Bizim kinonun uşaqları

1 iyun uşaqların beynəlxalq müdafiəsi günüdür. Bu günün təsirilə Azərbaycan kinosunda çəkilən uşaqlara aid filmlərdən, onların qəhrəmanlarından bəhs etmək istəyirik.

Ümumiyyətlə kino kimi möcüzəli aləm yarandığı gündən uşaq qəhrəmanlar diqqət mərkəzində dayanıb ki, bu da təbii haldır. Çünki bir mövzuda insan taleyindən bəhs olunursa, o zaman qəhrəmanın keçdiyi yola nəzər salaraq onun uşaqlıq dünyasına baş vurmaq vacib sayılır.

Azərbaycan kinosunda uşaqlara aid çəkilən və ya elə uşaq qəhrəmanlarının da iştirak etdiyi  filmlərin əsas istehsalı Sovetlər dönəminə təsadüf edir.

“Lətif”, “Ögey ana”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şir evdən getdi” , “Mən mahnı qoşuram”, “Asif, Vasif, Ağasif”, “Bizim Cəbiş müəllim”, “Musiqi müəllimi” “Gəmi saatının sirri”, “Qaraca qız” və s. filmlər buna misal olaraq göstərilə bilər. Etiraf edək ki, bu kimi ekran əsərləri uşaqların tərbiyəsində və kino zövqünün formalaşmasında mühüm rol oynayıb.

“Lətif” – uşaq qəhrəmanı olan ilk Azərbaycan filmi

Rejissor Mikayıl Mikayılovun 1930-cı ildə ekranlaşdırdığı “Lətif” bədii filmi Azərbaycan kinosunda ilk uşaq qəhrəmanı olan filmlərdən biri hesab olunur. Film 1920-30-cu illərdə Azərbaycan kəndlərindəki kolxoz quruculuğuna, ölkə tarixinin çox mürəkkəb dövründən bəhs edir. Kolxozlaşma, kollektivləşmə ilə özəl sahibkarlığın, mülkədarlığın sərt toqquşduğu dövrü əks etdirən filmin mərkəzində Lətif adlı yeddi yaşlı uşaq dayanır. O da təsadüfi deyil ki, 7 yaşlı qəhrəmanın rolunu oynamaq üçün onlarla uşaqların içindən Lətif Səfərov seçilib. Sonralar taleyini kinoya baağlayan rejiss Lətif Səfərovun həyatında, fəaliyyətində “Lətif” filmindəki rolu, sözün həqiqi mənasında böyük rol oynayıb.

“Ögey ana” – 1958

Rejissor işi Həbib İsmayılova  aid olan “Ögey ana” filminin qəhrəmanı olan İsmayıl rolu ərköyünlüyü ilə seçilən, nənə himayəsində böyüyən, ancaq böyük ürəyə sahib olan, əslində elə tərbiyəvi əhəmiyyəti də güclü olan filmlərdən biridir. Və bu qəhrəmanı Ceyhun Mirzəyevin ifasında görmək, elə Azərbaycan kinosu üçün yeni bir peşəkar aktyorun kino üçün kəşf olunmasından xəbər verib. O vaxta qədər balaca Ceyhun 1955-ci ildə Tofiq tağızadənin quruluşunda çəkilən “Görüş” filmində epizodların birində Şıxəli obrazının(Əliağa Ağayev) övladlarından biri kimi  çəkilib. Bundan başqa 1965-ci ildə lentə alınan, Qılman İlkinin “Qalada üsyan” romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” fimində Teymur rolunda çəkilib. Bəlkə də elə Ceyhun Mirzəyev yeganə kinematoqrafçıdır ki, kinoda böyüyüb, demək olar ki, onun hər yaşına aid filmləri var

Uşaq filmlərinin rejissoru – Əlisəttar Atakişiyev

Görkəmli kinorejissor, operator, rəssam Əlisəttar Atakişiyevin quruluş verdiyi filmlərin əksəriyyəti əsasən nağıl janrında olduğu üçün uşaq qəhrəmanların ifasından geniş istifadə olunub.  “Bir qalanın sirri” (1959), “Sehrli xalat” (1964), “Qərib cinlər diyarında”(1977) filmləri nağıl janrında çəkilməklə yanaşı, ibrətamiz fikirlər aşılayır, xeyirlə şərin mübarizəsini əks etdirir  və uşaqlara müsbət duyğular aşılayır.

Onu da qeyd edək ki, Ə.Atakişiyev çəkdiyi filmlərin bir çox rekvizitlərini, heyvan maskalarını və s. şəxsən özü hazırlayıb.

“Bir qalanın sirri” filmindəki Hadı (T.Əliyev) ilə Bıdı (F.İsmayılov) rollarındakı uşaq qəhrəmanlarımızın biri nə qədər çox elmə meyl göstərən, yeri gələndə cəsarət nümayiş etdirməyi bacaran, qorxmazdırsa, digəro bir o qədər onun əksidir. Ancaq hadisələrin axarı dəyişdikcə, bütün müsbət keyfiyyətlərin əksini dşıyan qəhrəmanımız artıq əsarət nümayiş etdirməyə başlayır.

“Sehrli xalat” filmində artıq fərqli dünyanın şahidi oluruq. Həyatın yaşanan indiki(söhbət filmdin çəkildiyi dövrdən gedirsə- deməli SSRİ dövrünün uşaq dünyasını göstərir) Keçmiş və gələcək dövrü arasınbda olan zaman kəsiyində uşaq qəhrəmanların yaşadığı həyat tərzi, ümumiyyətlə uşaqların bir fərd kimi diqqətdə dayanması böyük önəm daşıyır. O da təsadüfi deyil ki, filmdəki xalatın sehrindən sadəcə qorxmaz və zəkalı, eyni zamanda dostluq, sədaqət kimi hisslərə önəm verən uaqlar istifadə edir ki. bu da ssenaridən irəli gəlir. Ancaq rejissor fantastik quruluşda maraqlı kadrlar yaratmaqla yanaşı, dinamik və effektiv zaman, məkan dəyişikliyi ilə də uşaqlarda elmə, biliyə maraq hissi olduğunu təbii olaraq təqdim edir. Rəşidin (Azər Qurbanov) bir qəhrəman kimi 3 dövrdə təbii ifası artıq rejissorun fərdi yaradıcılıq üslubunu açıq ortaya qoyur. Bu artıq hələ sənətin nə olduğunu bilməyən uşaqlarla işləmək qabiliyyətinin açıq nümunəsidir.

“Qərib cinlər diyarında” filminin qəhrəmanları artıq yeniyetməlik dövrünü yaşayır. Və əkiz qəhrəmanların biri nə qədərə çox halal bərəkəti, zəhməti sevirsə, digəri o qədər çox asan qazanc haqqında düşünür və bunun nəticəsi olaraq vətənindən uzaqlaşaraq cinlərə dünyasında yaşamağı seçir və bununla da ailəsinə xəyanət edir. Uşaqlar üçün nəzərdə tutulan filmin əsas tərbiyəvi əhəmiyyəti ondadır ki, hər bir insan öz dünyasına aiddir və onun xoşbəxtliyi elə öz vətənində mümkündür.

Şamil Mahmudbəyovun uşaq qəhrəmanları

Kinorejissor Ş.Mahmudbəyov da uşaqlardan bəhs edən ssenarilərə biganə qalmayıb. Təsadüfi deyil ki, o da yaradıcılığı boyunca bir neçə dəfə uşaq qəhrəmanları olan filmlər çəkib və həmin filmlər bu gün də baxılır.

“Skripkanın sərgüzəştləri”(1972), “Qaraca qız”(1966), Şərikli çörək”(1969) filmlərində rejissor talelərinə müharibənin, kimsəsizliyin acıları yazılan uşaqların mənəvi əzablarını göstərməklə yanaşı, varlı və kasıb təbəqəyə aid olan uşaqların da həyat tərzindəki münasibəti açıqlamağa çalışır və buna nail olur da.

“Qaraca qız” filmi acınacaqlı taleyi olan Tutunun (Sevil Zeynalova) kölə həyatı, ətrafdakıları əyləndirmək üçün çalıb oynaması və bunun müqabilində bunun müqabilindəı bir tikə çörək qazanması və kölə kimi çalışdığı bəy ailəsində nəslin varisi olan Ağca ilə dostluğu, finalda isə  öz həyatı bahasına onu xilas etməsi artıq filmin tərbiyəvi gücünü daha da yüksəldir, hətta uşaq dünyasını belə düşünməyə vadar edir, bir çox suallara doğurur…

“Skripkanın sərgüzəştləri” filmində isə uşaq  dünyasının “müharibəyə, ölümə, göz yaşına yox!” deyərək nəcib keyfiyyətlər aşılaması, qəhrəmanların böyüklərdən geri qalmayaraq Böyük Vətən müharibəsində (1941-1945) alman faşistlərinə qarşı mübarizədə iştirak etməsi və s. kimi məqamlar onların müsbət həyat mövqeyini təbliğ edir.

“Şərikli çörək” filmi də eynilə mühariobə mövzusunda arxa cəbhəsini olduğu kimi əs etdirən və üharibənin arxa cəbhədə olan insanlara, uşaqlara vurduğu mənəvi zərbələrdən geniş söhbət açmaqla yaşanan dəhşətləri göstərir. Filmdəki əsas qəhrəman olan Vaqif fərdi cəhətlərilə yaşıdlarından seçilir. Ümumiyyətlə filmdə ikigünlük ekran taleyini izlədiyimiz uşaqların məhv olmuş arzularının timsalında onların müdrikləşmiş obrazlarını görürük.

“Mən mahnı qoşuram” – 1979

Kinorejissor Tofiq İsmayılovun quruluşda lentə alınan “Mən mahnı qoşuram” filmi də əsasən uşaq qəhrəmanlar üzərində qurulub. Filmdə kiçik bir qızın musiqi təhsili almasına mane olan atanın (Həsən Turabov) timsalında sözsüz ki, xudbin valideynlər hədəf seçilib.

Ancaq sonda musiqi gücü valideynin inadını qırır və mane olan  atanın finalda könüllü olaraq qızına dəstək verməsi, onun yaşıdlarından gerdiə qalmasına izn verməməsi bir daha sübut edir ki,  bütün uşaqların həyatında, onların seçimlərində, arzularının həyata keçməsi üçün şərait yaradılmasında valideyn rolu önəmlidir. Xoşbəxt uşaq dünyasını xarakterizə edən, musiqinin təsirilə müxtəlif məkanlarda olan çəkilişlərin hər biri tamaşaçını filmin ardınca aparır.

Qeyd edək ki, “Azərbaycanfilm” uşaq qəhrəmanı olan mövzulara daima müraciət edib. Bu gün həmin filmlərin sadəcə bir qismindən bəhs edərək balacaları, onların günü olan məhz bu gün münasibətilə təbrik etməyə cəhd etdik- Beynəlxalq Uşaq Gününüz mübarək!

Xədicə QİYAS