Azərbaycanlı kinoşünas beynəlxalq tədbirdə

Azərbaycanlı kinoşünas, kinotənqidçi Hacı Səfərov GoCritic! proqramında iştirak edəcək. H.Səfərov kinoyazar.az analitik saytının təsisçilərindən biri və FilmAç kino kanalının müəllifidir.

H.Səfərov Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə sözügedən proqrama qoşulub.

GoCritic! Avropanın kinematoqrafiya haqqında ən böyük mətbu orqanlarından olan Cineuropa tərəfindən təşkil olunan proqramdır. Proqramın əsas məqsədi Avropanın müxtəlif bölgələrindən gənc kinotənqidçiləri cəlb etmək və təcrübəli mentorlar vasitəsilə onların bacarıqlarını inkişaf etdirməkdir. 2-7 may tarixləri arasında Çexiyanın Liberec şəhərində keçiriləcək Anifilm Festivalı daxilində proqramın növbəti mərhələsi baş tutacaq. Bu mərhələdə mentor kimi Berlinale Talents-in seçim komissiyasının üzvü, kinotənqidçi Dana Linssen iştirak edəcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, kinoşünas və kinotənqidçilərimizin beynəlxalq tədbirlərdə iştirakı kinomuzun dünya kinosuna inteqrasiyası üçün vacib məqamlardan biridir. Paralel olaraq ittifaqın resurslarında Azərbaycan kinosu haqda ingilisdilli kontenti də artırmaq nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoşünaslara ünvanlanmış kinoyazar.az saytının ingilis dilində versiyası da istifadəyə veriləcək.

aki.az