“Böyük Qayıdış” film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə həyata keçirilən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – Bədii seçim mərhələsində iştirak hüququ əldə etmişdir. Belə ki, qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Bədii seçim mərhələsində film layihələrini Azərbaycan Respublikası Mədəniyyət Nazirinin əmri ilə təsdiq edilmiş Münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərin adları Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq.

19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək.

30 aprel 2021-ci il tarixdə elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Müsabiqəyə təqdim edilən layihələrin siyahısı ilə burdan tanış ola bilərsiniz.

http://mct.gov.az/az/umumi-xeberler/13520

aki.az