Elçin Musaoğlu “Azərbaycantelefilm”ə rəhbər təyin edildi

Azərbaycan Televiziyasının nəzdindəki “Azərbaycantelefilm” yaradıcılıq birliyinə yeni rəhbər təyin olunub.

Kulis.az-ın məlumatına görə, yeni rəhbər rejissor Elçin Musaoğlu bu gün kollektivə təqdim edilib.

E.Musaoğlu 1983-1990-cı illərdə M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində, 1989-1990-cı illərdə Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb.

1990-cı ildə “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. 1992-ci ildə Akademstudioda, 1994-2004-cü illərdə “Azərbaycantelefilm” YB-də, 2005-ci ildən Ritm Prodakşnda çalışıb. “Sinema Evi” Prodüser Mərkəzinin təsisçisi, Türkiyə Sənədli Filmçilər Birliyinin üzvü, 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur. Rejissorun 2008-ci ildə quruluş verdiyi “40-cı qapı” və 2014-cü ildə çəkdiyi “Nabat” tammetrajlı bədii filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

aki.az