BIR CƏNUB ŞƏHƏRİNİN OĞLU
Müsahibələrindən birində Rüstəm İbrahimbəyov deyib: “Uşaqlıqdan dostluq etdiklərimlə 40-50 ildir ki, dost olaraq qalıram. Onlarla əlaqəni kəsmək həyatımın əksər hissəsini kəsib tullamaq kimi bir şey olardı”.
On il öncə “islahatçılar” tərəfindən Rüstəm İbrahimbəyova qarşı “mübarizə” üçün məlum sovetə bənzər iclasda mən də iştirak edirdim. Təbii ki, söhbətin nədən gedəcəyindən xüsusi xəbərim yox idi. Ucdantutma hamını zala yığmışdılar. Səhnədəki tribuna isə daha qorxunc idi. Konkret 1937-ci ilin tribunası idi. Hətta, zarafatla yanımdakılara dedim ki, nəsə ürəkaçan iclasa oxşamır. Oxşamadı da. İlk olaraq bu rəzil iclas barədə Rasim Balayevə və Əli İsa Cabbarova SMS yazdım. İclası tərk edib kinostudiyaya qayıdıb Rüstəm müəllimə dəstək məktubu ünvanladım. Məktubumun son cümləsi belə bitirdi. “Hörmətli Rüstəm müəllim. Yadda saxlayın ki, sizi dəstəkləməyə şərəfimiz və fiziki gücümüz çatacaq. Əsas Siz var olun”
Səhəri gün Aydın Dadaşov “Salnamə”-yə gəldi. Qapını açıb özünəməxsus duruşu ilə məni sezdi. Yazdığım məktub barədə təsirli sözlər dedi və hətta gözləri doldu. Az sonra Ramiz Abutalıbov zəng vurdu və Rüstəm müəllimə qarşı bu iyrənc siyasəti pislədi və məni “Araz” kafeyə dəvət etdi. Ramiz müəllim çox məyus idi. Bir saata yaxın Rüstəm müəllim haqqında söylədikləri sadəcə bir ömür idi.
Yazımı Ramiz Abutalıbovun onun haqqında dedikləri ilə davam edirəm…
“Rüstəmlə tanışlığımın 50 ili tamam olur. Bu dostluq mənim üçün olduqca qiymətlidir. 1988-1989-cu illər ərzində Rüstəm İbrahimbəyov Azərbaycanı xaricdə tanıtmaq üçün təkbaşına Azərbaycan SSR Mərkəzi Komitəsi, bütün yaradıcılıq birlikləri və mətbuatın üstüstə bir yerdə gördükləri işlərdən çox iş görmüşdü. Bu barədə o, danışmağı xoşlamayıb. Rüstəmin mətbuat konfransında yalnız Fransada böyük nüfuz və güc sahibi olan ermənilərlə qiyabi qarşudurmaya ötəri toxunur. Amma mən əhvalatın canlı şahidi kimi deyə bilərəm ki, bu, möhtəşəm bir döyüş idi. Təsəvvür et, Tahir, 1990-cı ilin əvvəlləridir və Azərbaycanın gerçəklərinin dünyaya çıxışı üçün bütün qapılar bağlanıb. Avropanın az qala bütün televiziya kanalları, həmçinin qəzet-jurnallar səs-səsə verib erməni azadlıq hərəkatından, Dağlıq Qarabağ ermənilərinin ağır vəziyyətindən bəhs edirlər. Amma bunun qarşılığında Azərbaycan KP MK-nın həmişə güclü-qüvvətli görünən təbliğat maşını nədənsə susur, yalnız “Kommunist” və “Bakinski raboçi” qəzetləri bu mövzuya həsr olunmuş tək-tük yazılar dərc edirlər. Əlbəttə, “Azadlıq” və “Molodyoj Azerbaydjana” bu mənada istisna təşkil edirdi.
O günlərdə Fransa televiziyasının nüfuzlu beşinci kanalının siyasi icmalçısı Kristian Malar Parisdə UNESCO katibliyinin şöbə müdiri kimi mənə canlı efirdə çıxış etməyi təklif etmişdi. Vəziyyət bir qədər çətin idi. Belə ki, bir tərəfdən BMT işçisi statusu mənə belə məsələlərdən danışmağı qadağan edirsə, digər tərəfdən də bu cür fürsəti itirmək olmazdı. Elə bu məqamda telefon zəngi: “Ramiz, salam, Rüstəmdir, indicə Moskvadan gəlmişəm. Nə vaxt görüşə bilərik?”. Sevincim yerə göyə sığmadı: “Elə bu dəqiqə!” qışqırıram və dərhal da televiziyadan gələn təklif barədə ona məlumat verirəm. Fikirləşmədən belə dərhal deyir ki, çıxışa hazırdır. Saat 12.30-da Rüstəm, Parisdə azərbaycanlıların ağsaqqalı Qadir Süleymanoğlu və mən studiyadayıq. Və_düz saat 13-də Fransa və onunla bahəm bütün fransızdilli ölkələrin üst-üstə 170 milyon tamaşaçısı İbrahimbəyovla Daşnaksütun Partiyasının, mətbuat attaşesi Papazyanın intellektual döyüşünün şahidi oldu. Bu döyüşdə Rüstəmin çox böyük, kəskin üstünlüyü elə ilk kəlmələrdən etibarən özünü göstərdi.
Erməni diasporu təlaş içində idi. Kristian Malar mənə zəng vurub bildirdi ki, Şarl Aznavur canlı efirdə cənab İbrahimbəyovla görüşmək istəyir. Rüstəm dərhal bu görüşə də hazır olduğunu dedi. Bir saatdan sonra Kristianın daha bir zəngi: “Şarl Aznavur Isveçrədədir, cənab İbrahimbəyov_bir qədər gözləyə bilər mi?”. Rüstəm dedi ki, ezamiyyətinin bitməsinə cəmi iki gün qalır, odur ki, Aznavur görüşmək istəyirsə bu gün, ya sabah gəlib çıxsın. Şarl Aznavur o görüşə gəlmədi. Qalan iki gün ərzində Rüstəm Parisin iki sanballı qəzetinə – “Liberation” və “Le Croix” da geniş müsahibələr verərək Ermənistanda dədə-baba torpaqlarından didərgin salınmış azərbaycanlıların başına gətirilənlərdən danışdı: “Onlar qarlı dağ yolları ilə piyada gəliblər, bir çoxu Azərbaycana sağ-salamat gəlib çıxa bilməyib…” Rüstəm həmçinin Sumqayıt hadisələrindən, onların əsl səbəblərindən danışdı, Qafandan gəlmiş ilk 4 min azərbaycanlı qaçqından ətraflı bəhs etdi.
Fransa mətbuatının təpgisi: “Dramaturq millət vəkili Rüstəm İbrahimbəyova ehtiramımızı bildirir və “Bakinski raboçi” qəzetinin 1988-ci il nömrələrində nədənsə tapa bilmədiyimiz Qafan qaçqınları haqqında məlumatına görə, ona təşəkkürümüzü izhar edirik”.
Həmin verilişdən sonra bir çox informasiya agentliklərinin müxbirləri Rüstəmə zəng edərək Bakıya gəlmələri üçün onlara kömək göstərməsini xahiş edirdilər. Amma 1990-cı ilin yanvar ayında Bakı əcnəbilər üçün qapalı idi. Buna baxmayaraq, Rüstəm məsələni həll edə bildi. Onun xahişi ilə üç fransız jurnalisti ‒ Şirin Melikoff, Reza Deqqati ve Əhməd Sel üçün Moskvaya viza düzəldə bildim və Moskvaya gələn kimi Rüstəm onlar üçün Bakı qatarına bilet aldı. Bundan sonra Rüstəmin göndərdiyi müşayiətçi qatarda bələdçi qızı dilə tutur və o, fransızları azərbaycanlılar kimi qələmə verərək gizli şəkildə Bakıya gətirib çıxarır. Vağzalda onları qızım Nigar və Rüstəmlə mənim ümumi dostum Qafur Ələsgərovun evində yerləşdirdilər.
Əməliyyatımız beləcə baş tutdu. Çəkilmiş materialının bir nüsxəsini fransızlar özləri ilə apardılar, ikinci nüsxəni isə Rüstəm rus dostlarımız vasitəsilə mənə Parisə göndərdi. Nəticədə 1990-cı il fevral ayının 2-də fransız xalqı Qanlı yanvar günlərində Bakı küçələrində baş verənləri görə bildi.
Sonradan o günləri xatırlayan Rüstəm yazırdı: “Bəli, bu, ağır nəticələr verə bilərdi. Hər an fransızları da, əməliyyatı təşkil edən bizləri də həbs edə bilərdilər. Sonrası da məlumdur. Amma doğma Azərbaycanımız naminə nəsə edə bildiyimizə görə bu günəcən fəxr duyuram”.
Oxucularımız yəqin xatırlayırlar ki, 1988‒1990-cı illərdə soydaşlarımız Moskvada gizli yollarla qəzet və jurnallar buraxır və onların səhifələrində erməni millətçiləri tərəfindən Ermənistanda yaşayan azərbaycanlıların başına gətirilən müsibətlər barədə yazılar dərc edirdilər. Bir dəfə həmin gənclərin ‒ Teymur İsmayılov və Fərhad Ağamalıyevin qəzet üçün vəsait axtardıqlarını görüb imkanım daxilində yardım göstərdim. Bu barədə Rüstəmə xəbər çatdıran kimi o, uşaqlara xeyli pul verdi. Bilirəm, belə şeylərdən danışmazlar, amma Azərbaycanın ən layiqli oğullarından biri haqqında “Onun vətəni yoxdur” kimi sözlər eşidəndə bunu xatırlatmağa məcburam.
SSRİ Ali Sovetinin sessiyalarından birində Rüstəm İbrahimbəyovun kürsüyə qalxmaq istədiyini, lakin ona danışmağa imkan vermədiklərini yaxşı xatırlayıram. Həmin nitqinin mətnini o mənə Parisdə, mənsə Nyu-Yorka, sinif yoldaşım, mərhum Yuri Şakova göndərdim. O da Rüstəmin nitqini ABŞ mətbuatında dərc etdirdi. Bu da öz növbəsində olduqca böyük əks-səda doğurdu.
Tam məsuliyyətlə deyə bilərəm ki, Rüstəm İbrahimbəyov Qərbi Avropa və ABŞ-da Azərbaycanın informasiya blokadasını yaran ilk ziyalımız olub. O, Ermənistandan didərgin salınan soydaşlarımızın müdafiəsinə qalxanlar sırasında birincilərdən olub. Moskvada yaradılan Didərgin Salınmış Azərbaycanlıların Müdafiəsi Komitəsinə dair təşəbbüs qrupunun başçısı olan Rüstəmin bu hadisə barədə bəyanatı bütün Qərbi Avropaya səs salmışdı. Moskvada, Qızıl meydanda oturaq aksiya keçirmək üçün bir qrup qaçqını ora göndərmək məqsədilə onunla ikimiz Azərbaycan KP MK-ya müraciət etmişdik. Di gəl, bu təşəbbüsümüz MK-da dəstəklənmədi.
Rüstəm İbrahimbəyovun bütün dünyada yüksək nüfuz sahibi olması şəksizdir. Əminəm ki, aradan 30-40 il keçəcək, Bakıda Rüstəm İbrahimbəyovun ev muzeyi yaradılacaq. Və günlərin bir günü körpə çağında bir müddət onunla qonşuluqda yaşamış nəvəm Ağacavad dostları ilə həmin muzeyə gəlib fəxrlə “Mən Rüstəm dayını tanımışam” deyəcək. Mənsə bu tanışlıqla çoxdan fəxr edirəm”
P.S. Rüstəm və Ramiz kimi dostlar həyatda necə yaxın oldularsa, yəqinki bir-birlərinin itkisinə də dözə bilmədilər. Cəmi bir ay ara ilə yenə də dostluq üçün o dünyaya köçdülər. Rahat uyuyun, Böyük İnsanlar. Çünki sizə çamur atanlar səhnədən bir-bir yerə çırpıldılar. Məzarlarınız nurla dolsun.
Tahir Tahiroviç