“Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb.

Mədəniyyət Nazirliyindən əldə etdiyimiz məlumata görə, 2020-ci ildə Azərbaycan xalqının əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrətli həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, eyni zamanda arxa cəbhədə birləşən vətəndaşlarımızın fəaliyyəti mövzusuna  həsr olunmuş müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib:

Qeyd edək ki, qəbul olunan layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib. Bundan başqa, müsabiqənin Pitçinq mərhələsi 2021-ci ilin aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi Youtube kanalında nümayiş etdiriləcək.

Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək ki, nəticədə də iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Həmin mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək.

30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə isə ictimaiyyətə öncədən məlumat veriləcək.

Son olaraq qeyd edək ki, bu layihə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə həyata keçirilir.

aki.az