Bir daha ``Sahilsiz gecə`` haqqında...

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Milli kinomuza baxış” layihəsi çərçivəsində artıq klassikaya çevrilmiş filmlərin nümayişi ənənəyə çevrilib. Mən ən çox ona sevinirəm ki, Azərbaycan tamaşaçısı, yaşından asılı olmayaq, bu filmlərin internet resurslarında əlçatan olmasına və müxtəlif telekanallarda dəfələrlə göstərilməsinə baxmayaraq, böyük ekranda onları yenidən izləmək istəyir. Adətən milli filmlərin nümayişi zamanı zal dolu olur. Tamaşaçılar müzakirəyə qalır, qatılır, fikir bildirirlər. Hər dəfə müzakirələrdə tamaşaçıların reaksiyalarına, fikirlərinə xüsusi diqqət yetirirəm. Çünki, bu cür tədbirlər eyni zamanda, tamaşaçının necə bir film görmək istəyini göstərir. Bəs tamaşaçı nə istəyir? O öz reallığını maraqlı forma və üslubda ekranda görmək istəyir. O, ekranda həqiqi həyatla əlaqəsini itirməyən, saxtalıqdan uzaq, yeni xarakter və qəhrəmanlar görmək istəyir. Tamaşaçı ekranda səmimiyyət axtarır, düşündürən, mənəvi yaxın olan filmlərə baxmaq arzusundadır.

“Sahilsiz gecə”nin nümayişi, bu mənada kinomuzun dərin boşluq yaşadığı dönəmdə yerinə düşdü.

“Sahilsiz gecə” aktyor, rejissor Şahmar Ələkbərovun sayca ikinci (bundan əvvəl o, Gülbəniz Əzimzadə ilə birlikdə “İmtahan” filmini çəkib) filmidir. Bu ekran əsəri kinomuza yeni mövzu və xarakterlər gətirdi.  İlk dəfə bir bədii filmdə repressiya mövzusu işlənirdi və ilk dəfə bədənini maddi obyektə çevirməyə məcbur olan qadının daxili aləmi, kimliyi, bioqrafiyası ilə yaxından tanış olurduq. Və Şahmar Ələkbərov rejissor kimi o qadını mühakimə etmirdi, tamaşaçıya qəhrəmanın yaşadıqlarını analiz etməsinə, başa düşməsinə imkan yaradırdı.

“Azərbaycan” CinemaPlus-da filmin müzakirəsi də elə bu atmosferdə baş tutdu. “Sahilsiz gecə” 1989-cu ildə ekranlara çıxıb. Bu, o dövr idi ki, SSRİ-də yenidənqurma növbəti, yeni mərhələyə keçmişdi. Qarabağ konflikti, Milli Azadlıq hərəkatı başlamışdı və uzun illər qapalı arxivlər açılırdı. Xüsusilə, 1930-cu illər repressiyası ilə bağlı. Mətbuatda bu barədə müntəzəm məqalələr, araşdırmalar yayımlanır, televiziyada verilişlər hazırlanırdı. “Sahilsiz gecə” belə bir çətin, ziddiyyətli dövrdə çəkilmişdi. Bu, həm də Azərbaycan kinosunun mərkəzi fiqurlarından biri Şahmar Ələkbərovun o dövrə bir sənətkar mövqeyindən münasibəti idi.

Şahmar Ələkbərov kinomuzun ən  xarizmatik, cazibədar, istedadlı aktyorlarından biri idi. İkinci planda oynadığı rollarla belə, mütləq yadda qalırdı. Sözün əsl mənasında böyük şəxsiyyət idi, peşəkar dublyaj aktyoru idi və bənzərsiz səs tonunun, intonasiyasının imkanlarından peşəkarcasına istifadə edirdi.

Səhhətində yaranan problemlər Şahmar Ələkbərova aktyor kimi işləməyə imkan vermədiyindən, o, fəaliyyətini rejissor kimi davam etdirdi. “Qəzəlxan” filmi 1992-ci ildə vəfat edən böyük sənətkarın son işlərindən biri oldu. Amma təkcə “Sahilsiz gecə” yetərlidir ki, Şahmar Ələkbərov rejissor kimi kino tariximizdə qalsın…

“Sahilsiz gecə” yazıçı Elçinin 1977-ci ilə nəşr olunan “Toyuğun diri qalması” povesti əsasında çəkilib.

Nümayişdən sonra baş tutan müzakirədə filmin ssenari müəllifi, yazıçı Elçinin povestin filmə çevrilməsinin tarixçəsini danışdı:

“Bir dəfə Şahmar zəng elədi ki, görüşmək istəyirəm. Görüşəndə dedi ki, “Toyuğun diri qalması” povestini oxumuşam, on film çəkmək  istəyirəm. Bu mənim üçün gözlənilməz oldu. Ona görə ki, mən bu povesti kino kimi görmürdüm. O povesti mən çoxdan, gənclik illərində yazmışdım. Bu povest Moskvada 250 min tirajla çap olundu, daha sonra yenə eyni miqdarda təkrar çap olundu. Və o vaxt Ümumittifaq Lenin Komsomol mükafatına layiq görüldü. Buna baxmayaraq, onu film kimi görmürdüm. Amma Şahmarla söhbətimiz əsnasında inandım ki, bu, film ola bilər. Məni nə inandırdı? Məni Şahmarın səmimiliyi, bunu qəlbdən deməyi inandırdı və mən gördüm ki, o, bütün varlığı ilə bu filmi çəkmək istəyir. Bu filmin bu gün göstərilməyi mənim üçün xoş hadisə oldu. Yalnız ona görə yox ki, ssenarisini mən yazmışam. Əsas odur ki,  Şahmarın ruhu şad olur. Çünki, çox çətinlik çəkdi. Həm filmin çəkilişində, həm də filmdən sonra çox əsəb gərginliyi keçirdi. O da, mən də. Filmin çəkilişində əsas əzab-əziyyət ondan ibarət idi ki, Şahmar artıq bərk xəstə idi, əməliyyat olunmuşdu. Bilirdi ki, perspektiv yoxdur. Özünü yaşadırdı bu filmlə. Film Moskvanın sifarişilə çəkildi. Bu film çəkiləndə senzura tamamilə aradan götürülməmişdi. Moskva təsdiq etməliydi, kateqoriya verməliydi. Film birinci kateqoriya aldı. O zaman bu filmin qəbul olunmasında Lenin Komsomolu mükafatı alması da rol oynadı”.

“Toyuğun diri qalması” povesti ədəbiyyatımzda qadın təbiətini psixoloji tərəfdən araşdıran güclü  əsərlərimizdən biridir. Yazıçı burda təkcə Zibeydənin yox, ona nifrət edən qadınların da intim dünyasını araşdırır və fərqli, təbii qadın obrazları yaradır. Rejissor da “Sahilsiz gecə”ni milli kinomuzda çox az rast gəlinən maraqlı bir qadın dramına çevirib. Filmdə əsərin ümumi süjeti, ideya xətti müəyyən dəyişikliklərlə saxlanılıb. Povestdə Zibeydənin bədənini satması sırf yoxsulluqla bağlı idisə, filmdə repressiya dönəmi qabardılır: Zibeydənin atasının həbsi, kimsəsiz qızcığazın zorlanması, ətrafın hadisəyə susması onun həyatında yeni dönüş nöqtəsi olur. Bununla da ekran əsərində Zibeydənin (yaşlı dövrünü Oğuldurdı Məmmədquliyeva, gəncliyini Mehriban Xanlarova oynayıb) seçimi ictimai-siyasi səbəblərlə əsaslandırılır və rejissor onun faciəsinə biganə münasibət göstərən toplumu da şərik edir.

Ssenari üzərində iş prosesi haqda danışan  Elçinin sözlərinə görə, Şahmarla yaradıcı, dostluq şəraitində işləyiblər: “Ssenarini yazdım, Şahmar bəyəndi. Bəzi fikirləri də oldu. İndi onlar dəqiq yadımda deyil. O fikirlər mənim özümdə yeni fikirlər yaratdı. Zəncirvari yaradıcı əməkdaşlıq oldu. Ümumilikdə, povest filmdə qalmışdı. Yeganə istədiyim bir şey vardı, onu Şahmar da istəyirdi. Amma o getmədi. Məktub səhnəsi var. Povestdə məktubu iki dəfə oxuyur Zibeydə. Bir dəfə axırdan əvvələ qədər oxuyur, ikinci dəfə öz şərhlərilə, hisslərinin ifadəsi ilə oxuyur. Çox düşündük ki, filmdə bunu edəkmi? Etsəydik təkrar olardı.  Amma təəssüf ki, olmadı. Bir də povestdə bu final yoxdur. Finalın ideyasının başlanğıcı Şahmardan gəlmişdi…. Və mən Şahmarla söhbət əsnasında onun italyan neorealizminə bağlılığını hiss etdim: Rosseliniyə, De Sikaya, Viskontiyə və başqalarına. Mən demirəm ki, bu film onların təsirilə çəkilib. Amma onların estetikası, dünyagörüşü ilə Şahmarın daxilindəki aləmi üst-üstə düşürdü”.

“Sahilsiz gecə”ni keyfiyyətinə təsir edən həm də təsvir həlləri, təsirli ifadə vasitələri, rakurslardır. Əksər kadrlarda Zibeydənin təkliyi xüsusi vurğulanır, hətta o qələbəlikdə belə, cəmiyyətdən təcrid olunmuş, yad adam vəziyyətindədir. Finalda Zibeydə, evinə kef məclisinə gələn qonaqlarla “Pəncərənin milləri” mahnısı altında rəqs edir. Mahnı iki epizodda səslənir. İlk epizodda o, əyləncə xarakteri daşıyır. Gənc Zibeydə saçyolduya çıxan rəfiqələrinin səsinin eşidilməməsi (və ya eşitməmək) üçün bu mahnının ucalan sədaları altında coşqu ilə oynayır. Amma həmin vəziyyətin özündə belə, onun mənəvi yükü, ağrılardan xilas olmaq cəhdi duyulur. Son səhnədə isə Zibeydənin rəqsi həyata, sanki autik reaksiyasıdır. Çünki həmin səhnədə Zibeydə mahnını eşitmir, duymur, hissiz, duyğusuz oynayır.

Tədbirdə iştirak edən operator Rafiq Əliyev “Sahilsiz gecə”ni özünün ən yaxşı işi adlandırır:

“Qəzəlxan”ı da mən çəkmişəm. Amma “Sahilsiz gecə” həm tamaşaçı, həm operator kimi sevdiyim filmdir. Çox maraqlı yaradıcı iş prosesi getdi filmdə. Şahmar zövqlü, istedadlı adam idi. Opeator işindəki çox fəndləri Şahmar təklif edirdi. Çox filmlərə çəkilmişdi, təcrübəsi vardı. Təsvirə çox fikir verirdi. Gecə planlarını çəkmək üçün filmin direktorundan əlavə gün istəmişdi. İşinə məsuliyyətlə yanaşırdı”.

Filmi yaddaqalan edən həm də,  keyfiyyətli, səmimi aktyor oyunlarıdır. “Oyun əsnasında psixoloji cəhətdən hansısa çətinliyiniz oldumu? Şahmar müəllim işi necə qururdu?” suallarına Mehriban Xanlarovanın  cavabı belə oldu:

“Kaş bütün rejissorlar Şahmar müəllim kimi olardı. O bizimlə aktrisa kimi yox, dostcasına çalışırdı.  Rəssam kimi incəliklə işləyidi. Psixoloji cəhətdən çətinliyim oldu. Elə səhnələr vardı ki, oynamaq asan deyildi. Bu gün özümə baxanda, başa düşürəm ki, Şahmarı eşidib düz oynamışam. Ümumiyyətlə, aktrisa olmaq fikrimdə yox idi. “Bircəciyim” filminə də məni Moskva təsdiq etmişdi. Bu filmə gəlincə, Şahmara demişdilər ki, belə bir qız var, onu çağır. Nuriyyə Əhmədova, Kəmalə Hüseynova və mən bir dubla epizodu çəkdik. Onların vuruşduğu, mənim güldüyüm səhnəni. Moskvada təsdiq etdilər. Bu gün də deyirəm, Şahmar Ələkbərovun “çörəyini” yeyirəm. Onda tələbə idim, üçüncü kursda oxuyurdum. Şəfiqə Məmmədova mənə dedi ki, sən gözəl oynamısan. Bu, mənim üçün mühüm qiymət idi”.

İlk nümayişindən sonra “Sahilsiz gecə”nin ölkədə səs-küyə səbəb olması bəlli faktdır. Tədirdə hadisə ilə bağlı Elçin bəzi məqamlara aydınlıq gətirdi:

“Filmin çəkildiyi, göstərildiyi 1988-ci ildə ölkədə həssaslıq vardı, əsəblər tarıma çəkilmişdi. Film ilk dəfə  Mərkəzi Televiziyada göstərildi. Bir dəstə qadın bu filmlə bağlı aksiya etməyə başladılar ki, biz Həcərin, Tomrisin nəvəsiyik, bizə belə filmlər yaraşmaz. Bu cür filmlər çəkmək düz deyil. Amma filmdən görürsünüz, bu, bir insan taleyidir, insan faciəsidir. Aksiyaçıların dediyi fikirlər həqiqi mənada aşağı səviyyəli idi. Bir epizodu danışım. Biləsiniz ki, Şahmarın əleyhinə danışan kimlər idi. Mən onda “Vətən” cəmiyyətində işləyirdim və həmin qadınlarla bir dəfə görüşdüm. Aralarında bir qadın vardı, onların rəhbəri idi. Dedi ki, qeyrətimiz elə gəldi, belə getdi. Bu hadisədən 2-3 ay keçdi. Dostum, yazıçı Əkrəm Qaflanoğlu zəng etdi ki, televizora baxırsınız? Tez yandırın. O vaxt bir veriliş vardı, “İnsan və qanun”. Bir də gördüm ki, həmin qadın dələduzluq üstündə tutulub. Kataklizm dövründə dalğaların kənara atdığı çox insanın ikiüzlülüyü mənə, Şahmara çox təsir edirdi. Tamamilə səmimi deyim ki, bunlar  Şahmarı sındırmadı. Bu bizim ən yaxşı filmlərimzidən biridir. Həm bəstəkar Ramiz Mirişlinin, həm operator Rafiq Əliyevin, həm rəssam Elbəy Rzaquliyev, Rafiq Nəsirovun işi, həm aktyor kollektivi. Gözəl, yaradıcı əhval-ruhiyyə hiss olunur filmdə”.

Bu hadisələrin şahidi olmuş kinoşünas Sədaqət Kamal da maraqlı detallara toxundu:

“Film Mərkəzi TV-də  göstəriləndə o vaxt “Azərbaycan gəncləri” qəzetində 250 qadının imzası ilə yazı çıxdı. Çox əsəbiləşdim. Filmdən məqalə yazdım. Şahmardan müsahibə almağa getmişdim. Yoldaşı Kəmalə xanım dedi ki, qapıda yazıb yapışdıracağam ki, Şahmar burada yaşamır. Filmə görə çox stresə məruz qalmışdılar. Onda kinoşünas Əlisəfdər Hüseynov “Bakı” qəzetində məqalə yazmışdı. Onda çox az adam film haqda cəsarətli fikir yazırdı. Üstündən uzun müddət keçib. Bu gün də film baxılır, sevilir”.

Müzakirə əsnasında Elçin bir məsələni də qeyd etdi:

“O vaxt ssenarilər Bədii Şurada oxunurdu. Tofiq Tağızadə Bədii Şuranın üzvü idi. Mənə zəng etdi ki, Bakı atmosferindən, həyatından belə bir film çəkmək istəyirəm. Amma bu filmi əvvəlcədən Şahmarla danışmışdıq. Təəssüflənirəm ki, Şahmarın istedadını tam şəkildə göstərmək imkanı olmadı. Çünki bu film doğrudan da Azərbaycan kinosunun ən yaxşı filmlərindən biridir”.

Müzakirədə iştirak edən aktrisa Mehriban Zəki AKİ-yə bu layihəyə görə təşəkkür etdi:

“Mühüm iş görürsünüz. Əvvəlki nümayişlərə təəssüf ki, qatılmamışdım. Filmi çox sevirəm, bu, Azərbaycan kinosunun nadir nümunələrindəndir. Və diqqətsiz qalmış filmdir, böyük filmdir. Filmin çəkilişləri zamanı tələbə idim. İnstitutun qarşısında bir küçə vardı, bir kadr orda çəkilirdi. Həsrətlə baxırdıq çəkiliş prosesinə. Mehribanın kinoya gəlməsi simpatiya və yaxşı mənada qibtə doğururdu. Mən Mehribana işinə görə təşəkkür edirəm. Böyük işdir və düşünürəm ki, bir tək bu işinə görə böyük mükafatlara layiqdir. Elçin müəllimin əsərləri çoxqatlıdır. Bu əsəri də səthi oxumaq olmaz. Həmişə müzakirəyə açıq əsərdir. Şahmar müəllim isə son dərəcə kübar və dərin sənətkar idi. Azərbaycan kinosunda belə bir film qoyduğu üçün ona təşəkkür edirəm”.

“Sahilsiz gecə”nin mövzusu, rejissorun bədii yozumu, baxış bucağı bu gün üçün də aktualdır, maraqlıdır. Bu film onu da göstərdi ki, açıq səhnələr, ifadələr dramaturji cəhətdən əsaslandırılanda, obrazlar düzgün işlənəndə, ssenari savadlı qurulanda əksər tamaşaçı onları qəbul edir. Bunu müzakirəyə qoşulan gənclərin də fikirləri təsdiq etdi. Ümumi fikir bu oldu ki, “Sahilsiz gecə” mental dəyərləri aşan cəsarətli filmdir. Qadınların üzərinə cəmiyyətdə böyük yük düşür. Hamı bu çətinlikləri adlaya bilmir”. “Sahilsiz gecə”nin digər uğuru onun bədii mətndən asılı olmaması, ona uduzmaması, yəni tam müstəqil bir əsər kimi çəkilməsidir.

Müzakirənin sonunda, Elçinin iştirakından istifadə edərək, aşağıdakı sualı ünvanlamağı vacib bildim.

“Sovet dönəmində ədəbiyyatın kino ilə sıx əlaqəsi vardı. Yazıçılar İsa Hüseynov, İsi Məlikzadə, Yusif Səmədoğlu, Ənvər Məmmədxanlı, Siz, Anar müəllim və digərləri ssenarilər yazırdınız. Bu gün bu  əlaqənin qırılması kinonun keyfiyyətinə təsir göstərir. Bu əlaqənin yenidən bərpası üçün nələr etmək lazımdır?”

Elçin: “Hər şeyi istedad həll edir. İstedadlar bir-birini tapmalıdır. Tapırsa, yaxşı kino yaranacaq. Rejissorun daxili aləmi ilə ssenaristin daxili aləmi, estetik duyumu ilə üst-üstə düşməyəcəksə, onda heç nə yaranmayacaq. Amma nə etmək lazmdır ki, bunlar üst-üstə düşsün. Cəmiyyətdə bu gün müasir milli mədəniyyətimiz özünü axtarır. Geniş mənada deyirəm. Özünüaxtarış gedir. Mütləq özünüaxtarış o istedadların bir-birini tapması ilə yekunlaşacaq. Başqa cür mümkün deyil. Bu gün niyə belə deyil? Səbəbləri çoxdur. Axıra qədər bu cür davam edə bilməz. Bu müvəqqəti bir dövrdür”.

Sevda Sultanova