005) kimi çalışıb, 2012-ci ildə “Azanfilm” animasiya filmləri studiyasının direktoru təyin edilib. “Qocalar”(2008), “Bir addım”(2009), “Mayak”(2012) filmlərinin quruluşçu rejissorudur. Quruluş verdiyi “Əriyən ada” sənədli  filmi 2015-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

aki.az