Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə Kino Günləri” layihəsi 19-21 iyun tarixlərində Biləsuvar rayonunun qonağı olub. Heydər Əliyev Mərkəzinin kinoklubunda, Biləsuvar rayon Mərkəzi Kitabxanasının oxu zalında, həmçinin kəndlərdə keçirilən nümayişlərdə tamaşaçılara Qulu Əsgərovun uzunmetrajlı “Mən burdayam, ilahi!” və qısametrajlı “Hasar” bədii filmləri, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor”, E.Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı, E.Bayramovun “Nəfəs”, R.Ağazadənin “Balaca”, O.Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii, P.Həsənovun “Uşaqlıq fotosu”, Leyla Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri təqdim olunub. Nümayişlərdən sonra ənənəvi olaraq tamaşaçılar, baxdıqları filmlərlə bağlı fikirlərini bölüşüblər. İyunun 19 və 20-də Heydər Əliyev Mərkəzində “Aktyor” və “Eviniz abad” filmlərinin nümayişində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib. Tədbirdən əvvəl çıxış edən F.Qürbətov Biləsuvar İcra Hakimiyyəti olaraq hər həftənin dördüncü günləri özlərinin də film nümayişləri təşkil etdiyini, bu cür tədbirlərin insanların mədəni istirahətinin təminində, o cümlədən, dünyagörüşlərinin genişlənməsində böyük rol oynadığını bildirib və belə əhəmiyyətli təşəbbüs irəli sürüb həyata keçirdiklərinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına və şəxsən ittifaqın sədri, Xalq artisti Rasim Balayevə təşəkkürlərini çatdırıb. O, xatirə olaraq AKİ-yə, üzərində “Biləsuvar” yazılmış kiçik xalça hədiyyə edib.

Tədbirdə iştirak edən Azərbaycan Jurnalistlər Birliyinin Regional sədri, yazıçı Şəfahət Həsənov da çıxışında kino günlərinin əhəmiyyətindən danışıb.
Kino nümayişlərinin son günü Biləsuvar rayonunun Təzəkənd kəndinin Sənətkarlıq Klubu və Nərimankəndin Kənd Folklor Klubunda baş tutub. Təzəkənd sakinləri “Oturacaqlar” və “Mən burdayam, ilahi!”, Nərimankənd sakinləri isə “Tənha insanın monoloqu” və “Böyük qırmızı ev” filmlərinə baxıb müzakirə ediblər.
Üç gün davam edən “Biləsuvarda Kino Günləri”ndə “Mən burdayam, ilahi!” filmində baş rollardan birin i- Sevinc obrazını canlandıran aktrisa Günay Həsən, “Aktyor” filminin baş rol ifaçısı Səmimi Fərhad, “Tənha insanın monoloqu” filmində ata obrazını canlandıran rejissor Mahir Dərviş və “Oturacaqlar” filminin aktyorlarından biri, Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayev də iştirak ediblər. Filmlərin müzakirələri zamanı tamaşaçıların suallarını cavablandıran aktyorlar “Bölgələrdə Kino Günləri” layihəsinin əhəmiyyətindən, yerli filmlərin təbliğatındakı rolundan bəhs ediblər.
aki.az