Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov Maliyyə Nazirliyinin kinoya ayrılan vəsaitlə bağlı müzakirələrə səbəb olan açıqlamasına Sherg.az saytına müsahibəsində rəy bildirib.
– Maliyyə Nazirliyinin arqumenti budur ki, 2024-ci il üçün ayrılmış vəsaitin 41 faizi xərclənib. Bu məsələni biz dəfələrlə qaldırmışıq ki dövlətin ayırdığı vəsait xərclənmir, səbəb də budur ki, layihə müsabiqələri gec-gec keçirilir, ssenari müsabiqələrinin qaliblərinə diqqət ayrılmır. Biz Kinematoqrafçılar İttifaqı olaraq, hər il ssenari müsabiqələri keçiririk, amma aidiyyəti qurumlar – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi qalib ssenarilərlə maraqlanmır, diqqət ayırmırlar. Kino Agentliyi 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” üzrə cəmi 2 müsabiqə elan etmişdi. Bu azdır. İl ərzində heç olmasa 3-4 layihə müsabiqəsi keçirilməlidir. Maliyyə Nazirliyinin mövqeyində məntiq var, amma bu, kinonun maliyyələşməsinin dayandırılımasına səbəb olmamalıdır. Kino ideoloji sahədir. Bizə vətən müharibəsindəki qələbimizi tərənnüm edəcək filmlərin çəkilməsi lazımdır, biz bu mövzunu kinoda kifayət qədər ifadə etməmişik. Uzaq, yaxın tariximizlə bağlı çəkiləsi 10-larla, 100-lərlə mövzular qalıb, onlar ekranlaşdırılmalıdır. Buna böyük ehtiyac var. Bundan əlavə, gənclərin milli-mənəvi tərbiyəsi istiqamətində filmlər çəkilməlidir, animasiyamız inkişaf etməlidir. Bunlar ehtiyac duyulan, vacib sahələrdir. Ona görə də dövlət tərəfindən maliyyələşmə dayanmamalıdır. Eyni zamanda, maliyyələşməyə və kino sahəsində kadr siyasətinə diqqət artırılmalıdır. Mədəniyyət və İncəsənət Universitetinin formalaşdırdığı kadrlar və yaxud da kino sahəsində formalaşmış kadrlar təəssüf ki, inzibati vəzifələrə təyin edilmir, onların öz bacarıqlarını reallaşdırmasına şərait yaradılmır. Bu sahəyə cəlb edilən şəxslər kinoya kənardan gəlmiş adamlardır. Problemlərin həlli üçün, kinomuzun inkişafı naminə maliyyə vəsaiti dayandırılmamalı, vəsaitlərin doğru istiqamətdə xərclənməsinə nəzarət artırılmalı, inzibati vəzifələrə kinoya bələd olan adamlar gətirilməlidir.
Ə.İ.Cabbarov film istehsalına özəl sektorun qoşulması iddialarına cavabında isə bildirdi ki, özəl sektor təkbaşına bu işi bacarmaz:
– Özəl sektorda 2024-cü ildə 20 tammetrajlı film istehsal olunub. Təxminən 1-2 milyon manat civarında yatırım olub. Özəl filmlər az büdcə ilə – 100-200 min AZN – istehsal edilir. Özəl prodüserin gördüyü iş çox böyükdür. Amma onlara da kömək lazımdır. Dövlət vəsaiti ilə birgə istehsal olunsa, özəl sektorun da işi yüngülləşər. Özəl sektora ünvanlı güzəştlər olunmalıdır. Belə olarsa, özəl studiyalar da inkişaf edər. Vətənpərvər, tarixi filmlər çox xərc tələb edir. Kütləvi səhnələr, döyüş səhnələri, tarixi məkanlarda çəkiliş, böyük aktyor heyəti, dekorasiyalar… bunlar hamısı böyük malyyə vəsaiti tələb edir. Özəl studiyaların bunun üçün imkanları məhduddur. Vətənpərvərlik mövzulu, tarixi filmlər adətən dövlət sifarişi ilə çəkilir. Dövlət tərəfindən özəl studiyalara da maliyyə yardımı edilir, birgə istehsal ərsəyə gəlir. Özəl studiyaların canlanması üçün onlara kömək, dəstək lazımdır. Birgə iş, birgə istehsal olmasa, bu işlər alınmaz.
Sherg.az

