Ceyhun Mirzəyev adlı meteor

Onu qeyri-ixtiyari tərzdə meteorla eyniləşdirmək olur. Balaca İsmayılın böyük İsmayıla keçdiyi yolun meteorla çox güclü assosiasiyası var. Yox, təkcə ona görə yox ki, Ceyhun Mirzəyevin bizə qəflətən təsirində görünən dünyasını dəyişməsi bütün sevdiklərimizin erkən vəfatı kimi olduqca sarsıdıcı oldu. Daha çox ona görə ki, Ceyhun Mirzəyevin bütövlükdə insan, aktyor, vətəndaş şəxsiyyəti meteor parlaqlığı, aniliyi və sürətliliyi təsirində idi. Bu meteorun trayektoriyası düz, dönməz istiqamətdə idi. Və yolun hələ lap əvvəlində “Ögey ana” filmindəki on bir yaşlı qarabala Ceyhunu (ismayılı), sonra isə “Fəryad”dakı İsmayılı indi müşahidə edəndə lap aydın sezirik ki, bu yolun sonucu hansı məzmunda olmalıydı…

Bir çox kino adamları “kino mənim həyatımdır” deyə bilərlər: bu sənəti həyatı qədər sevdiyindən, yaxud kino aləminə ömrünün ən yaxşı illərini bağışladığından. Ceyhun Mirzəyev də belə deyirdi. Amma onun bizim gördüyümüz, bildiyimiz həyatının bütün məqamlarının başlıca özgünlüyü olan səmimiliyinin nagahani təsirliliyi bu deyimə ayrı bir ahəng verirdi; onun çəkiliş meydançasında ilk iştirakı 1 yaşında ikən baş tutmuşdu. 1 yaşlı oğlan uşağının dil açar-açmaz poetik parçalar söyləmək bacarığını görən kino işçiləri Ceyhunu İ. Piryevin “Sibir torpağı haqqında dastan” filminin çəkilişlərinə aparıblar. Bundan sonra biz kinosevərlər onu tez-tez görməyə başladıq – “Koroğlu”, “Əsl dost”, “Bir məhəlləli iki oğlan”, “Cazibə qüvvəsi”, “Görüş”, “Ögey ana”, “Yenilməz batalyon”, “Lətifə”, “Yol əhvalatı” və s. Tez də itirdik. Quruluş verdiyi “Fəryad” filminin sarsıntısı iliyə elə işlədi ki, çox keçmədən o fəryad Ceyhun Mirzəyevin bu dünyanı qəfil tərk etməsinin onu sevənlərin qəlbində qopardığı fəryada qarışdı.

Ceyhun Cəmil oğlu Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini (Rza Təhmasibin kursu) bitirib. Təhsilini Moskvada təkmilləşdirib. Lap kiçik yaşlarından kinoya gəlib – əvvəlcə rollarla, sonralar isə assistent, rejissor köməkçisi, aktyor və rejissor kimi. Duzlu, sərrast süjetlər çəkdiyi “Mozalan” satirik kinojurnalının bədii rəhbəri də olub. Parodiyaçılıq qabiliyyəti çox güclü imiş. Hətta “Mozalan”ın mozalan vızıltısını da o, səsləndirib. Filmoqrafiyasına “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Cazibə qüvvəsi”, “Dəli Kür”, “Ən vacib müsahibə”, “Əsl dost”, “Fəryad”, “Görüş”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Koroğlu”, “Qanlı zəmi”, “Qanun naminə”, “Qara qağayı” (“Lenfilm”), “Lətifə”, “Mateo Falkone”, “Ögey ana”, “Snayperlər” (“Mosfilm”), “Yenilməz batalyon”, “Yol əhvalatı” və s. kimi ekran əsərləri daxildir. C.Mirzəyevin ömür-gün yoldaşı Lidiya Qriqoryevnanın xatirələrindən: “O, “Fəryad” fimini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Ceyhun başqa cür hərəkət edə bilməzdi. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döyün, yalandan görüntü yaratmayın”. Böyük Vətən Müharibəsi qəhrəmanı Aliyə Moldaqulovanın rəşadətindən danışan “Snayperlər” filmində Moldaqulovanın dəstəsində siyasi bölmənin rəhbəri olmuş Salayev rolunda çəkilmişdi. Salayevin anası oğlunun obrazını ekranda canlandırmış Ceyhun Mirzəyevə öz oğlu qədər bağlanıbmış. Ceyhun Mirzəyev üçün kino həm sevib-seçdiyi peşə, həm də həyatının ən munis anlarını yaşaya biləcəyi məşğuliyyəti, sənəti idi. Yeri düşdükci sonsuz vəcdlə “kino mənim həyatımdır” söyləyirmiş. 1993-cü il martın 7-də Azərbaycan Televiziyası ilə efirə gedəcək verilişin titrinə necə olmuşdusa, “Ceyhun Mirzəyevin xatirəsinə” sözləri yazılmışdı. Halbuki həmin verilişi seyr etməyi verilişin qəhrəmanının özü də gözləyirdi. Bu da sənə alın yazısının bəlirtisi… Lidiya Qriqoryevna: “Fevralın 28-də televiziya əməkdaşları veriliş hazırlamaq üçün evimizə gəlmişdilər. Martın 5-də Ceyhun telestudiyaya getmişdi ki, verilişin efirə veriləcək variantı ilə tanış olsun. Saat 8-i ötəndən sonra narahat olmağa başladım. O, heç vaxt o cür xəbər-ətərsiz yubanmazdı. Dostlarına, tanışlarına zəng vurdum. Sakitləşdirib dedilər ki, narahat olmayım, 8 Mart ərəfəsidir, yəqin, Cəmaləylə mənə hədiyyə seçir. Doğrudan da, hədiyyə üçün ayırdığı 250 rublu sonra cibindən tapdıq. (Lidiya xanımın səsi titrəyir, bir neçə saniyəlik pauzadan sonra sözünə davam edir). Sən demə, elə telestudiyada halı xarablaşıb, ürəyi dayanıb”…

Azərbaycan Kinematoqrafçılar İttifaqı