Bakı kinoteatrları nə vaxt açılır?

AR Nazirlər kabinetinin qərarı ilə kino istehsalı şirkətləri və kinoteatrlar pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə daxil edilib. Hökümət  iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə bu siyahıya daxil olan şirkətlərin əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödəyir. Bu tədbir istehsal şirkətlərinə və kinoteatrlara  ciddi dəstəkdir. Pandemiyadan əvvəl kinoteatrların fəaliyyəti sayəsində Azərbaycan filmlərinin gəlir gətirməsi artıq əlçatmaz arzu deyildi.  Bununla yanaşı, kinoteatrların pandemiyadan sonra tamaşaçıları zallara qaytarmaq problem ilə üz-üzə qalacaqları şübhəsizdir. Bunun üçün nə qədər vaxt lazım olacaq, kinoteatrların fəaliyyətinin bərpası nə zaman mümkün ola biləcək? Tamaşaçıların film seyretmə şəraitində, repertuar seçimində hansı dəyişikliklər  olacaq kimi sualları paytaxtın aparıcı kinoteatrlarının rəsmi nümayəndələrinə ünvanladıq.

“ParkCinema” kinoteatrlar şəbəkəsinin PR-meneceri Rüstəm Fətəliyev: “Açığını deyim ki, bizim üçün kinoteatrların bağlanması qərarı gözlənilməz oldu. Mövcud situasiyada nə qədər qəribə səslənsə də bu belədir. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti, kütlənin toplaşdığı məkanların açılması qərarını gözləyirik. Təbii ki, fəaliyyətimizə icazə veriləndən sonra bəzi məhdudiyyətlər olacaq. Başqa sözlə, bütün dünyada və eləcə də bizim ölkədə pandemiya ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı davranış qaydaları bizim kinoteatrda da qüvvədə olacaq. Bu yöndə digər ölkələrin təcrübəsinə istinad edəcəyik. Kinoteatrların tam dolmasını gözləmək təbii ki, hələ tezdi, çünki vəziyyət böhran həddindən hələ çıxmayıb. Tamaşaçıların kino zalına buraxılması maska və əlcək geyilməsi, hərarətin ölçülməsi, sosial məsafənin gözlənməsi tələbləri ilə müşayiət olunacaq. Əlbəttə, yeni dünyanın yeni qaydaları həyatımızın bütün tərəflərinə təsir edəcək. Kino sahəsi də istisna deyil. Bir çox dünya premyeralarının vaxtı dəyişib – ilin ortalarına və ya axırına, hətta gələn ilə keçirilənləri var. Bütün bunlar hər bir kinoteatrın repertuarına təsir edəcək. Bizim repertuar təbii ki boş olmayacaq, amma bəzi dəyişikliklər mütləqdir. Hazırda heç bir ölkədə film istehsalı davam etmir. Belə vəziyyət sözsüz ki, kino sənayesinin ümumi sürətini ləngidəcək. İnsanların əksəriyyəti özünü digər insanların əhatəsində daha komfortlu hiss edir. Kinoteatrlar bu imkanı yaradan məkanlardan biridir. Və bizim son aylarda yaşadığımız dəyişikliklər mütləq kinoda öz əksini tapacaq. Biz indi böyük bir tarixi hadisənin şahidiyik. Mən əminəm ki, kinomanlar kinoteatrlara qayıdacaqlar. Şübhə etmirəm ki, onlar kinoteatr zalında film seyri üçün darıxıblar. Biz də onlar üçün darıxmışıq. Sadəcə anlamalıyıq ki, bu bütün dünyanın problemidi, bizdən asılı olan yalnız təmizkarlıq, özümüzün və digər insanların səhhətinə diqqətli olmaq qaydalarına əməl etməkdir. Bu qaydalara əməl etməklə normal yaşam tərzinə qayıtmağımız daha tez baş verər.Öz növbəmizdə arzu edək ki, müvəqqəti fasilədən sonra ritmini bərpa edəndə kino sahəsinin kinomanlara təklif etdiyi ekran əsərlərinin bədii təsir qüvvəsi kinomanların emosional durumunu və deməli immunitetini möhkəmləndirməyə xidmət etsin. Bu isə həm də zövqlərin cilalanmasına xidmət etməkdir”.

“CinemaPlyus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova: “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla 14 mart 2020-ci ildə öz fəaliyyətini müvəqqəti dayandırıb. Fəaliyyətə yenidən başlamağımız da məhz Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır. Karantin bitəndən sonra hər bir zalımızda maksimal dərəcədə dizinfeksiya işləri görüləcək. Tamaşaçıların səhhətini qorumaq və virusa yoluxmaq təhlükəsini minimuma salmaq üçün dünyada görülən bütün lazımi tədbirlər “CinemaPlus” kinoteatrlar şəbəkəsində də görüləcək. Krizis bitdikdən sonra paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində – Dəniz Mall ticarət mərkəzində ölkənin və Qafqazın ən böyük kinoteatrı “CinemaPlus” ən son 4DX texnologiyası ilə açılacaqdır”.

“Nizami” Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva: “Təəssuf ki dünyanın əksər ölkələrində kinoteatrların açılma tarixi haqqında hələ ki məlumat yoxdu. Hal hazırda bu haqda müəyyən proqnoz vermək çox çətindi. Pandemiyanın təhlukəsi azalan zaman Operativ Qərargah tərəfindən müvafiq qərar veriləcək. Karantindən sonra müəyyən müddət ərzində kütləvi təbdirlərin ve festivalların keçirilməsi dayandırılacaq. Kinoteatrın fəaliyyəti Operativ Qərargahın təlimatlarına uyğun olaraq davam edəcək. Bizim üçün ən vacib məsələ tamaşaçılarımızın təhlükəsizliyidir. Təbii ki bu baximdan müəyyən yeni qaydalar olacaq. Repertuarda da deyişiklər mövcutdur. Əksər filmlərin təqdimat tarixləri dəyişdirilib. Ümüd edirik ki yaxin zamanda tamaşaçılara bu haqda daha ətrafli məlumat verə biləcəyik”.

Samirə Məmmədli