“Dədə Qorqud” - 45

1975-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Dədə Qorqud”, “Dörd bazar günü”, “Alma almaya bənzər”, “Əgər bir yerdəyiksə”, “Firəngiz”, “Tütək səsi” filmlərini istehslata buraxdı. Bu filmlərin hər biri mövzu baxımından, rejissor işinə görə öz yaradıcı gücü olan filmlər olmasına baxmayaraq, onlar arasında olan “Dədə Qorqud” xüsusilə seçildi. Bəlkə də ona görə ki, bu dastan dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılırdı və ən önəmlisi isə Azərbaycan xalqının keçmişini vəsf edirdi.

Filmin yaradıcı heyəti: Ssenrai müəllifi Anar, quruluşçu rejissor Tofiq Tağızadə, operator Rasim ismayılov, rəssam Nadir Zeynalov, bəstəkar Emin Sabitoğlu.

Rollarda iştirak edirlər: Həsən Məmmədov(Dədə Qorqud), Rasim Balayev(Beyrək), Həşim Qadoyev(Qazan), Hamlet Qurbanov(Qıpçaq Məlik), Leyla Şıxlinskaya(Banıçiçək), İnarə Quliyeva (Selcan), Şəfiqə Məmmədova(Burla Xatun), Elçin Məmmədov(Qaraca çoban), Əli Haqverdiyev(Yalıncıq), Fərhad yusifov(Tural) və b.

“Kitabi-Dədə-Qorqud” dastanının motivləri əsasında ssenari yazmaq üçün yazıçı hünəri

Əsrlərin sınağından çıxmış “Kitabi-Dədə-Qorqud  dastanının motivləri əsasında ssenari yazmaq yazıçıdan böyük məsuliyyətlə yanaşı, cəsarət də istəyirdi. Geniş dünyagörüşünə, mütaliəsinə, savadına arxalanan yazıçı Anarın məhz bu dastana müraciət edərək ssenari yazması o dövr üçün çox önəmli addım idi. Ssenarist dastanın boylarını, əlaqədar rəvayətləri, xalq deyimlərini diqqətlə öyrənmiş, onun mətninə yersiz aludəçilik göstərməmişdir. Çoxplanlı eposu olduğu kimi ekrana köçürmçək məqsədi güdməyən ssenarist, onun bəzi süjet xətlərindən, qəhrəmanlarından imtina etmiş, əsərin əsas ideyasına sadiq qalaraq daxili çəkişmələri, müharibədəhşətlərini, faciələri ümumiləşdirmiş, xeyirxahlıq, nəciblik ideyalarını ön plana çəkmişdir.

Yazıçı bu barədə deyib: “12 qoldan ibarət olan “Kitabi-Dədə-Qorqud” dastanında təbliğ edilən birlik, qardaşlıq, vətənpərvərlik ideyaları, müharibələrə nifrət min ildən artıq bir dövr keçməsinə baxmayaraq, bu gün də bəşəriyyəti düşündürən ən böyük problemdir. Dastan diqqətimi məhz bu səbəbdən-müasir dövrlə səsləşməsi ilə cəlb etmişdir. Ssenarini yazarkən çalışmışam ki, həmin dövrün ruhunu, məişət və adət-ənənələrini, hətta dil üslubunu qoruyub saxlayım. Ancaq bəzi arxaik ifadə və sözləri dəyişmişəm. Məsələn, dastanda “qadın ana” ifadəsi tez-tez təkrar olunur. Müasir tamaşaçı üçün ananın qadın olması özü-özlüyündə aydındır. Buna görə də həmin ifadəni “xatun ana” ibarəsi ilə əvəz etməyi daha münasib bilmişəm”.

Tağızadənin rejissurası

Anarın ssenarisi əsasında çəkilən filmin quruluşu rejissor Tofiq Tağızadə həvalə edilib. Və o vaxta qədər rejissor fərqli janrlarda fimlər (“Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan”, “Əmək və qızılgül” və s.) çəkmişdi.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, T.Tağızadə rejissor kimi aktivliyi ilə seçilib. Onun yaradıcı kimi gücü müxtəlif mövzulara müraciət etməklə özünü rejissor kimi daha da inkişaf etdirməsində idi. Bu baxımdan “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan istənilən filmin ona həvalə edilməsi və ya rejissorun şəxsən özünün istənilən mövzuya müraciət etməsi hər hansı bir problem yaratmayıb. Rejissor quruluş verdiyi filmlər haqqındadeyib: “Müxtəlif mövzuda, müxtəlif planda, müxtəlif xarakterdə filmlər çəksəm də, bəzən mənə elə gəlir ki, hələ də öz mövzumu tapa bilməmişəm. Ancaq onu deyə bilərəm ki, sənətkar hansı mövzuya əl atırsa atsın, o mövzu onu cəlb edib düşündürməli, mühüm problem qaldırmalı, xalqın nəbzini tutmalı, müasir tələblərə cavab verməlidir”. Hələ hazırlıq prosesində rejissor deyirdi ki, bu vaxtadək çəkdiyim filmlərdə hadisələrin cərəyan etdiyi tarix əsrimizin əvvəllərindən uzağa getmirdi: ““Dədə Qorqud” mövzusu məni həm tarixi cəhətdən, həm də cəmiyyətin əhval-ruhiyyəsini özündə əks etdirməsi ilə maraqlandırmışdı. Bu əsərdə əsas məqsəd qardaşlıq, dostluq, vətənpərvərlik, insanpərvərlik duyğusunu qabartmaqdır. Qüvvətli olan xalq daim yaşayar, insanlar bir-birinə mehriban olarsa onların arasındakı ziddiyyətlər, düşmənçilik və paxıllıq hissləri bir o qədər tez aradan qalxır. Burada belə bir fikir də aşılanır: İnsan heç bir vaxt ölümdən qaça bilmir, onun sonu ölümdür. Ancaq o, yaşadığı müddətdə yaratmalı, faydalı iş görməli, ziddiyyətlərin qarşısını vaxtında almaq üçün mübarizə aparmalıdır. Bildiyimiz kimi, “Kitabi-Dədə-Qorqud” on iki qoldan ibarətdir. İstedadlı kino dramaturqumuz Anarın bu kino dastanında əsas etibarı ilə Qazan və Beyrək qollarından söhbət açılır. Film ilk kadrından başlayaraq Alp Aruzla Bayandır xan arasındakı ziddiyyətləri qabarıq şəkildə üzə çıxarır”.

Çəkiliş məkanlarına səyahət və ya az maliyyə ilə 2 seriyalı film çəkmək

“Dədə Qorqud” filminin çəkilişləri əsasən Naxçıvanda, Şamaxının Pirqulu kəndində, Qobustanda, kinostudiyanın pavilyonunda, eyni zamanda Bakının Fatmayi kəndində aparılıb. Burla xatunun qırx incəbelli qızla qara geyib, ağladığı səhnə dekorasiya kimi kinostudiyanın pavilyonunda qurulub. Beyrəyin tutulduğu səhnənin bir hissəsi Pirquluda, digər hissəsini isə pavilyonda lentə alınıb. Ancaq Beyrəyin zindandan xilas olaraq el-obasına qayıtdığı, sac üstündə yuxa bişirən qızlarla qarşılaşması, onlardan qarnını doyurmaq üçün yemək istəməsi səhnəsi Bakının Fatmayi kəndində ekranlaşdırılıb. Beyrəyin atla gələrək qalaya daxil olduğu yer Ramana qalasının qarşısında, qalanın içərisi isə dekorasiyada-kinostudiyanın pavilyonunda lentə alınıb.

Yeri gəlmişkən, “Azərbaycanfilm” kinostudiyası çox az hallarda iki seriyalı fim çəkə bilib. Çünki Moskva ikiseriyalı film çəkməyə icazə verməyib. Bunun əsas səbəbi maliyyə olub. Bütün bunları nəzərə alan yaradıcı heyət öncə bir seriyanın puluna iki seriya çəkmək qərarına gəliblər. Görəndə ki, nəticə yaxşı olmayacaq, ona görə dəfilmi iki seriya olaraq təsdiq etdiriblər.

Doğru aktyor seçimi, dəvətli aktyorlarla maraqlı əməkdaşlıq…

Çəkiliş vaxtı ssenari müəllifi və rejissorla bərabər, aktyorların da əsas məqsədi tamaşaçılarda o dövrə aid təsəvvür yaratmaq olub. Əslində bunu bacarıblar da, çünki yaradıcı heyətdə bir araya gələnlərin hər birinin başlıca məqsədi önəmli sənət nümunəsi yaratmağa köklənib.

Bir məqamı da qeyd edək ki, fimdə kənar studiyalardan dəvət alaraq çəkilən aktyorlar üstünlük təşkil edib ki, bu da bir çox narazılıqlara səbəb olub.

Məsələn, Qazan xanı Tacikistandan olan Həşim Qadoyev, Alp Aruzu Gürcüstandan olan Givi Toxadze oynayırdı. Bundan başqa İnarə Quliyeva Moskvadan dəvət olunmuşdu.

Rasim Balayev “Dədə Qorqud” fiılminin kadr arxasında baş verən, ümumiyyətlə isə çəkiliş meydançasındakı məqamlarla bağlı deyib: “Başqa studiyalardan dəvət alan aktyorlarla yerli aktyorlar arasında heç bir narazılıq olmasa da, ümumi götürdükdə bizim hamımızda bir qısqanclıq hissi vardı. Yadımdadır, bizim aktyorlar hamısı etiraz edirdi ki, “gedib ordan-burdan aktyor gətirirsiz, bəs bizdə necə aktyor yetişəcək?” Filmdəki narazılıq əsasən bundan ibarət idi.

Bədii Şura Rasim Balayevin ifasını təsdiqlədi

Filmdə Beyrək obrazı hadisələrin inkişaf mərkəzində dayandığı üçün sınaq çəkilişləri zamanı çox sayda aktyor rol üçün yoxlanılıb. Həmin aktyorlar arasında Rasim Balayevlə Nodar Şaşıqoğlu da olub. Tofiq Tağızadə israrla Nodar Şaşıqoğlunu Beyrək roluna çəkmək istəyib. Yəqin ona görə ki, o vaxta qədər aktyorla rejissor arasıənda əməkdaşlıq səviyyəsi üstünlük təşkil edirdi və bir-birlərinin iş prinsiplərinə bələd idilər. Bədii Şura da öz növbəsində israrla bu rola Rasim Balayevi təsdiq edib. Akltyor deyir ki, atla bağlı bir az qorxum olduğuna görə, bu mənə problem yaradırdı. Buna görə də uzunmüddətli məşqlər etdik. Məşqlərdən sonra nisbətən at sürməyə alışdım.Beyrəyin şirlə döyüşdüyü səhnəni də dekorasiyada çəkmişdik. Əslində ürəyimdən olan bir səhnə deyildi, açığı, qorxurdum. Çünki nə qədər əhilləşdirilsə də vəhşi heyvan idi. Təbii olaraq çətin çəkilən səhnə idi. İndiki şəraitdə heç vaxt getməzdim o çəkilişə. Çünki əvvəlcə mənə dedilər ki, heç bir qorxusu yoxdur, şirin ayaqlarını iplə bağlayıblar. Yəni, əks gedən bir şey olsa, iplə bağlı ayaqlarını dartacaqlar.  Mən buna inandım, amma çəkiliş zamanı anladım ki, tərs gedən bir şey olsa belə, şirin ayağını iplə dartmaq mümkünsüzdür. Mən onu qıcıqlandırırdım ki, üstümə gəlsin. Qıcıqlandırırdım, amma sonra görürdüm ki, şir həddindən artıq diqqət kəsilib mənə, çox qorxurdum. Vəhşi heyvan idi, elə bir cırmaq atmağı bəs idi ki, adamın gözü kor olaydı. Bir sözlə, çox təhlükəli səhnə idi. Amma şükürlər olsun ki, yaxşı qurtardıq. Dəqiq yadımda deyil, amma bilirəm ki, bu səhnə bir neçə dubla çəkildi”.

Elçin Məmmədov Qaraca çoban kimi

Rəssam, aktyor Elçin Məmmədovun kinoda debütü “Yeddi oğul istərəm” filmində Mirpaşa rolu ilə olub. Mirpaşa roluna Elçin Məmmədovu hələ film çəkilməzdən qabaq Kamil Rüstəmbəyov düşünüb və dəvət edib. Sonrakı proseslərdə rejissor yerdəyişməsi işlərin ahəngini dəyişsə də, yeni gələn rejissor Tofiq Tağızadə də onu Mirpaşa rolunda görüb. Maraqlı işbirliyinin nəticəsidr ki, Mirpaşa obrazından sonra Elçin Məmmədov “Dədə Qorqud” filmindəki Qaraca çoban obrazında dəvət olunur.

Aktyorun bacısı Solmaz Həmzəyeva xatirələrində deyib ki, “Dədə Qorqud” filminin çəkilişləri zamanı Elçin Məmmədovla yaradıcı heyət arasında narazılıq yaranıb: “Buna səbəb isə Qaraca çobanın qoyunları qayadan atma səhnəsi ilə bağlı idi. Belə ki, aktyor qoyunları diri-diri atmağa razılıq vermirdi. Çünki qoyunlar qayadan atılarkən daşa dəyib parçalanacaq və öləcəkdi. Aktyorun inadını gördükdən sonra məcburiyyət qarşısında qalıb kukla qoyunlar düzəltmişdilər”. Bundan başqa, Qaraca çobanın ağacı kökündən çıxarmaq səhnəsi də çətinliklə alınırdı. Çəkiliş başlamamışdan qabaq yüzillik ağacı kökündən çıxarıb, sonra həmin ağacı yenidən yerinə basdırırlar ki, Qaraca çobanı ağaca bağlayanda onu asanlıqla yerindən çıxara bilsin. Həmin səhnənin çəkilişi başlayır. Qaraca çobanı da ağaca bağlayırlar. Ancaq aktyor nə qədər tərpətsə də, əziyyət çəksə də, ağacı yerindən çıxara bilmir. Demə, ağacı yerinə o qədər bərk basdırmışdılar ki, çıxarmaqda çətinlik çəksin. Elə bu zaman da məşəlləri yandırmağa başlayırlar. Od parçaları da qolları bağlı olan Qaraca çobanın üstünə tökülür və qollarını yandırırmış.Məhz belə səhnələrdə iştirak etmək aktyorlardan dözümlülük tələb edir ki, nəticədə də bütün bunlar filmin təbii alınmasına şərait yaradır.

Xədicə QİYAS