BİR MƏKAN, BİR ZAMAN, BİR PLAN

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Mədəniyyət Nazirliyinə yeni layihə ilə müraciət edib. İttifaqda keçirilən, kinomuzun təsvir problemlərinə həsr olunmuş müzakirələr zamanı ideyası yaranan layihənin əsas məqsədi, kinomuzda təsvir həllinin kamilləşməsi və kinematoqrafçılarımız üçün kreativ platformanın yaranmasıdır. Layihədə iştirak edə biləcək maraqlı tərəflərin fikirləri nəzərə alınaraq, onları ətraflı məlumatlandırmaq üçün Aki.az saytında “Bir məkan, bir zaman, bir plan” layihəsini  təqdim edirik:

Giriş

Ənənəvi olaraq Azərbaycan kinosu mətn üzərində qurulub. Kinomuz mətndən asılı olub. 120 illik yaşı olan kinomuzda söz həmişə təsvirə qalib olub. Kino isə vizual sənətdi. Təxmin etmək olar ki, Azərbaycandan kənarda filmlərimizə diqqətin az olmasının əsas səbəblərindən biri məhz təsvir həllinin dominant olmamasıdır. Azərbaycan filmlərinə əksər hallarda səsini alıb baxıb anlamaq və zövq almaq mümkünsüzdür. Təsvir həlli önə çıxan kimi isə, filmlərimiz xarici tamaşaçıya da maraqlı olur: “Səpələnmiş ölümlər arasında”, “Nabat”, “Qırmız bağ”, “Nar bağı” , “Daxildəki ada” filmlərini misal çəkmək olar.

Problemin qoyuluşu

Təsvir həllinin kasadlığının əsas səbəbləri kimi aşağıdakıları göstərmək olar:

  • Ənənəvi olaraq Azərbaycanda ədəbiyyatın güclü olması
  • Rəssamlığımızda işıq-kölgə ənənəsinin olmaması, rəssamlarımızn bir qayda olaraq kompozisiya, faktura və mövzu həllinə üstünlük verməsi.
  • Rəssamlığın kino üçün qidaverici sahə olduğundan filmlərimizin təsvir həllində də daha çox statik planların, kadrların  kompozisiya və mövzu həlli üstünlük təşkil etməsi
  • Azərbaycan kinosunda hökm sürən konservativ ovqat, modern çağırışlara biganəlik, avanqard filmlər ənənəsinin tamamilə olmaması, abstrakt vizual  obrazların işlənilməməsi.

Bu ənənənin yaranmasına əsas səbəblərindən biri kinomuzun ilk illərində teatrdan gələn dramaturqların və aktyorların ( Cəfər Cabbarlı, Sabit Rəhman, Abbas Mirzə Şərifzadə və b.) daha çox aktivliyi , rəssamlıqdan kinoya axının az olmasıdır. Ədəbiyyatdan və teatrdan kinoya adlayan insanlar üçün kino, bütünlüklə olmasa da ekranda göstərilən teatr idi sanki. Səhnənin sözsüz həllinə nadir hallarda kinomuzda rast gəlinir. Sözün üstünlük daşıdığı filmlər öz tamaşaçısını formalaşdırıb və ənənəvi Azərbaycan kino tamaşaçısı təsvir həlli üstünlük daşıyan filmlərə açıq deyil, onları qəbul etməyə hazır deyil. Bu səbəbən rejissorlar da sırf təsvir həlləri üzərində qurulan səhnələrin çəkilməsindən qaçırlar.

Yekun olaraq birmənalı şəkildə deyə bilərik ki, kinonun vizual təbiətinə zidd olaraq filmlərimizin daha çox söz üzərində qurulması Azərbaycan kinosunun dünya arenasına çıxmasına mane olan əsas səbəblərdən biridir. Təsvir həllinin inkişafına mane olan səbəbləri azaltdıqca, zəngin təsvir həlli ənənəsi formalaşdıqca kinomuzun milli sərhədlərimizi aşmaq potensialı artacaq.

Xarici ölkələri fəth edən Azərbaycan kinosu isə təkcə mədəniyyət yox həm də dövləti və siyasi məsələdir. Xaricdə uğur qazanan film, Azərbaycan kinosunu, Azərbaycan mədəniyyətinin və Azərbaycan dövlətinin qələbəsidir.

Layihənin təsviri

Azərbaycan filmlərinin  vizual həllərini, operator işinin keyfiyyətini, mizan səhnə həllərinin zənginliyini artırmaq məqsədi ilə “Bir məkan, bir zaman, bir plan”  layihəsini təklif edirik. Kinematoqrafçılar üçün kreativ platforma olacaq layihə, Azərbaycan filmlərinin vizual həllərinin kamilləşməsinə, operator və rejissorların çətin təsvir həllərini həyata keçirməsinə, filmin təsvir dili ilə danışmasına səbəb olacaq, Azərbaycan kinosunda kinematoqrafik keyfiyyətlərinin üstün olduğu filmlərin sayının artmasına gətirəcək.

Layihə çərçivəsində kinematoqrafçılar bir plandan ibarət film istehsal edəcəklər. Metraj məhdudiyyəti olmayacaq filmlərdə rejissor montajdan imtina edərək özünü kinonun ən vacib instrumentindən xali edərək, təsvir, kadr, işıq-kögə həlli ilə ideyasını, fikirini, mesajını çatdırmaq missiyası ilə üz-üzə qalacaq. Montaj bir qayda olaraq tamaşaçının nəzərindən zəif kadr həllini, zəif aktyor oyununu gizlədən çox güclü bir vasitədir. Amma bir plan tələbi ilə film çəkən ssenarist, rejissor və operator mizan həlini zənginləşdirməyə, kadrın vizual həllini dərinləşdirməyə məcbur olur. Bir plandan ibarət və bir zaman o cümlədən bir məkan ( və ya bir-biri ilə bir plan ilə birləşən məkanlarda) məhdudiyyəti ilə çəkilən filmdə müəlliflər dramaturji həllin də dəqiq  işlənməsi məcburiyyətində qalır.

Nikita Mixalkov ümumi planları səhnənin uzunluğunu rejissorun peşəkar klassının göstəricisi sayır. Nə qədər ümumi planı tamaşaçının diqqətini cəlb etməklə saxlaya bilirsənsə bir o qədər peşəkar rejissorsan. Bir plandan ibarət filmlərdən A. Sokurovun “Nuhun gəmisi” və İnyaritunun «Bördmən” filmlərini də misal çəkmək olar. Bu filmlər montajdan imtinanın rejissor və operatorun təsvir həllinə üstünlük verməsinə, mizan həllinin, işıq-kölgə həllinin zənginliyi üzərində işləməsinə gətirib çıxarır.

Bir planla iş metodunun bir üstünlüyü də aktyor oyunun da texnikasının artmasıdır. Çünki aktyor oynunun ən böyük yardımçısı olan montajdan imtina edilir və aktyor sanki canlı yayımdakı kimi qüsursuz oyun nümayiş etdirməlidir.

Filmin təsvir həllini təbii ki, ssenari və rejissorun ideyası diqtə edir, bu səbəbdən rejissor hər zaman bir planla film çəkmək məcburiyyətində deyil. Amma “Bir plan, bir məkan, bir zaman” kreativ platformasının fəaliyyəti, təcrübəsindən asılı olmayaraq bütün kinematoqrafçılar üçün peşə səviyyəsinin artmasına, eksperimentlər etməsinə, daha cəsarətli yaradıcı həllər təklif etməsinə xidmət edəcək.

“Deadline” tətbiq etmədən həmişə müəlliflərin ssenarilərinə açıq olacaq layihəyə təklif edilən ssenariləri peşəkarlardan ibarət münsiflər təsdiqləyəcək və layihə çərçivəsində istehsala buraxacaq.

Layihənin saytı bir planla çəkmək texnikası və bu texnikada çəkilən filmlər haqda məqalələr və informasiya, ustad dərsləri təqdim edəcək. Layihə çərçivəsində filmlərin yerli və beynəlxalq yayımından sonra sayt filmlərin nümayişi platforması olacaq.

Nəticə

Layihə Azərbaycan kinosunda vizual həllin üstünlük təşkil etdiyi və nəticə olaraq da Azərbaycandan kənarda tamaşaçı və mütəxəssislərin marağını cəlb edə biləcək filmlərin sayını artıracaq.

Layihənin  saytı peşəkarlar üçün lazımlı informasiyaları təqdim edən, bir planlı filmlərin çəkilməsi təcrübəsi ilə bölüşən və layihədən sonra da bir plan texnikası ilə çəkilən filmlərin istehsalına səbəb olacaq.

“Bir məkan. Bir zaman. Bir plan.” kinematoqrafçılar üçün kreativ platforma Azərbaycan kinosunun dünya kinosuna inteqrasiya edilməsi işinə yardım edəcək platforma olacaq.

Onu da qeyd edək ki, Əli İsa Cabbarov bu tipli layihələri kinomuz üçün , kinematoqrafçılarımızın, xüsusilə gənc kinematoqrafçıların yaradıcı formasının inkişafı üçün vacib amil olduğunu bildirib.

Layihə Mədəniyyət Nazirliyinə təqdim olunub.

aki.az