Berqmanla ikinci görüş

Noyabrın 8-də  “Azərbaycan CinemaPlus”da  “Berqmanla üzbəüz” kino layihəsi çərçivəsində, dahi İsveç rejissoru İnqmar Berqmanın növbəti, “Yeddinci möhür” bədii filmi nümayiş olunub.

Tədbiri giriş sözüylə açan moderator, kinoşünas Sevda Sultanova bildirdi ki, “Yeddinci möhür” Berqman yaradıcılığında dönüş nöqtəsi sayılır: “Bu filmində də Berqman ənənəvi mövzularına müraciət edir: Tanrı, İblis varmı, insan həyatının mənası nədədir. Demək olar ki, Berqman bütün filmlərinin ssenarisini özü yazıb. “Yeddinci möhür”ü ilk olaraq o, tələbələri, onların aktyorluq potensialını üzə çıxarmaq məqsədilə pyes-məşq kimi yazır. Son nəticədə bu, sseanariyə çevrilir. Əlbəttə ki, film yenə də rejissorun uşaqlıq xatirələrinə əsaslanır.  Onun atası kilsələrdə dini moizə oxuyanda balaca Berqman bəzən onu müşayiət edirmiş və kilsələrdə gördüyü freskalar, təsvirlər onun uşaqlıq yaddaşında dərin iz buraxır. Və bu, filmin yaranmasında öz təsirini göstərib. Xüsusən də, kilsədə gördüyü, orta əsr İsveç rəssamı Albertus Piktorun “Şahmat oynayan ölüm” əsəri onda dərin təəssürat yaradıb”.

Filmin nümayişindən sonra çıxış edən, Azərbaycan Kinematoqrafçılar  İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov qeyd etdi ki, Berqman Avropa mədəniyyətinin parlaq nümayəndəsi olaraq bu filmi çəkəndə ümümavropa tendensiyaların fövqündə durmağı bacardı və İsveç mədəniyyətinə söykənən bir film çəkdi, öz xalqının keçmişinə üz tutdu və dünyanı narahat edən problemləri qaldırdı: “Bu yol Azərbaycan kinosu üçün də aktualdı. Biz də öz keçmişimizə, öz mədəniyyətimizə, öz folklorumuza müraciət edərək dünyaya maraq doğuracaq filmlər çəkməliyik”.

Yazıçı, Berqman yaradıcılığının bilicisi Alpay Azər bildirib ki, Berqman haqqında “Bitməyən berqmanomaniya” adlı hekayəsi var: “İstəyənlər onu oxuyub fikirlərimlə tanış ola bilər. Mənə görə, Berqman Dostoyevskinin kinematoqrafik həllidir. Bu filmdə kompakt və yığcam şəkildə Dmitriy Karamazov və Aleksey Karamazovun, allahaxtarıcılığı mövzusunda dialoqlarının təsiri hiss olunur.

Azərbycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd etdi ki, filmi çəkərkən Berqman komfortlu bir cəmiyyətdə yaşayırdı amma hisslərini ifadə etmək üçün, səlib yürüşləri sonrası, əcinə ovu zamanının dəhşətli mənzərələrini seçdi: “Çünki onun allahaxtarıcılığı, iman krizisi nəticəsində ruhi olaraq özünü belə bir dəhşətdə hiss edirdi. Rejissorun fikrinə görə, bu filmin ana qayəsi sənət və ibadət dilemmasıdır və bu dilemma Berqmanın şəxsi dilemmasıdır, həll edə bilmədiyi bir dilemma”…

ADMİU-nun kinoşünas tələbəsi Məryəm Qurbanova dedi ki, Berqman ölüm obrazını kinoya gətirən ilk rejissor deyil. Ona kimi bu obrazı Fritç Lang “Ölümün yoğrunluğu” filmində də gətirib.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveç Krallığının Bakıdakı səfirliyinin əməkdaşlığı çərçivəsində təqdim olunan filmin nümayişi anşlaqla keçib.

İsveç  kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərini əhatə edən kino günlərində rejissorun 4 filminin nümayişi nəzərdə tutulub.

Xatırladaq ki, noyabrın 15-də növbəti nümayiş baş tutacaq. Bu dəfə dahi rejissorun “Persona” filmi nümayiş olunacaq.

aki.az