Yazırlar və yazdırırlar ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında böhran yaşanır…
Məsuliyyətlə və tam səmimi olaraq bəyan edirəm: AKİ daxilində heç bir böhran-filan mövcud deyil, ola da bilməz. Bəli, böhran yaratmaq istəyən və bunun üçün dəridən-qabıqdan çıxan bir qruplaşma var; onlar nəyin bahasına olursa-olsun, BÖHRAN GÖRÜNTÜSÜ yaratmağa cəhdlər edirlər ki, İttifaqın normal fəaliyyətinə əngəllər törənsin. Bunun üçün saxta bəyanat və yalanlar tirajlayır, müxtəlif orqanlara şikayətlər ünvanlayır, donos yazır, bəzi üzvləri şantaj edir və s.
Oxuculara aydın olsun deyə, qeyd edim ki, AKİ-nin 400-dən artıq üzvü var. Haqqında danışdığım o “ziyanvericilərin” sayı isə 10-15 nəfərdən artıq deyil. Və bu 10-15 nəfər Azərbaycan Kinematoqrafçılar İttifaqının bu ilin mayında keçirilmiş konfransını boykot edərək, sədr seçkisinin yetərsay olmadan keçirildiyini iddia etdilər. Sədr seçkisinin demokratik, azad və şəffaf keçirilməsini həzm edə bilmədilər, əvəzində, təkidlə, qeyri-insani inadkarlıqla sədrin təyinatla seçilməsini istədilər(!). Ancaq paradoks bundadır ki, bu “ziyanvericilər” həm konfransdan əvvəl AKİ-nin İdarə Heyətinin iclasının, həm də konfransın özünün baş tutmaması üçün sağlam məntiqə sığmayan bütün vasitələrdən istifadə etdilər. Görünən budur ki, AKİ-nin fəaliyyətinin iflic vəziyyətə düşməsi, orada işləyən yaradıcı və texniki personalın məvacibsiz qalması, başlanmış film layihələrinin, müsabiqələrin dondurulması, gənc kinematoqrafçıların kreativ layihələri, onlar üçün təşkil olunmuş pulsuz ingilis dili kursları, çeşidli və labüd master-klaslar və sair bu kimi onlarla yaradıcılıq işlərinin əngəllənməsi onların vecinə də deyil… Onların niyyəti və tək istəkləri öz adamlarından birini sədr seçilməsidir, vəssalam. Və nə yazıq ki, hörmətli aktrisamız AKİ-nin birinci katibi Şəfiqə xanım Məmmədova da bu tələlədən yan keçə bilmədi…
Qeyd olunan qrup üzvləri nədənsə anlamırlar, yaxud anlamaq istəmirlər ki, kimin, ya kimlərinsə istəyi, (oxu: kaprizi) zorakılığa istinad etməməlidir – kinomuzun gələcəyi və tərəqqisi ilə bağlı hər hansı əhəmiyyətli hadisə AKİ-nin nizamnaməsinin, kino haqqında qanunun, üzvlərin azad seçim hüquqlarının pozulması ilə müşayiət oluna bilməz, bu, yolverilməzdir və bunun, sadəcə, alternativi yoxdur. Hörmətli Əli İsa Cabbarov, eləcə də İdarə Heyətinin əksər üzvləri dəfələrlə bəyan ediblər ki, kino sahəsində fəaliyyət göstərən və idarəçilik təcrübəsi olan istənilən peşəkar sənət adamı sədr vəzifəsinə öz namizədliyini irəli sürə bilər. Təki seçki demokratik prinsiplər əsasında, azad və ədalətli keçirilsin. Buyursunlar, bu meydan (əgər şeytan deyillərsə), bu da seçki, – öz namizədlərini təqdim etsinlər. Əlbəttə ki, şər-böhtanla yox, qayda-qanunla!..
Heç kəsə sirr deyil ki, bu gün AKİ, Azərbaycan Dövlətinin kinematoqrafiya sahəsində həyata keçirdiyi siyasəti reallaşdıran Mədəniyyət Nazirliyi və nazirliyin nəzdindəki ARKA ilə birgə, məsuliyyətli və ümidverici nailiyyətlərə imza atır. Etiraf etməliyik ki, bu gün Azərbaycan milli kinosu nəhayət ki, uzun illərin ətalətindən qurtularaq öz inkişaf mərhələsinə qədəm qoyub. Bu faktı və bu reallığı inkar etmək insafsızlıq olardı. Mədəniyyət Nazirliyi və ARKA milli kino sənayemizin inkişafı üçün nə qədər səmərəli və təqdirəlayiq işlər görübsə, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu addımları həmişə məmnuniyyətlə dəstəkləyib. Bununla yanaşı, AKİ öz növbəsində, son illər milli kino tariximizi yaşatmaq naminə kino xadimlərinin birləşməsi, məna, məzmun və formaca maraqlı filmlər ərsəyə gəlməsi, onların daha geniş arealda təmsil olunması, vizual-görüntü sənəti vasitəsilə ölkəmizin dünyada tanınıb-sevilməsi, o cümlədən milli-mənəvi dəyərlərin qorunması üçün kifayət qədər pozitiv işlər görüb və görür də. Hamı bilir ki, AKİ-də bütün bu mütərəqqi işlərin “lokomotivi” kinomuzu öz varlığından da artıq istəyən, qoruyan fədakar sənətkar – Əli İsa Cabbarovdur. Və bu faktı danmaq, inkar etmək Allahsızlıqdır…
Sual olunur: bu mövcud vəziyyət, kimi, yaxud kimlərisə niyə narahat etməlidir axı?.. Niyə bəzi “zərərverici” “xadimlər” bundan əndişələnir, təlaşa düşürlər? Nədən axı onlar öz konformist və merkantil maraqlarını kinomuzun taleyindən üstün tuturlar? Məncə cavab birdir: innovativ və kreativ düşüncə ilə kinomuza və onun taleyinə təmiz nəfəs gətirən istedadlı gənclərin yolunu kəsmək. Narsisizmə yoluxmuş, geri zəkalı və hisli-paslı təfəkkür sahiblərindən bundan artıq nə gözləmək olar ki?! Səd heyif.
Son olaraq qeyd edim ki, İdarə Heyətinin qərarına əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi yığıncağı (konfransı) bu il sentyabrın 5-dən gec olmayaraq keçirilməlidir. Şəxsi qənaətimə görə, bu dəfə konfransın işinə mane olmağa cəhd göstərənlər, nizamnaməyə uyğun olaraq, AKİ üzvlüyündən xaric edilməlidirlər.
Allah-Təala mənəviyyatımızın və mədəniyyətimizin tərkib hissəsi olan milli kinomuzu bədxah insanların nəfsindən qorusun!
Eldəniz Quliyev

