“Azərbaycanfilm”də kadr dəyişikliyi

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov tutduğu vəzifədən ayrılıb. Bu barədə Fariz Əhmədov facebook səhifəsində məlumat verib.

F.Əhmədov bildirib ki, 1 mart 2022-ci il tarixindən etibarən “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrılıb: “Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq”.

Bu müddətdə ona etimad və dəstək göstərənlərə, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənova xüsusi minnətdarlığını bildirən rejissor onu da əlavə edib ki,  “Azərbaycanfilm” kinostudiyası olaraq müxtəlif qurumlarla əməkdaşlıq etdik: “Bu qurumlardan İctimai Televiziya və Radio Yayımları Şirkətini və Bakı Media Mərkəzini xüsusi qeyd etmək istəyirəm. Yeni audiovizual layihələrin ərsəyə gəlməsində bizə dəstək göstərdikləri, yanımızda olduqları üçün Balaş Qasımov və Orman Əliyevə təşəkkür edirəm”.

Audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətini davam etdirəcəyini, yeni layihələrdə yenə də birlikdə olacaqlarını, Azərbaycan kinosuna xidmət etməyə davam edəcəyini xüsusilə qeyd edən F.Əhmədov, “Azərbaycanfilm” kinostudiyasının doğma kollektivinə və yeni rəhbərliyinə də  uğurlar arzu edib.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Salnaməfilm” studiyasının direktoru Nazim Hüseynov “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin ediləcək.

Aki.az

 

 

 

 

 

.