“Bizim Cəbiş müəllim” filmi/Həsən Seyidbəylinin 100 illiyi/rubrikasında

Bu il görkəmli rejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışmış Həsən Seyidbəylinin 100 yaşı tamam olur. Yaratdığımız bu rubrikada rejissorun həyat və yaradıclığına nəzər salacaq, quruluş verdiyi filmləri silsilə məqalələr şəklində oxucularımıza təqdim edəcəyik. İlk olaraq “Bizim Cəbiş müəllim” filmini seçdik ki, bu da təsadüfi deyil. Çünki tarix təkrar olunur və biz arxa cəbhədə eyni hissləri yaşayırıq.

Bir qədər haşiyə çıxmaq istərdik: “Müharibə dövrünün uşaqları” və ya “Müharibə dövrünün insanları” kimi sözləri bir zamanlar çox eşitmişik. Böyük Vətən Müharibəsinin fəsadları üzərində tarix yazıldı və uzun zamanlar həmin tarix yaddaşımıza həkk olundu, bizlərlə bərabər yol qət etdi. Ancaq bu tarixdə Sovet İmperiyası ilə Almaniyanın müharibəsi əsas mövzu idi. Biz başqaları üçün Vətən müharibəsində qurbanlar vermişdik, yara almışdıq. Sən demə, Azərbaycanın görəcək günləri hələ irəlidə imiş, sən demə, biz zamanlar həmrəy olduğumuz, duz-çörək kəsdiyimiz, uğruna qurbanlar verdiyimiz dövlətlər, xalqlar bizə qənim kəsiləcəkmiş, torpaqlarımıza göz dikiləcəkmiş, Azərbaycanımızın canı olan Qarabağımız, uzun illər çörəyimizi yeyib, suyumuzu içənlərin işğalına məruz qalaraq darmadağın olacaqmış, sən demə, bizi dəhşətli günlər gözləyirmiş…

…Artıq o dəhşətli günlər geridə qalıb, Azərbaycan Ordusu torpaq uğrunda savaş meydanına atılıb, Ali Baş Komandanımız qana-qan, qisasa-qisas deyir. Səbr kasamız daşdı, artıq dünya qüsura baxmasın. Və arxa cəbhədə nələr olur, bir dönüb baxaq.

Hazırda Azərbaycan qadını oğlunu müharibəyə göndərərkən “Torpaq uğrunda ölmək yox, öldürmək var” deyir. Azərbaycan kişisi 7-dən 70-ə savaşa hazır vəziyyətdə dayanıb. Xalq olaraq hər kəs səfərbər olunaraq mənəvi-maddi şəkildə orduya, dövlətimizə öz dəstəyini göndərir. Qələbə ruhumuza işləyib, eşitdiyimiz bütün xəbərlər bizləri həyəcanlandırır…

Dəyərli oxucularımız, sizə də elə gəlmirmi ki, arxa cəbhədə olan bu mənzərə bizə bir şeylər xatırladır, bir yerdən tanış gəlir? Əlbəttə ki, “Bizim Cəbiş müəllim” filmindəki arxa cəbhə mənzərəsini…O zaman bir qədər tarixə səyahət edək, görək Böyük Vətən müharibəsindən təxminən 25 il sonra çəkilən bu film necə yarandı, necə ərsəyə gəldi…

 

“MÜHARİBƏNİN 1001-Cİ GECƏSİ” ADLI SSENARİ ƏSASINDA “BİZİM CƏBİŞ MÜƏLLİM” EKRAN ƏSƏRİ YARANDI

 

1969-cu ildə “Azərbaycanfilm” kinostudiyası “Bizim Cəbiş müəllim” filminin çəkilişinə başlayır, 1970-ci ildə isə film geniş tamaşaçı auditoriyasına təqdim edilir.

Görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” adlı ssenarisi əsasında reyissor Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmi kimi uğurlu ekran əsəri yaratmağa müvəffəq olmuşdur. Filmin yaradıcıları Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının arxa cəbhədə göstərdiyi qəhrəmanlıqları, müharibənin gətirdiyi məhrumiyyətləri bir daha yada salmış, sülhün keşiyində duranların arzularını ifadə etmişdir.

Onu da qeyd edək ki, Böyük Vətən müharibəsi illərində hərbi texnikanın hərəkətə gətirilməsində neft Bakısının həlledici rol oynamasından, bunun əhəmiyyətindən tutarlı bədii kino əsəri yaradılmamışdır. Bu baxımdan “Bizim Cəbiş müəllim” filmi ilk uğurlu addım idi. Filmin rejissoru Həsən Seyidbəyli öz qəhrəmanlarına həssaslıqla yanaşıb, hətta onlardan ən dəcəlinin, tənqidçilərin “mənfi” adlandırdıqları surətlərin belə gələcəkdə ölkə və xalq üçün gərəkli olacaqlarına inanıb.

Reyissor xatirələrində deyib ki, seçdiyim qəhrəmanlar, həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyim və ekranda görmək istədiyim qəhrəmanlardır: “Mən çox istərdim ki, onlar kinoda həyatlarını davam etdirsinlər, kiçiklər boya-başa çatsınlar, böyüklər yaşa dolsunlar-ekranda qocalsınlar”. Bu baxımdan filmdəki Cəbiş müəllim obrazı məhz belə uzunömürlü və həmişəyaşar ekran surətlərindəndir.

Həsən Seyidbəyli “Yeni filmlər” yurnalına filmlə bağlı verdiyi müsahibədə deyib ki, “Bizim Cəbiş müəllim” filmi istedadlı, gənc kinodramaturq M.İbrahimbəyovun ssenarisi əsasında çəkilmişdir: “Bu film Böyük Vətən müharibəsinin çətin illərində Bakı həyətlərinin birində yaşayan sakinlər haqqındadır. Lakin kadrlar ötdükcə həmin həyətin divarları genişlənib, sanki bütün şəhəri əhatə edir, şəhərdə mədən və zavodlar zenit torları ilə müdafiə olunur, bu zavodlar Böyük Vətən müharibəsi cəbhələrini texnika, tank və təyyarələrlə təmin edir. Biz bu şəhərdə məzəli, lakin Vətəni dərin məhəbbətlə sevən Cəbiş müəllimlə, onun yetişdirmələri ilə rastlaşırıq. Müəllif bu filmdə yumordan, xeyirxah Cəbiş müəllimin nitqlərindəki incə gülüşdən istifadə etməsəydi, bəlkə də film didaktik xarakterdə olardı. Cəbiş müəllimin devizi belədir: “iki nöqtə arasındakı ən yaxın məsafə düz xətdir”. Bu düz xətti müəllif əyri-üyrü xətlərə çevirərək, filmdə gülüş yaradır. Müharibə illərində texnikamızın hərəkətə gətirilməsində Bakının həlledici rol oynamasından, bunun əhəmiyyətindən tutarlı əsər yaradılmamışdır. Bu cəhətdən bizim filmimiz ilk addım, ilk sınaqdır. Filmdə müəllimin həyatından söhbət getsə də, gözlərimiz önündə Bakının həyatı canlanır. Şəhərin zavodları, sexləri ancaq müharibə üçün lazım olan ləvazimat buraxırdı. Bakı və bakılılar müharibənin qələbə ilə başa çatdırılması üçün gecə-gündüz var qüvvələri ilə çalışırdılar. Biz bütün bunları filmdə konkret hadisələrlə təsvir etməyə səy göstərmişik”.

 

SÜLEYMAN ƏLƏSGƏROV: MÜHARİBƏ FƏLAKƏTİNİ YAŞAMIŞAM, ERMƏNİLƏRİN 1918-Cİ İLDƏ BAKIDA TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏR  YADDAŞIMDA QALIB

 

Filmin sınaq çəkilişlərində Cəbiş obrazı daha çox diqqətdə dayanıb, hətta bir çox aktyorlara bu rola sınaq olunub. Əsas rəqabət meydanında isə Rza Təhmasib və Süleyman Ələsgərov olub. Ancaq rejissor son məqamda üstünlüyü Süleyman Ələsgərovun seçiminə verib.

Yeri gəlmişkən, özünü kinoda bəxti gətirməyən hesab edən Süleyman Ələsgərov “Azərbaycanfilm”in istehsal etdiyi 17-yə yaxın filmdə (“İstintaq davam edir” professor, “Dağlarda döyüş” mayor Roladov, “O qızı tapın” mafiya başçısı, “Köhnə bərə” İlyas kişi, “Alma almaya bənzər” professor, “Bəxtiyar” komissiya üzvü, “Bizi bağışlayın” professor və s.) çəkilib və əsasən epizod rollar oynayıb.

Süleyman Ələsgərov yaratdığı Cəbiş obrazı barədə deyib ki, “Bizim Cəbiş müəllim” çəkilənə qədər mən müharibə adlanan fəlakətin bütün sarsıntılarını, ağrılarını yaşamışdım: ”Erməni quldurlarının 1918-ci ildə Bakıda törətdikləri vəhşiliklər dumanlı şəkildə olsa da yaddaşımda qalıb. Atamı, anamı, bacımı və məni onlarla günahsız adamlarla bir yerdə opera teatrının köhnə binasına yığıb qapısını bağlamışdılar. Məqsəd hamını acından öldürmək, yaxud diri-diri yandırmaq idi. Təsadüfən sağ qaldıq. Böyük Vətən müharibəsinə isə elə ilk çağırışdan getmişəm. Müharibə çox dəhşətli bir şeydir. Mətləbdən uzaqlaşmadan demək istərdim ki, “Bizim Cəbiş müəllim” filmi də müharibə dəhşətlərinin bir qismini özündə qabarıq şəkildə göstərir”.

Həsən Seyidbəyli çəkiliş prosesində tez-tez aktyor deyirmiş ki, “Süleyman, ehtiyatlı ol ha. Ehtiyatı əldən versən, sənin bu Cəbiş müəlliminin reallıq dozası azalacaq. Cəbiş dünyagörmüş, xeyirxah, nikbin ruhlu bir insandır. Onu səfeh kimi deyil, sadəlövh kimi təqdim etmək gərəkdir. Onun hərəktələrindəki qeyri-adilik isə məhz sadəlövhlüyündən, həyatsevərliyindən, işgüzarlığından irəli gəlir”.

Aktyor xatirlərində qeyd edir: “Cəbiş müəllimin xarakterində zahirən sadəlövh adamlara xas olan xüsusiyyətlər var idi: ”Həddindən artıq səmimiyyət, böyüklə-böyük, kiçiklə-kiçik kimi davranmaq bacarığı, şəxsi qayğılarını bütünlüklə arxa plana atması onun təbiətinə zahiri bir müvazinətsizlik gətirir. O hətta ailəsinin, uşaqlarının ən zəruri ehtiyaclarını belə  yaddan çıxarır. Bu, Cəbiş müəllimin müsbət və ya mənfi cəhəti idi, onu mən də deməyə çətinlik çəkirəm. Cəbiş müəllimin qəribəlikləri özünü bütün süyet boyu büruzə verir. Məsələn, o, sabun düzəltməyi bacarırdı, ancaq burada heç bir qəbahət olmasa da öz əlinin zəhməti ilə hazırladığı sabunları bazara çıxarıb çörək rulu qazanmaq istəmirdi. Halbuki o vaxt sabuna böyük ehtiyac var idi. O, sabunu bişirsə də onu bazara çıxarıb satmaq əvəzinə, əsgərlərə paylayır və bundan bərk sevinir. O dövrün məzmunundan çıxış edərək, Cəbiş müəllimi bu hərəkətinə görə qınayanlara haradasa haqq qazandırmaq istəyirsən. Lakin bir şeyi unutmaq olmaz. Müharibə məhz Cəbiş müəllim xislətli-zahirən köməksiz, aciz təsir bağışlayan adamların qeyrəti, Vətən naminə təmənnasız xidmətləri, dəyanəti sayəsində uduldu. Şübhəsiz ki, Həsən Seyidbəylinin ağıllı məsləhətləri, hər bir obrazı dərindən açmaq bacarığı Cəbişin uğurlu alınmasında mühüm rol oynayıb”.

Yeri gəlmişkən, “Bizim Cəbiş müəllim” filmi ilə eyni vaxtlarda “Sevil” filmi də çəkilib. Bir gün məşq zamanı “Sevil” filminin rejissoru V.Qorikker Süleyman Ələsgərovu görür və Həsən Seyidbəyliyə deyir ki, “sənin müəllimin əladır, ondan yaxşı qəhrəman çıxacaq”.

S.Ələsgərov onu da qeyd edib ki, Həsən müəllimin bir rejissor kimi üstünlüyü onda idi ki, o, aktyoru dinləməyi bacarırdı, aktyora sərbəstlik verirdi. Ümumiyyətlə isə Həsən Seyidbəyli bir yaradıcı kimi məsləhətləşməyi sevən, bir nöqtədə eyni fikri, düqşüncəni paylaşaraq ortaq məxrəcdən çıxış edən bir rejissor olub ki. bu onun filmlərində öz əksini tapır. Rejissorun filmlərində təbiilik, səmimiyyət hissləri çox güclüdür.

 

UĞURLU AKTYOR İŞİ VƏ YA SEYİDBƏYLİNİN SEVİMLİ AKTYORLARI

 

Filmdə maraqlı aktyor nəsli iştirak edib və uşaqdan böyüyə hamı, sözün həqiqi mənasında filmin haqqını verə bilib. İstər Cəbiş müəllimin həyat yoldaşını oynayan Şəfiqə Məmmədova,  Nəcəfovun həyat yoldaşı rolunda çəkilən Səfurə İbrahimova, Suğra xala rolunu yaradan Həsibə Zeynalovanın, Makedonun anası rolunda çəkilmiş Susanna Məcidovanın qadın, ana obrazlarında yüksək peşəkarlıq nümayiş etdiriblər. Nəcəfov rolunda Muxtar Maniyevin, Əbülfəz rolunda Əliağa Ağayevin yaratdıqları obrazlar epizodik olsa da, bu aktyorlar maraqlı surətlər yaratmağa nail olublar. Xüsusilə arxa cəbhədə çalışan, lakin müharibənin ön xətti ilə əlaqədar olan Bakı zəhmətkeşlərinin simasında verilən Nəcəfov obrazı Muxtar Maniyevin ifasında dolğun həllini tapıb.

Muxtar Maniyevin xatirələrində deyir ki, o vaxt Həsən müəllim Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışırdı, “İnsan məskən salır” filminin çəkilişləri də həmin vaxtlara təsadüf edir: “Həmin film yenicə çəkilib qurtarmışdı ki, H.Seyidbəyli məni yanına çağırdı, “Bizim Cəbiş müəllim” filminin ssenarisini təqdim etdi. Həsən müəllimin iş üslubu çox fərqli idi. O, sınaq çəkilişlərindən əvvəl məşq proseslərinə başlayar, çəkiliş meydanında isə heç kimə heç bir söz deməzdi. Rejissor olaraq bütün işlərini məşq vaxtı həll edərdi. Ona görə də çoxları elə bilirdi ki, H.Seyidbəyli film çəkərkən yalnız “motor”, “stor” deməklə işini bitmiş hesab edir. Yalnız Həsən Seyidbəylinin yaradıcılığına yaxından bələd olanlar, onunla birgə çalışanlar bilirdilər ki, o, zərgər dəqiqliyi ilə çalışırdı”.

Xatırladaq ki. M.Maniyev Həsən Seyidbəylinin quruluşunda çəkilən bir çox filmdə (“O qızı tapın”(Hacıbala), “Nəsimi”(Miranşah), “Ömrün səhifələri”(Muxtar), “Xoşbəxtlik qayğıları”(Kişvərin bacısı oğlu), “Bizim Cəbiş müəllim”(Nəcəfov) çəkilib. Aktyorun həmin filmlərdə yaratdığı obrazlar müxtəlif sərgili olub və heç bir vaxt oynadığı rolların alternativləri olmayıb.

Filmdə həvəskarlar da çəkilib. Bu baxımdan Hamiq və Makedon obrazlarını qeyd etmək lazımdır. Hər iki obraza həvəskarlar çəkilmişdir. Belə ki, Həsən Seyidbəyli müxtəlif vaxtlarda bu rollar üçün “kəşf” etmişdi. Makedon rolunda  Bakının Maştağa qəsəbəsində təsadüfən rastlaşdığı traktorçu Aqil Ağacanovu çəkmişdir. Onun istər danışıq tərzi, istərsə də mimika və hərəkətləri sanki ssenaridə nəzərdə tutulan adam-Makedon idi. Onun oyunu filmin çəkildiyi ərəfədə də, hazırda da hamı tərəfindən maraqla izlənir və qəbul edilir.

 

FAKT: BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ SOVET QOŞUNLARINDA OLAN HƏR 1000 TANKDAN, TƏYYARƏDƏN 700-ÜNÜ YANACAQLA AZƏRBAYCAN TƏMİN EDİB

 

O da təsadüfi deyil ki, filmin yaradıcıları çəkiliş vaxtı əsasən nəcib insani keyfiyyətlərdən, müharibə dövrünün Bakısından, ölkənin ağır günlərindən, paytaxt sakinlərinin vətəndaşlıq şücaətindən bəhs ediblər. Və ilk dəfə olaraq məhz “Bizim Cəbiş müəllim” filmində Böyük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər Nəcəfov obrazının dili ilə söylənilib.

M.Maniyev deyir: “Doğrudan da, bu filmdə Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyovla birgə çox cəsarətli addım atmışdır. O, mənim yaratdığım Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima onların nəzarətdə saxladığı faktları aşkara çıxarmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində sovet qoşunlarında olan hər 1000 tankdan, təyyarədən 700-ünü yanacaqla Azərbaycan təmin etmişdir. Sözsüz ki, həmin sözlər ssenaridə var idi. Mənim vəzifəm ondan ibarət idi ki, o vaxt baş verən hadisələrin şahidi olmuşdum. Axı mən müharibə dövrünün uşağıyam. Müharibə başlayanda mənim 6 yaşım var idi. Biz tez böyüdük, müharibə dövrünün uşaqları tez böyüyürlər. Bu baxımdan “Bizim Cəbiş müəllim” filmində neft mühəndisi Nəcəfovun obrazını yaratmaq, onun dili ilə ilk dəfə Azərbaycan yanacağından nə kimi istifadə olunmasından söz açmaq mənim üçün məsuliyyət olmaqla yanaşı, həm də bir rahatlıq idi. Həhayət ki, bizlər də nəyə qadir olduğumuzu göstərdiyimiz kimi, nələr də yardım etdiyimizi dilə gətirə bildik”. Aktyor Nəcəfov obrazını o dərəcədə dürüst oynayıb ki, nəticədə də rolun dili ilə, görünüşü, danışığı ilə Azərbaycan xalqının müharibə dəhşətlərindən çəkdikləri ağrıları, əziyyətləri göstərməyə nail olub.

Aktyor deyir ki, Süleyman Ələsgərovla birgə olan səhnə az olsa da, bu az sözlə çox fikri ifadə edə bilmişik: “Tərəfmüqabillərimdən üçüncüsünü isə Seyidbəylinin böyük oğlu Ziya oynayırdı. H.Seyidbəyli heç kimə güzəştə getməzdi. Bu baxımdan o, imkan yaratdı ki, boks səhnəsini Ziya ilə 1 həftə məşq edə bilim. Namiqdən başqa isə “Bizim Cəbiş müəllim” filmində Həsən Seyidbəylinin kiçik oğlu Mehdi ilə qızı Mehriban da iştirak edir. Həmin uşaqlar isə Cəbiş müəllimin övladlarını oynayırlar. “Acından belə edirlər e” deyən Mehdidir. Cəbiş müəlimlə birgə qulağını elektrik şəbəkəsinə söykəyən qız da Həsənin qızıdır”.

Filmin çəkilişi başa çatdıqdan sonra göndərilir Moskvaya. Həmişə olduğu kimi bu dəfə də Moskva, filmin bir neçə epizodu ilə yanaşı Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Buna qəti etirazını bildirən Həsən Seyidbəyli, gərgin mübahisədən sonra istədiyinə nail olur. Və o dəlillər əsasında sübut edir ki, bu faktlar gec-tez aşkara çıxarılacaq. Bu bir daha sübut edir ki, Həsən Seyidbəyli yalnız rejissor olduğu üçün film çəkməyib, eyni zamanda isə o müraciət etdiyi mövzularla yaşadığı doğma torpağının, xalqının mənafeyini hər şeydən üstün tutduğunu sübuta yetirib.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi-Maqsud İbrahimbəyov, rejissor-Həsən Seyidbəyli,  operator-Arif Hərimanbəyov, rəssam-Məmməd Hüseynov, bəstəkar-Emin Mahmudov.

Rollarda çəkiliblər: Süleyman Ələsgərov (Cəbiş), Şəfiqə Məmmədova (Cəbişin arvadı), Muxtar Maniyev (Nəcəfov), Səfurə İbrahimova (Nəcəfovun arvadı), Nəsibə Zeynalova (Suqra xala), Əliağa Ağayev (Əbülfəz), Aqil Ağacanov (Makedon), Susanna Məcidova(Makedonun anası), Svetlana Morsinina (Tanya), Cəfər Hovruzov (Rəsulov), Fazil Salayev (Mikki), Ziya Seyidbəyli (Hamiq), Mehriban Seyidbəyli (Şəfiqə), Mehdi Seyidbəyli və b.

Tofiq İLK