“Biləsuvar”ın anşlaqla keçən premyerası, Elvin Adıgözəlin yeni filminin anonsu

Oktyabrın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Elvin Adıgözəlin “Biləsuvar” filminin Azərbaycan premyerası keçirilib. Çəkilişləri Biləsuvar rayonunda baş tutan filmin nümayişinin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.

Xatırladaq ki, “Biləsuvar”un Azərbaycan premyerasından əvvəl film artıq Cənubi Kareyanın Busan, Almaniyanın  “goEast”, Fransanın Nant Film Festivallarında nümayiş olunub. Son olaraq Rusiyanın “Kinoşok” festivalında ekrana çıxan film orada “ən yaxşı ssenari” mükafatına layiq görülüb.

Kino Evində anşlaqla baş tutan premyeradan sonra filmin ssenarist və rejissoru Elvin Adıgözəl, prodüser İntiqam Hacılı, operator Oqtay Namazov və baş rol ifaçılarından Kamran Ağabalayev tamaşaçıların və Sevda Sultanovanın suallarını cavablandırıb.

Elvin Adıgözəl moderatorun “Sizin üçün Azərbaycanda müstəqil rejissor olmaq nədir?” sualını belə şərh edib: “Əslində, siz də, hamı da Azərbaycanda müstəqil kino çəkməyin necə çətin olduğunu, müstəqil kino  istehsal etməyin necə zülmlü bir proses olduğunu bilirsiniz. Dünyanın heç bir ölkəsində, hətta mən düşünürəm ki, Banqladeşdə belə, kino adamları kasıb həyat yaşamır. Bu, qanundur. Niyə? Ona görə ki, kino həm də kapitalizmin içində olan bir sənətdir. Çünki siz nə isə istehsal edirsiniz, onu satırsınız və yaxud da ki, onu insanlar izləyir, bütün hallarda kino dövlətin əsas prioriteti olur. Azərbaycanda müstəqil kino çəkmək çox çətindir. Çünki pul tapmaq üçün heç bir mənbə yoxdur. Müstəqil kino üçün Mədəniyyət Nazirliyindən başqa heç bir resurs yoxdur.  Halbuki, bir çox ölkələrdə müstəqil kino çəkmək üçün fondlar, müəyyən mənbələr olur. Ona görə Azərbaycanda müstəqil kino çəkmək üçün yalnız və yalnız ürəyi, qəlbi, sevgisi kino ilə olan insanlarla nə isə etmək olur. Necə ki, bu filmdə İntiqam müəllim, Oqtay, Kamran, İradə xanım Bağırzadə (Filmin prodüserləri İntiqam Hacılı, İradə Bağırzadə, operator Oqtay Namazov, aktyor Kamran Ağabalayev nəzərdə tutulur-İ.A.L.)  bunu ediblər”.

Azərbaycanda müstəqil kino çəkməyin böyük bir mübarizə olduğunu deyən rejissor heç də hər kəsin onunla eyni yolda getməli olduğunu düşünmür: “Müstəqil kino adamı olmaq o deməkdir ki, sən müəyyən bir yol götürürsən, bu yol üçün müəyyən maneələrdən keçirsən və nəticədə film istehsal edirsən. Film pis -yaxşı ortaya çıxır və insanlar izləyirlər. Belə anlaşılmasın ki, müstəqil film festival filmidir. Əsas məsələ festival deyil. Əsas məsələ odur ki, ortaya çıxan məhsul, istehsal olunan sənət nəticədə insanlara təqdim olunur. Bəlkə də insanlar bilmirlər film necə, hansı çətinliklərlə çəkilib. Biz çox vaxt bunları tamaşaçıya demirik. Yalnız bir şeyi deyirik ki, müstəqil kino çəkmək böyük bir mübarizədir. Amma düşünmürəm ki, Azərbaycanda kino adamları mənim yolumu getməlidirlər. Bu, mənim yolumdur. Azərbaycandakı kino adamları, sənətçilər əlbəttə ki, kino çəkmək üçün pul tapmalıdırlar. Və Azərbaycanda kino adamı, həmçinin də müstəqil kino adamı kasıb olmamalıdır”.

Maraqlıdır, filmin çəkilişləri zamanı çəkiliş heyəti Biləsuvarda hər hansı bir maneələrə rast gəlib?

Prodüser İntiqam Hacılı film üçün seçilən məkanlarla bağlı icazə almağın üsullarını belə şərh edib: “Azərbaycanda film çəkmək, prodüserlik etmək, əyaləti tanımaq, məkanları, aktyorları əldə etmək bir müddət Azərbaycandan imtina edib, Avropaya getmək yox, bir sənət adamı kimi bu əyalətdə qalmaq, insanları tanımaq, onlarla əlaqə qurmaq, onlarla belə deyək də, dostluq münasibətinə qədər gəlməkdir. Hətta mən 2013-cü ildə ATV kanalında  rejissor və prodüser kimi “Qız yükü” adlı serial çəkmişdim. Yəni, bu, başlanğıc idi. Bəli, sən ölkəndən qopmursan, serialla, sənədli televiziya filmləri ilə ölkəndən yapışırsan. Sənin əhatən genişlənir və Azərbaycansayağı desək, sənin üçün yol açılır. Səni tanıyırlar ki, bəli, sən serial prodüserisən və artıq sən orada hanısısa icra başçısının yanına, hansısa Mədəniyyət idarəsinə getdikdə “İntiqam Hacılı gəlir, bu, bir dəfə bizim rayonda serial çəkib, bizim rayonun uşağıdır, bizim fəxrimizdir buyursun” münasibəti görürsən. Amma sən öz işini görürsən. Peşəkar kinematoqrafiya sahəsində çalışırsan”.

Prodüser çıxışında deyib ki, onun üçün Elvin Adıgözəllə işləmək çox rahatdır: “Doğrusu, prodüserin “hansı rejissorla işləmək” kimi bir məsələsi də var. Yəni, “Nəyə görə öz vaxtını, gününü ona sərf etmək?” məsələsi. Bir gün mən Lerikdə dincəlirdim, Elvin zəng vurdu və dedi ki, mən artıq bir mövzu tapmışam, Biləsuvarda çəkməliyik. Mən də razılaşdım. Ola bilər məni qınayanlar olub ki, “Elvinlə necə işləyirsən?” amma mənim işləyəcəyim rejissor Elvindir. Belə deyək də, mən bu filmdə Biləsuvarı ortaya qoymuşam və bilmişəm ki, Elvin bunu ortaya qoya biləcək. Filmin sonrakı festival həyatı da bunu təsdiqlədi. Bir prodüser kimi mən çox sevinirəm. Bu film mənim ən böyük uğurlarımdan biridir”.

Filmin operatorluğunu üzərinə götürən rejissor-operator Oqtay Namazovun sözlərinə görə, “Biləsuvar” onun üçün daha çox sənədli filmdir: “Kamerada olan hər hansı bir yumşaq keçidlər, titrəmələri yığışdırmaq, bunların hamısını bir kənara qoyub, filmə sənədli film kimi yaxınlaşmaq istədim. Təklif etdim ki, hekayəni bu dillə danışmağa çalışaq. Ümumiyyətlə, filmin ssenarisi də, montajı da qeyri-ənənəvi üslubdadır. Kamera da bədii film estetikasından kənar çəkilib. Dedik ki, sanki Biləsuvar deyilən məkana kimsə dəvət olunub və kamera da gözə görünməz bir ruh kimi oradakı insanların həyatını izləyir. Əlbəttə ki, belə olan halda, komanda professional çəkiliş meydançasında olduğu kimi ola bilməzdi.Birincisi, maddi səbəblərdən, ikincisi isə filmin kamera dilini sənədli dil kimi işləməyə razılaşmışdıq. Filmdə minimum insanla işləmişik”.

Moderatorun “Elvin kimi diktator bir rejissorla işləmək necə idi? Sizə işləməyə imkan verirdi?” sualını operator belə cavablandırıb: “Düzünü desəm, işləməyə imkan verirdi. Amma yola getmədiyimiz vaxtlar da oldu. Bir dəfə kameranı qoydum, dedim ki, vəssalam, mən gedirəm və getdim. Sonradan İntiqam zəng vurdu və geri qayıtdım. Yenidən Elvinlə işləyərəmmi, işlərinə görə bəli, işləyərəm məncə”.

Filmin baş rol ifaçılarından Kamran Ağabalayev Elvin Adıgözəlin aktyorlarla iş prinsipindən danışarkən, birlikdə işlədikəri növbəti filmin anonsunu da verib: “Növbəti bir filmimiz var. Orda bir səhnənin çəkilməsi üçün Elvinlə axşam saat 8-də çəkilişə başladıq, səhər saat 9-da bitirdik. Sadəcə bir səhnəni o qədər vaxta çəkdik. Amma əlbəttə ki, mən bir şeyi qeyd etməliyəm ki, Elvin mənim Avropa kinosuna ayaq basmağıma imkan yaratdı. Mənim üçün Elvinlə işləmək çox rahatdır. Çünki biri var sən nə çəkdiyini bilməyən  rejissorla işləyirsən. Məsələn, deyir, elə çəkək, belə çəkək, montajda rahat olsun. Belə rejissorlara da rast gəlmişik. Amma Elvin istədiyini rahat izah edə bilir. Biz bu filmə çəkilməzdən əvvəl 2 ay bu xarakteri  müzakirə etmişik”.

Sevda Sultanovanın “Filmlərinizdən maddi qazanc götürməsəniz də, çəkməyə davam edirsiniz. Qazancınızın olmaması sizi narahat edirmi?”  sualına cavab verərkən rejissor Elvin Adıgözəl gələcəkdə nələrin isə dəyişəcəyinə ümid bəslədiyini dilə gətirib: “Çox sevdiyim bir türk filmi var- “Kırık bir aşk hikayesi”, Ömer Kavurun filmidir. Orda bir nəfər o birinə deyir ki, “Bunun axırı yoxdur, biz öz həyatımızı dəyişdirə bilmirik”. Qarşısındakı isə  ona cavab verir ki, “İnsan öz həyatını dəyişdirə bilməsə belə, başqa bir həyatın olduğuna inanmalıdır”. Biz də hələ ki, nəyi isə dəyişdirə bilməsək də, nəyə isə inanırıq və ümid edirik ki, belə bir gözəl həyat var və biz sinemanın yolunu gedirik. Təbii ki, pul qazanmamaq məni narahat edir. Həm də sinema artıq beynəlxalq səviyyədədir, yəni, dünya fondları ilə əlaqəli formadadır. Sadəcə dünya sinema fondlarına çıxıb, “Mən artıq sənətçiyəm, mənə pul verin” demək asan olmur. Bəzən Azərbaycanda belə bir fikir formalaşır ki, bəs necə oldu ki, filankəs Kanna, Berlinə, Venesiyaya getdi? Bilirsiniz, bu fərdi uğurlar məsələsi bir az mübahisəlidir. Məsələn, kimi isə hansısa rejissoru bəyənir, hansısa festivala düşməsinə kömək edir. Bu, o demək deyil ki, hamı eyni olmalıdır. Hamının bəxti gətirə bilməz axı. Amma biz də inanırıq ki, məsələn, onlar o yolu gedirlər, biz də bu yolu gedirik ki, bəlkə necə isə dünya sinema fondlarından pul tapa bilək- demirəm büdcəni qaldıraq, söhbət bundan getmir,  amma ən azından  həm yaşayışımızı təmin edə bilək, həm də ortaya sinematik büdcə olaraq daha keyfiyyətli iş çıxaraq”.

Tamaşaçılar arasında olan aktrisa Vüsalə Ağayeva rejissorun aktyorla iş metodunun təqdirəlayiq olduğunu vurğulayıb: “Mənim Elvinlə çox qısa iş təcrübəm olub.Aktyorla işləyə biləcək rejissorlarımız məncə, barmaqla sayılacaq qədərdir. Elvin o rejissorlardandır. O, aktyordan istədiyini almayınca, əl çəkmir və bu, yaxşı bir keyfiyyətdir. Məncə, bu, nümunə götürüləsi keyfiyyətdir. Qaldi ki, bu filmə, “Biləsuvar”ı bu qədər minimal imkanlarla çəkdiklərinə görə yaradıcı heyəti xüsusi ilə alqışlayıram. Biz bütün filmboyu o atmosferə düşdük. Mənim üçün maraqlı olan ana xətt o idi ki, sanki dünyadan təcrid olunmuş Biləsuvar adlı bir rayon var. Mərkəzdən-Bakıdan gələn Kamran ora yeni nəfəs gətirmək istəyir, amma bacarmır. Onun özü də əriyir Biləsuvarda”.

Kino tənqidçisi Sədaqət Kamal filmlə bağlı danışarkən deyib ki, tamaşaçını filmdən ayrılmağa qoymayan həm də ssenarinin uğurlu olması idi: “Kadrlara baxanda, sonunun nə olacağını bilmirdin. Bu oyunun sonunun  hara gedəcəyini  təxmin edə bilmirdin. Biz kinoya baxırıq, kinoda isə hərəkət olmalıdır. Filmdə tamaşaçı o hərəkəti görməsə də, sujetin nə ilə bitəcəyini bilməsə də, siz istər-istəməz tamaşaçını ekranda saxlamağı bacarırdınız. Bu, məncə, ssenaristin də, operatorun uğuru idi. Mən söyüşlərə də diqqət çəkmək istəyirəm. Filmdə əməlli-başlı söyüşlər var idi. Amma o söyüşlər hiss olunmadı. Mən hətta o palçığın içində həmin söyüşlərini iyini də hiss etdim”.

Rejissor Elvin Adıgözəl filmdəki atmosferi saxlaya bilmək üçün uzun müddət fransız kino tənqidçisi və rejissoru Nikolas Azalbert və argentinalı rejissor Santiago Loza ilə müzakirələr  apardıqlarını da açıqlayıb: “Məsələn, mənə tamaşaçılar çox deyiblər ki, “Biz atmosferdə qaldıq”. Doğrudan, bu atmosferdə qalmaq məsələsi çox çətin məsələdir. Çünki bəzən fikirləşirlər ki, məsələn, 5 dəqiqə uzun kadr saxlasam, insanlar atmosferdə qalacaq. Bu üsul tuta da bilər, tutmaya da bilər. Amma biz necə edirdik? Biz filmə əvvəl özümüz baxırdıq, sonra ayrı-ayrı adamlara göndərirdik və soruşurduq ki, siz bu atmosferdə qalırsınız yoxsa, yox? Ona görə də biz də il yarım kəs-doğra, kəs-doğra, bitişdir-belə bir proses getdi. Və bu gün  mənə xoşdur ki, filmdə bəzi kadrlar uzun, bəzi kadrlar isə qısa olmaqla atmosfer formalaşıb. Yəni, atmosfer yalnız uzun və ya yalnız qısa kadrlarla formalaşmır. Bunun bir üsulu var və güman ki, bunun yolu  filmi fərqli adamlara göstərmək və dünya ilə əlaqə qurmaqdır”.

Tamaşaçılar arasında filmin saat yarım olmasını qısa hesab edənlər də olub. Tədbir filmin müzakirəsi ilə davam edib.

İzolda Ağayeva Lalə