Dövlət film sektorunda pozuntularla bağlı Hesablama Palatasının hesabatının tam mətni

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatası rəy vermiş və həmin rəydə dövlət film sektorundakı pozuntular  da yer almışdır. Kino ictimaiyyətinin marağını nəzərə alaraq hesabatın tam mətnini  təqdim edirik:

Audit olunan qurum

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 20.04.2018-ci il tarixli 4 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılmışdır. Nazirliyin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 06.06.2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə tənzimlənir. Əsasnamə ilə Nazirlik mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamə ilə yüksək bədii dəyərli əsərlər yaradılması üçün dövlət sifarişlərinin həyata keçirilməsi Nazirliyin vəzifələri arasında müəyyən edilmişdir. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları aşağıdakı istiqamətlərdə müəyyən edilmişdir.

  • Kinematoqrafiya sahəsində qanunvericiliyin yaradılması, Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;
  • Kinematoqrafiyanın yaradıcı, təhsil, istehsal, maddi-texniki, elmi və informasiya bazasının təmin olunması, kinematoqrafiya kadrlarının hazırlanması;
  • Kinematoqrafiyanın qorunmasına və inkişafına dövlət təminatı, filmlərin yayımı və nümayişi üçün şərait yaradılması, kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi;
  • Dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi;
  • Uşaq və gənclər üçün filmlərin və debüt-filmlərin yaradılmasının təmin edilməsi;
  • Kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığa təminat verilməsi.

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi ilə kinematoqrafiya müəssisələrinin maliyyələşdirilmə mənbələri kimi mülkiyyət formasından asılı olaraq dövlət büdcəsi və xüsusi mülkiyyətçinin vəsaitləri, fiziki və hüquqi şəxslərin könüllü ayırmaları, özlərinin fəaliyyətindən əldə edilmiş gəlirləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr müəyyən edilmişdir.

Əhatə edilmiş vəsait

Nazirlik üzrə dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi 2020-ci ildə 4524,0 min manat, 2021-ci ildə 6520,8 min manat, cəmi 11044,8 min manat təşkil etmişdir. Bundan 2020-ci ildə 2817,7 min manatı 34 filmin çəkilişinə və 31 tədbirin həyata keçirilməsinə, 2021-ci ildə 6497,7 min manatı 45 filmin çəkilişinə və 40 tədbirin həyata keçirilməsinə olmaqla Auditlə əhatə olunan dövr ərzində cəmi vəsaitin 9315,4 min manatı və ya 84,3%-i 79 kinofilmin çəkilişinə və 71 tədbirin həyata keçirilməsinə xərc edilmiş, qalan 1729,4 min manatı və ya 15,7%-i (o cümlədən 2020-ci ildə 1706281,0 manatı və 2021-ci ildə 23131,0 manatı) ilin sonunda dövlət büdcəsinə qaytarılmışdır. Auditin əhatə etdiyi illərdə istifadə edilmiş vəsaitin 17,0%-i 12 özəl studiyanın payına düşmüş, qalan hissəsi isə 6 dövlət studiyası üzrə müxtəlif filmlərə, həmin studiyalar və Nazirlik tərəfindən tədbirlərə yönəldilmişdir. Auditlə dövlət studiyalarından C.Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə”, “Mozalan” kinostudiyaları, həmçinin “Narimanfilm” kinostudiyası tərəfindən dövlət vəsaiti hesabına çəkilən ümumilikdə 7 filmlə bağlı 2269,4 min manat, həmçinin Nazirlik və studiyalar tərəfindən 71 tədbirin həyata keçirilməsi ilə bağlı 2154,2 min manat, ümumilikdə isə 4423,5 min manat  məbləğində vəsait əhatə olunmuşdur ki, bu da büdcədən ayrılan cəmi vəsaitin 47,5%-ni təşkil etmişdir.

XÜLASƏ

Hesablama Palatasının 2022-ci il üçün İş planına əsasən aparılmış audit dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən idarə olunması, filmlərin çəkilişi və kinematoqrafiya sahəsində tədbirlərin maliyyələşdirilməsi və vəsaitlərin studiyalar tərəfindən istifadəsinin, eləcə də aparılmış xərc əməliyyatları ilə bağlı hesabatlılığın təşkilinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşımışdır. Nazirlik üzrə dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi auditin əhatə etdiyi illərdə cəmi 11044,8 min manat təşkil etmiş, həmin vəsaitin  84,3%-i 79 kinofilmin çəkilişinə və 71 tədbirin həyata keçirilməsinə xərc edilmiş, qalan 15,7%-i ilin sonunda dövlət büdcəsinə qaytarılmışdır. Nəzarət tədbiri ilə dövlət studiyalarından C. Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə”, “Mozalan” kinostudiyaları, həmçinin “Narimanfilm” kinostudiyası tərəfindən dövlət vəsaiti hesabına çəkilən ümumilikdə 7 filmlə bağlı 2269,4 min manat, həmçinin Nazirlik və studiyalar tərəfindən 71 tədbirin həyata keçirilməsi ilə bağlı 2154,2 min manat, ümumilikdə isə 4423,5 min manat məbləğində vəsait əhatə olumuşdur ki, bu da istifadə edilmiş vəsaitin 47,5%-ni təşkil etmişdir. Aparılmış audit ilk növbədə kinematoqrafiya sahəsini tənzimləyən hüquqi aktların uzun illər əvvəl yaradıldığını, müasir tələb və çağırışlara uyğun təkmilləşdirilmədiyini göstərir. Belə ki, hər il dövlət büdcəsindən müəyyən maliyyə təminatının ayrılmasına baxmayaraq, hüquqi aktlarda kinematoqrafiya sahəsində dövlət sifarişinin prinsipləri, istiqamətləri və bu sifarişin həyata keçirilməsi mexanizmləri hal-hazırkı dövrədək müəyyənləşdirilməmişdir. Bu isə dövlət sifarişi ilə çəkilən filmlərin bəzi hallarda istehsal üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş müddətlərdə başa çatmaması, bir sıra hallarda isə başa çatdırılmadan konservasiya olunması və ayrılmış vəsaitin digər istiqamətlərə yönəldilməsi ilə nəticələnir. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlı diqqətə çatdırılmalıdır ki, bəzi anlayışlardan həmin qanunda istifadə edilsə də, bu anlayışların tərifi müəyyən edilməmiş (məsələn, audiovizual əsər), kinematoqrafiya yalnız əsərlərin yaradılmasına və istifadəsinə yönəldilmiş bir sahə kimi müəyyən edilərək, yayımlanma bu prosesə daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008- 2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə kino sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi Dövlət Proqramının məqsəd və vəzifələrindən, kinonun normativ-hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsi isə gözlənilən nəticələrdən biri kimi müəyyən olunmuş, Tədbirlər Planında bu tədbirlərin icra müddəti kimi 2008-2009-cu illər göstərilsə də, bu istiqamətdə tədbirlər başa çatdırılmamışdır. Müxtəlif ölkələrin kinematoqrafiya sahəsində qanunvericiliyinin araşdırılması və müqayisəsi kinematoqrafiya üzrə hüquqi aktlarda filmlərin yaş qruplarına bölünməsi və bununla bağlı meyarlar, filmlərin növlərinin müəyyən edilməsi, milli filmlərə və milli filmlərin istehsalı ilə məşğul olan televiziya kanallarına dəstək istiqamətləri, kinematoqrafiya sahəsində dövlət dəstəyinin əsas istiqamətləri, vəzifələri və formaları, kinematoqrafiya müəssisələrinin fəaliyyət çərçivəsi, dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi ilə bağlı prosedurlar, filmlərin maliyyələşdirilməsinin istiqamətləri və s. sahələrin geniş əks olunmadığını qeyd etmək imkanı verir. Müsabiqə prosedurlarının və bu sahədə komissiyaların fəaliyyətinin tam şəkildə, eləcə də apelyasiya müraciəti ilə bağlı və filmin dayandırılması üzrə qərarların qəbul edilməsi prosesləri tənzimlənməmişdir. Seçim komissiyasının fəaliyyəti ilə bağlı Nazirlik tərəfindən qəbul edilmiş Reqlament təkmil olmamış, dövlət sifarişi ilə film çəkilişinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilməyən *maliyyələşmə istiqamətləri də nəzərdə tutulmuş, müsabiqə ilə bağlı fəaliyyətin bəzi sahələri qeyri-müəyyən formada əks etdirilmiş, layihələrin maliyyələşdirilməsi 3 mərhələdən ibarət olmaqla müəyyən edilsə də, hər mərhələnin sərhədləri müəyyənləşdirilməmiş, başqa sözlə, bu mərhələlərin hansı tədbirləri əhatə etməsi əks olunmamışdır. Qeyd edilənlər seçim və qiymətləndirmədə şəffaflıq prinsiplərinə əməl olunması, dövlət sifarişi ilə filmlərin seçilməsində şəffaflıq prinsiplərinin reallaşdırılması, eləcə də rəqabətliliyin təmin edilməsində və ədalətli qərarların qəbulunda riskləri formalaşdırmaqla, qəbul edilmiş qərarlar üzrə şikayət vermək hüququnun reallaşdırılması imkanlarını da məhdudlaşdırmışdır. Auditin əhatə etdiyi dövrdə bir sıra filmlərin istehsalının müvəqqəti dayandırıldığı və ya bu prosesə xitam verildiyi faktını diqqətə alsaq, bu proseslərin də hər hansı bir sənədlə tənzimlənmədiyi diqqətə çatdırılmalıdır. Aparılmış müzakirələr nəticəsində bu istiqamətdə qərarların digər komissiya tərəfindən verildiyi və əmrlə rəsmləşdirildiyi müəyyən olunmuşdur ki, bu da iki komissiyanın qəbul etdiyi qərarların ziddiyyəti məsələsinin xüsusi araşdırılması zərurətini ortaya qoyur. Dövlət sifarişi ilə çəkiləcək filmlərin seçim prosedurlarının təkmil olmaması filmlərin çəkilməsi üçün tələb olunan vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması ilə də nəticələnmişdir. Nəticədə bəzi hallarda filmlərin 1 vahidinin nəzərdə tutulmuş dəyəri ilə faktiki icra edilmiş göstərici arasında nəzərəçarpacaq fərqlər formalaşmışdır. Əhatə olunmuş illərdə bir neçə istiqamət üzrə vəsait nəzərdə tutulmadığı halda, bu məqsədlə vəsait icra edilmiş, eləcə də il ərzində planlaşdırılmış və həyata keçirilmiş istiqamətlər üzrə fərqlər mövcud olmuş, filmlərin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi il ərzində, yuxarıda qeyd edilənlərlə yanaşı, ayrı-ayrı istiqamətlər çərçivəsində də dəyişikliklərlə nəticələnmişdir. Belə ki, vahidinin dəyəri fərqli olan filmlərin sayı icra zamanı bəzi hallarda artırılmış, bəzi hallarda isə azaldılmışdır. Bu hal 2020-2021-ci illərdə bədii və sənədli filmlər üzrə müşahidə edilmişdir. 2021-ci ildə bəzi hallarda, məsələn, tammetrajlı sənədli filmlər və cizgi filmləri üzrə say müəyyən olunmadan vəsait proqnozlaşdırılması kifayət qədər böyük həcmdə ehtiyat vəsaitin proqnozlaşdırılması ilə icra prosesində həmin vəsaitin digər istiqamətlərə yönəldildiyini qeyd etmək imkanı verir. Ümumilikdə, proqnoz və icra göstəriciləri arasında fərq işin 1 vahidinin dəyəri üzrə, xüsusilə 2020-ci ildə müşahidə olunur. Məsələn, həmin ildə birinin dəyəri 800,0 min manat olan 2 tammetrajlı filmin çəkilişi nəzərdə tutulsa da, ilin sonuna 1 film çəkilişinə 214,2 min manat və ya nəzərdə tutulmuş dəyərdən 3,7 dəfə az vəsait istifadə edilmiş, dəyəri 100,0 min manat olan 2 qısametrajlı debüt bədii filmin çəkilişi proqnozlaşdırılmış, dəyəri 18,4 min manat və ya 5,4 dəfə az olan 1 film istehsal olunmuşdur. Ən böyük fərq qısametrajlı bədii filmin çəkilişində müşahidə edilmişdir. Belə ki, proqnozlaşdırılmış 4 film müqabilində 2 film çəkilmiş, 1 filmə faktiki çəkilmiş xərc proqnoz göstəricisindən 15,4 dəfə az olmuşdur. Bu hal 2021-ci ildə də müşahidə edilsə də, fərq müəyyən qədər az olmuşdur. Həmin ildə ən böyük göstərici cizgi filmləri üzrə müşahidə edilmişdir. Eləcə də, debüt filmlərinin istehsalı nəzərdə tutulmasa da, il ərzində bu istiqamətdə vəsait istifadə edilmişdir. Filmlərin smeta dəyərinin düzgün müəyyənləşdirilməməsi bir sıra hallarda ayrılmış vəsaitlərinin istiqamətinin dəyişdirilməsinə səbəb olmuş, bəzi hallarda isə istehsal dəyərinin düzgün olmayan artımına şərait yaratmışdır. Belə ki, auditin əhatə etdiyi illərdə seçmə üsulla baxılmış filmlər üzrə bəzi hallarda tələb olunandan artıq vəsaitin nəzərdə tutulması ilə həmin məbləğin digər istiqamətlərə yönəldilməsi halları da müəyyənləşdirilmişdir. Bəzi hallarda seçilmiş ssenarilər üzrə vəsait ödənişinin növbəti illərdə həyata keçirilməsi hallarına da rast gəlinmişdir. Eyni zamanda, seçmə üsulla baxılmış bəzi filmlərin istehsal dəyərinin, eləcə də studiya xərclərinin artırılması hallarına da yol verildiyi müəyyən edilmişdir. Dövlət sifarişi ilə filmlərin maliyyələşdirilməsi məqsədilə bəzi hallarda müştərək maliyyələşmə mexanizmi tətbiq olunmuşdur. Bağlanmış müqavilələrin icrası üzərində nəzarətin təmin edilməməsi müştərək maliyyələşmə mexanizminin nəzərdə tutulduğu bəzi hallarda filmin faktiki olaraq dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələndiyini göstərir. Hüquqi aktların təkmil olmaması və bu sahədə Nazirlik tərəfindən monitorinq fəaliyyətinin təşkil edilməməsi dövlət sifarişi ilə filmlərin bir sıra hallarda başa çatdırılmaması, eləcə də icra müddətinin uzadılması ilə nəticələnmişdir ki, bu da ayrılmış vəsaitlər üzrə “məqsəd-nəticə” uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmaqla, bu uyğunluq üzrə yüksək nəticələrin əldə edilməsində riskləri formalaşdırmışdır. Auditin əhatə etdiyi illərdə başa çatdırılması nəzərdə tutulmuş filmlər üzrə məlumatların müqayisəli təhlili dövlət studiyaları tərəfindən 44 filmin istehsalının başa çatdırıldığını göstərir və “Salnamə” studiyasının payı bu göstəricidə daha böyükdür. 2019-cu ildə istehsalına başlanmış cəmi 1 film həmin ildə də yekunlaşdırılmış, bu film istisna olmaqla, kinostudiya tərəfindən ümumilikdə 20 filmə ayrılmış ümumilikdə 7605,1 min manat vəsaitin 33,1%-i çəkilişi dayandırılmış və 15,8%-i çəkilişinə xitam verilmiş filmlərin payına düşmüşdür. Qeyd edək ki, “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.03.2019-cu il tarixli 1007 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə filmlərin istehsalına ayrılmış 5000,0 min manat vəsait çərçivəsində 9 filmin çəkilişi və 1 tədbir üzrə nəzərdə tutulmuş, filmlərin 5-nin istehsalı Nazirliyin müvafiq əmri ilə ya dayandırılmış, ya da istehsalına xitam verilmişdir. Beləliklə də, 5 film üzrə ümumilikdə ayrılmış 890,0 min manat məbləğində vəsaitin 80,1%-i istifadə edilsə də, həmin filmlər başa çatdırılmamışdır. Ayrılmış həmin vəsait üzrə istifadə edilməmiş hissə, nəzərdə tutulmadığı halda, avadanlıqların alınması istiqamətində növbəti ildə icra edilmişdir. Ümumilikdə filmlərin istehsalı prosesində bağlanmış müqavilələrin müddətinin uzadılmasına üstünlük verilmişdir ki, bu da, öz növbəsində, ayrılmış vəsaitlərin istifadəsində, eləcə də kinostudiyaların fəaliyyətində yüksək nəticəlilik əldə olunmasında risklər formalaşdırır. Belə ki, Debüt studiyası istisna olmaqla, digər studiyalar tərəfindən filmlərin çəkilişi üçün bağlanmış müqavilə ən azı 1 dəfə uzadılmış, bu studiya tərəfindən 3 film yalnız bir müqavilə çərçivəsində istehsal olunmuşdur. Digər studiyalar isə pandemiya, texniki imkanlar, maliyyə çatışmazlığı və s. bu kimi səbəblər göstərilməklə müqavilələrə dəyişikliklər etmişdir. Vurğulanmalıdır ki, göstərilən səbəblər bir daha proqnoz göstəricilərinin işlənməsi, eləcə də studiyaların seçimi ilə bağlı fəaliyyətdə risklərdən xəbər verir. Ümumiyyətlə, təhlil göstərir ki, 5 dövlət studiyasından 3-ü tərəfindən çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edilmiş, bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmamışdır. Studiyalar tərəfindən çəkilmiş filmlərin televiziya kanallarında və kinozallarda az sayda nümayiş olunması, bəzi dövlət studiyalarının festivallarda iştirak etməməsi gəlirlilik səviyyəsinin olmaması ilə nəticələnmişdir ki, bu da dövlət sifarişi ilə çəkilən filmlərin ictimai-sosial maraqlara uyğunluğu və seçim prosedurlarının natamamlılığı ilə bağlı qənaəti bir daha gücləndirir. Filmlərin çəkilişi ilə bağlı nəticəlilik göstəricisi kimi beynəlxalq təcrübədə filmlərin festivallarda iştirakı, eləcə də kinoteatrlar və TV-lərdə nümayiş sayı, həmçinin əldə edilmiş gəlirlər də qəbul olunur. Ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilmişdir ki, bu da çəkilən xərclə müqayisə olunmaz göstəricidir. Nümayiş sayına gəldikdə isə, televiziya kanalları və kinozallarda 2 studiya üzrə ümumilikdə 39 filmin 10-u 3 fərqli kanalda, 10-u Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunmuş, 18 filmin sosial şəbəkələrdə baxış sayı 3039012 say təşkil etmişdir. 39 filmdən yalnız “Salnamə” studiyası üzrə 1 film 10-a yaxın festivalda nümayiş etdirilmişdir. Ümumiyyətlə, festivallarda və yerli televiziya kanallarında nümayiş “Azanfilm” və “Mozalan” studiyalarının filmləri üzrə daha mütəmadi həyata keçirilmişdir. Müxtəlif illərdə dövlət sifarişi ilə filmlərin istehsalına ayrılmış vəsaitlərdən studiya xərclərinin demək olar ki, bərabər göstəricilər üzrə müəyyən edilməsi studiya xərclərinin əsaslı şəkildə proqnozlaşdırılmadığını göstərməklə, film və tədbirlərin smeta xərclərinin daha çox nəzərdə tutulması nəticəsində formalaşan əlavə vəsaitin ölkə üzrə əməkhaqqı və qiymətlər səviyyəsinin artım dinamikası, həmçinin düzgün olmayaraq studiya xərclərinin artırılması şəraitində təyinatını dəyişdirməklə studiya xərclərinin ödənilməsi məqsədi daşımış, ümumiyyətlə, bu addımlar fəaliyyəti yalnız dövlət sifarişi ilə film istehsalı üzrə vəsaitlər hesabına təmin edilən studiyaların saxlanılmasına yönəlmişdir. 2021-ci illə müqayisədə 2020-ci ildə studiya xərclərinin ayrılmış vəsaitlərdə payı artım meyilli olmuşdur. Qeyd edilməlidir ki, müqayisə məqsədilə 2019-cu il üzrə müvafiq göstəricilər də diqqətə alınmışdır ki, həmin illə 2020-ci ilin göstəriciləri, demək olar ki, eynidir. Ümumiyyətlə, studiyalar üzrə müqayisə “Debüt studiyası” və “Filming Azərbaycan” studiyası üzrə studiya xərclərinin daha yüksək faizlə müəyyən olunduğunu, eləcə də tədbirlər üzrə göstəricinin filmlərlə müqayisədə daha böyük olduğunu göstərir. Studiyaların fəaliyyətinin yalnız dövlət sifarişi ilə filmlərin çəkilməsi, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi hesabına təmin edildiyini diqqətə alsaq, bu filmlərin istehsalının Nazirliyin tabeli studiyalarına tapşırılması da məhz studiyaların saxlanması məqsədi daşımışdır. Qiymət və əməkhaqqı artımı fonunda isə yaranan əlavə studiya xərclərinin artımının ödənilməsi zərurəti formalaşır. Seçmə üsulla bəzi filmlər üzrə toplanmış audit sübutlarına əsaslanmaqla studiya xərclərinin artırıldığını qeyd etmək olar ki, bu və yuxarıda qeyd edilmiş meyillər hesabına formalaşan həmin əlavə xərclər səbəbi ilə film və tədbirlərə ayrılan vəsaitin bir hissəsinin bu istiqamətə yönəldildiyi vurğulanmalıdır. Audit sübutlarının təhlili göstərir ki, filmlərin çəkilməsi, müxtəlif istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsi, eləcə də göstərilmiş xidmətlər üçün qeyri-rezidentlərə haqların ödənilməsi prosesində bir sıra studiyalar tərəfindən bəzi hallarda hüquqi aktlarla müəyyən edilmiş dövlət öhdəliklərinin tutulması və müvafiq büdcələrə ödənilməsi həyata keçirilməmiş, bir sıra hallarda isə vəsait az köçürülmüşdür. Nəzarət fəaliyyətinin təşkil edilməməsi hüquqi aktların tələblərinin pozulması ilə nəticələnmişdir ki, bu da ümumilikdə 93,3 min manat məbləğində dövlət öhdəliyinin ödənilməməsi və bu borcun uçota alınmamasına səbəb olmuşdur. Təlim layihələri və dublyaj fəaliyyətinin təkmilləşdirilməsinə istifadə edilmiş vəsaitin düzgün proqnozlaşdırılmaması, eləcə də istifadəsi üzərində hesabatlılığın təmin olunmaması vəsaitlərin tam olaraq müəyyən edilmiş məqsədlərə yönəldilməməsi ilə nəticələnərək, ayrılmış vəsaitlər müqabilində əldə olunmuş nəticələrin qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, həmçinin vəsaitin bir hissəsinin studiyanın saxlanmasına yönəldilməsi məqsədilə tələb olunandan artıq proqnozlaşdırıldığı qənaətini formalaşdırmışdır. Audit sübutları layihələr üçün tələb olunan vəsaitin proqnozlaşdırılması, həmin vəsaitlərin idarə olunması, eləcə də vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılığın təmin olunması mərhələlərində bir sıra nöqsanlara yol verildiyini göstərir. Layihələrin həyata keçirilməsi prosesində vəsaitin bir hissəsinin studiyanın saxlanması ilə bağlı xərclərə yönəldilməsi tələb olunan vəsaitlərin məhz bu məqsədlə artıq proqnozlaşdırıldığını qeyd etmək imkanı verir. Əlavə olaraq, layihələrin icrası prosesində bağlanılmış müqavilələrin icrası ilə bağlı nöqsanlara yol verilmiş, vəsaitlərin bəzi istiqamətlərdə istifadəsinin təsdiqində risklər müəyyənləşdirilmişdir. “İnterAct 2021” layihəsi çərçivəsində bağlanmış müqavilələr üzrə öhdəliklər bir sıra hallarda tam yerinə yetirilməyərək, müqavilədə nəzərdə tutulmayan xidmətlərin göstərilməsi barədə elektron qaimələr və təhvil-təslim aktları sənədləşdirilməklə, bəzi hallarda isə layihənin başlanması tarixindən əvvəlki dövr üçün vəsait istifadəsinə yol verilmişdir. Birinci istiqamətdə 7 halda icraçılara 27,3 min manat büdcə vəsaiti müqavilədə nəzərdə tutulmayan iş və xidmətlərə, ikinci istiqamətdə isə 41,1 min manat büdcə vəsaiti ödənilmişdir. “Debüt studiyası” tərəfindən kinematoqrafiya sahəsində “İnterAct” seminar-təlim layihəsinin təşkili üzrə icraçılarla bağlanmış xidmət müqavilələrinin icrası zamanı xidmət müqavilələrində avans ödənişləri nəzərdə tutulmadığı 8 halda 37,6 min manat məbləğində qabaqcadan ödənişlər həyata keçirilmiş, xidmətin göstərilməsinə dair elektron qaimələr  ödənişin aparıldığı tarixdən 1-93 gün, 1 halda isə 8 ay sonra, “Debüt Studiyası” MMC tərəfindən isə 11 halda 39,4 min manat məbləğində qabaqcadan ödənişlər həyata keçirilmiş, xidmətin göstərilməsinə dair elektron qaimələr ödənişin aparıldığı tarixdən 1-59 gün sonra tərtib edilmişdir. Auditin predmeti üzrə qüvvədə olan hüquqi aktların təhlili bu sənədlərin 25 il əvvəl yaradıldığı, 20 ildən artıq müddətdə əlavə və dəyişikliklərin olunmadığını qeyd etməklə yanaşı, ötən dövr ərzində əməkhaqqı səviyyəsinin artımı fonunda yaranan yeni peşələrin hüquqi aktda olmamasının bir sıra nöqsanların yaranmasına səbəb olduğunu deməyə imkan verir. Belə ki, kinostudiyalar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.05.1997-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11.05.2004-cü il tarixli 65 nömrəli Qərarı ilə dəyişiklik edilmiş “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” ilə dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradıcı heyətinə müəllif qonorarı, quruluş və sair haqlarının minimum məbləğindən dəfələrlə çox müəyyən edilsə də, ödənilmiş qonorar məbləğləri bu həddən dəfələrlə çox olmuş, eləcə də müəyyən edilməyən istiqamətlər üzrə vəsait icra olunmuşdur. Son nəticədə seçmə qaydada baxılmış 7 film üzrə 492,8 min manat minimum həddən 2,8-6,2 dəfə çox olmaqla, 173,4 min manat isə hüquqi aktlarda nəzərdə tutulmayan vəzifələrə qonorar ödənilməsinə xərclənmişdir. Studiyalar tərəfindən bağlanmış müqavilələrin tərtibi və icrası, eləcə də həmin müqavilələr üzrə hesabatlılığın təmin olunması prosesində bir sıra nöqsanlara yol verilmiş, həmin nöqsanlar əsasən prosedur xarakterli olmaqla istifadə edilmiş vəsait və əldə edilmiş nəticə arasında uyğunluğun müəyyənləşdirilməsinə şərait yaratmamışdır. Bu istiqamətdə meyarlara uyğun gəlməyən iddiaçının qalib elan olunması, müqavilə müddətinin uzadılması, yerinə yetirilməyən öhdəliklər üzrə vəsaitin ödənilməsi, ödənişin müqavilə şərtlərinə riayət edilmədən həyata keçirilməsi, müqavilə üzrə hesabatlılığın müvafiq qaydada təmin edilməməsi, müqavilədə nəzərdə tutulmayan xidmətlər üçün vəsait ödənilməsi, eyni xidmət üzrə vəsaitin təkrar ödənilməsi kimi hallara yol verilmişdir. “Filming Azərbaijan” MMC tərəfindən fəaliyyətin təşkili üzrə Nazirliklə bağlanmış 25.11.2020-ci il tarixli müqavilənin icrası barədə ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanmış xidmət müqavilələri üzrə çəkiliş, dizayn, foto, video, montaj, operator və reklam xidmətlərinə vəsaitin xərclənməsi müvafiq təsdiqedici sənədlərlə əsaslandırılmamış, bağlanmış müqavilədə, qiymətlərin razılaşdırılması protokolunda və işlərin təhvil-təslim aktında göstərilmiş xidmətlər ümumi adla qeyd olunmuş, əldə olunmuş hazır materialların (video, foto, videoçarx və s.) uçotu aparılmamış, həmin materialların Nazirliyə və ya digər dövlət orqanlarına təhvil verilməsi müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilməmiş, nəticədə 2021-ci ildə tam əsaslandırılmamış xidmətlər üzrə 57,8 min manat, “Debüt” studiyası tərəfindən 2020-ci ildə bağlanmış xidmət müqavilələrində (4 müqavilə) nəzərdə tutulan xidmətlər İcraçılar tərəfindən göstərilmədiyi və xidmətin icrası müvafiq sənədlərlə (elektron qaimələr, vergi hesab-fakturası, təhvil-təslim aktı və s.) təsdiqlənmədiyi halda, 2020-ci ildə 4 icraçıya 15,5 min manat məbləğində büdcə vəsaiti ödənilmişdir. Dövlət sifarişi ilə bağlı fəaliyyətin təmin edilməsi istiqamətində məsul orqan olaraq Nazirlik tərəfindən fəaliyyətin əhatəli şəkildə təşkil edilməməsi, o cümlədən filmlərin və tədbirlərin smeta dəyərinin düzgün müəyyənləşdirilməməsi, filmlərin istehsalı prosesinə nəzarətin təmin edilməməsi ilə yanaşı bir sıra istiqamətlərdə vəsaitin təyinatının dəyişdirilməsi, müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və hesabatlılıqla bağlı nəzarət mexanizmlərinin tətbiq olunmaması, daxili nəzarət sistemi çərçivəsində risklərin müəyyənləşdirilməməsi və monitorinqlərin həyata keçirilməməsi hallarına da yol verilmişdir. Nazirlik tərəfindən Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tələblərinə əməl olunmayaraq, filmlərin çəkilişi üçün ayrılmış vəsaitdən 2020-ci ildə 4,8 min manat və 2021-ci ildə 11,0 min manat olmaqla, cəmi 15,8 min manat vəsait “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tətbiqinə yönəldilmiş, istifadə olunmamış vəsaitin mənbəyinə qaytarılmasına nəzarət olunmamışdır. Ümumiyyətlə, audit sübutları dövlət sifarişi ilə film istehsalına ayrılan vəsaitin müxtəlif xidmətlərin alınmasına yönəldildiyini, bununla da vəsaitin funksional təyinatının dəyişdirildiyini göstərir. Nazirlik və studiyalar tərəfindən maliyyə uçotunun təşkili ilə bağlı fəaliyyətdə hüquqi aktların tələblərinə tam əməl edilməməsi filmlərin istehsalına ayrılmış vəsaitlərin istifadəsinə dair hesabatlılığın təhrif olunması ilə nəticələnmiş, debitor və kreditor borcların uçota alınmaması gələcəkdə öhdəliklərin düzgün proqnozlaşdırılmasına şərait yaratmış, inventarizasiya ilə bağlı tədbirlərin həyata keçirilməməsi dövlət əmlakının hesabatlılığının düzgülüyündə riskləri formalaşdırmışdır. Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmış və əminlik səviyyəsinə əsaslanmaqla, dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin Nazirlik tərəfindən  malilyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi, eləcə də aparılmış xərc əməliyyatları ilə bağlı hesabatlılığın təşkili üzrə fəaliyyətin əhəmiyyətli aspektlər baxımından qüvvədə olan hüquqi aktlara uyğun olmaması və bu uyğunsuzluqların yayılan olması ilə bağlı rəy təqdim edilmişdir. Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair münasibətin diqqətə alınması dövlət sifarişi ilə filmlərin çəkilməsi ilə bağlı fəaliyyətin tənzimlənməsi üzrə hüquqi aktların təkmiləşdirilməsi, filmlərin və tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq nəzarətinin təşkili, bağlanmış müqavilələr çərçivəsində nəzarət mexanizmlərinin tətbiqi və hesabatlılığın təmin edilməsi sahəsində kompleks fəaliyyətin gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir. Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Nazirlik tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin maliyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə 70,6 min manat vəsaitin nağd olaraq dövlət büdcəsinə, 645,46 manat məbləğində aktivin natura formasında bərpasının təmin edilməsi, 8,4 min manat məbləğində aktivin mövcudluğuna dair müvafiq sənədlərin təqdim olunması, məcburi ödənişlər üzrə 48,3 min manat məbləğində ödənilməmiş vəsait məbləğinin müvafiq bəyannamələrdə əks etdirilməsi nəzərə alınmışdır. Qərarda “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kinematoqrafiya sahəsi, o cümlədən dövlət sifarişi ilə filmlərin çəkilməsi ilə bağlı fəaliyyəti tənzimləyən hüquqi aktların müasir çağırışlara və beynəlxalq təcrübəyə uyğun olmaqla təkmilləşdirilməsi, həmçinin dövlət sifarişi çərçivəsində filmlərin çəkilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun fəaliyyətin təşkil olunması istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır. Eləcə də, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

AUDİTOR RƏYİ

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmışdır. Fikrimizcə, dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən malilyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi, eləcə də, aparılmış xərc əməliyyatları ilə bağlı hesabatlılığın təşkili üzrə fəaliyyət əhəmiyyətli aspektlər baxımından qüvvədə olan hüquqi aktlara uyğun deyil və bu uyğunsuzluqlar yayılandır (İSSAİ 400/59, İSSAİ 4000/194, 218). Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair münasibətin diqqətə alınması dövlət sifarişi ilə filmlərin çəkilməsi ilə bağlı fəaliyyətin tənzimlənməsi üzrə hüquqi aktların təkmilləşdirilməsi, filmlərin və tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq nəzarətinin təşkili, bağlanmış müqavilələr çərçivəsində nəzarət mexanizmlərinin tətbiqi və hesabatlılığın təmin edilməsi sahəsində kompleks fəaliyyətin gücləndirilməsi zərurətini qeyd etmək imkanı verir.

TƏKLİFLƏR VƏ TÖVSİYƏLƏR

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 29.06.2018-ci il tarixli 1199- VQ nömrəli Qanununun 27.6-cı maddəsinin tələblərinə və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilən standartların tövsiyələrinə uyğun olaraq, aşkar olunan uyğunsuzluqların və digər nöqsanların aradan qaldırılması, müvafiq işçilərin öz məsuliyyətini dərk etməsi, gələcəkdə bu kimi halların baş verməsinin qarşısının alınması və ən azı məhdudlaşdırılması istiqamətində addımların atılması məqsədilə aşağıdakılar qeyd olunur (INTOSAI P1\1):

Təkliflər

Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin maliyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirildiyinin nəzərə alınması təklif olunur:

  • 1.1. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunan “Məryəm” filmi təsdiq olunmuş smetasında nəzərdə tutulmadığı halda, post-prodakşn işlərinə nəzarət və işlərin qəbulu üçün düzgün olmayaraq “Sinema Evi” MMC-nin əməkdaşına ödənilmiş və təsdiqedici sənədləri mövcud olmayan ezamiyyə xərclərinə ödənilmiş 4175,0 manat, “Görünməyən qəhrəmanlar” sənədli filmlərinə ayrılmış vəsaitdən qalan və dövlət büdcəsinə qaytarılması təmin edilməyən 5881,74 manat, ümumilikdə 10056,74 manat;
  • 1.2. “Debüt” studiyası tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 16774,0 manat, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 11591,0 manat, ümumilikdə 28365,0 manat, eləcə də müxtəlif xidmətlərin göstərilməsinə dair bağlanmış 4 müqavilə çərçivəsində yerinə yetirilməyən öhdəliklər üzrə ödənilmiş 15530,0 manat, studiya üzrə cəmi 43895,0 manat;
  • 1.3. “Debüt studiyası” MMC tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 3545,0 manat, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 4265,0 manat, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 175,0 manat, ümumilikdə 7985,0 manat;
  • 1.4. “Narimanfilm” kinostudiyası tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 3669,53 manat ödənilməmiş vəsait;
  • 1.5. “Filming Azerbaijan” MMC ilə fiziki şəxs arasında kompüterlər üçün ehtiyat hissələrinin alınmasına dair bağlanmış müqavilə çərçivəsində yerinə yetirilməyən öhdəliyə görə ödənilmiş 4990,0 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;
  • 1.6. “Azərbaycanfilm” kinostudiyası tərəfindən çatışmazlıq müəyyən edilmiş 9005,76 manat məbləğində aktivlər üzrə 645,46 manat məbləğində aktivin natura formasına bərpası, 1006,54 manat məbləğində aktivin 29.12.2021-ci il tarixində silinməsi ilə bağlı aktın təqdim edilməsi, 5890,56 manat məbləğində aktivin Nazirliyin 05.10.2021-ci il tarixli razılıq məktubuna əsasən istehsalın dayandırılması səbəbindən yenisi ilə əvəz olunması, 1463,2 manat məbləğində aktivin isə inventarizasiya zamanı texniki səhv nəticəsində qeyd edilməməsi və halhazırda bu avadanlıqların anbarda olması ilə bağlı arayışın təqdim edilməsi;
  • 1.7. “Filming Azerbaijan” MMC tərəfindən ödənilməmiş dövlət öhdəlikləri üzrə ümumilikdə 48286,3 manat məbləğində vəsaitin müvafiq bəyannamələrdə əks olunması; 2. Vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə müvafiq məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsi təklif edilir. Auditin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilməsi təklif edilir.

Tövsiyələr

Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən:

  • 1.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, kinematoqrafiya sahəsi, o cümlədən dövlət sifarişi ilə filmlərin çəkilməsi ilə bağlı fəaliyyəti tənzimləyən hüquqi aktların müasir çağırışlara və beynəlxalq təcrübəyə uyğun olmaqla təkmilləşdirilməsinin;
  • 1.2. dövlət sifarişi çərçivəsində filmlərin çəkilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun fəaliyyətin təşkilinin;
  • 1.3. “Bakı Media Mərkəzi” MMC ilə bağlanmış 2999560,0 manat məbləğində müqavilə çərçivəsində 146878,14 manat dəyərində aktivlərin müvafiq qaydada uçota alınması, 7680,0 manat məbləğində debitor borc kimi uçota alınaraq bağlanması, bu müqavilə çərçivəsində alınmış 786290,64 manat dəyərindən aktivlərin balansa götürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin;
  • 1.4. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.7-ci maddəsinə uyğun olaraq, bu Qərarın icrası, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Auditor hesabatında qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməsinin və görülmüş işlər barədə 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Hesablama Palatasına məlumat təqdim olunmasının əks etdirilməsi tövsiyə olunur. (sitatın sonu)

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının kino sahəsinə belə diqqəti təqdirəlayiqdir: “Təəssüf doğuran hal budur ki, hər il Hesablama Palatasının göstərdiyi  xətalarla bağlı tədbirlər görülmür. Hesabatda göstərilən hallarla bağlı, mahiyyət etibari ilə dövlətin ayırdığı maliyyənin, korrekt desək, səliqə ilə xərclənməməsi ilə bağlı kinematoqrafçılarımızın  periodik olaraq tənqidləri səslənirdi, amma iqnor edilirdi. Kino Agentliyinin kadr bazası formalaşdırılanda Palatanın hesabatındakı hallar mütləq nəzərə alınmalı, heyət nüfuzlu peşəkarlardan ibarət olmalıdı”.

aki.az