Elvin Adıgözəl təklif edir

Dekabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov kino ictimaiyyəti ilə görüş keçirib.

Görüşdə kino sahəsindəki mövcud vəziyyət müzakirə olunub və qarşıya çıxan problemlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Anar Kərimov bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

Rejissor Elvin Adıgözəl Azərbaycan Respublikası Kino Agentliyinin  (ARKA) kino sənayesinin, ölkədə kino qanunu və kinoya pul ayırma mexanizminin yenidən formalaşması hazırladığı təklifləri nazirə təqdim edib.  Həmin təklifləri olduğu kimi diqqətinizə çatdırırıq:

1.Fəaliyyətdə olacaq Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) il ərzində 3 dəfə olmaqla uzunmetrajlı filmlərin çəkilişi üçün müsabiqə elan etməlidir. Müsabiqə şərtlərinə uyğun olaraq müraciət edən prodüser şirkətləri istehsal edəcəkləri yalnız bir film proyekti ilə müraciət etməlidir. Müsabiqədə tam olaraq yazılmış ssenari, prodüser (lər), prodüser şirkəti (ləri) və rejissor (lar) barədə məlumat, istehsal olunacaq filmin ümumi büdcəsi barədə yazılı məlumat, istehsal olunacaq filmin təxmin edilmiş çəkiliş məkanları barədə məlumat, istehsal olunacaq filmin təsviri barədə hər hansısa bir fərz edilmiş foto və ya video görüntü, istehsal olunacaq filmin planlaşdırılmış çəkiliş müddəti və çəkiliş tarixləri barədə ümumi bir məlumat hazırlanaraq Kino agentliyinin müsabiqə elan edilmiş internet adresindəki müraciət formasına online vasitə ilə yüklənməlidir. Müsabiqə zamanı Kino agentliyinin hər il keçirəcəyi müsabiqədə dəyişən münsif heyəti tərəfindən 1 ay ərzində göndərilən film proyektərinə baxış keçirilməli, dövlət büdcəsindən ayrılan vəsaitə uyğun olaraq seçilən qalib olacaq film proyektərinin yalnız çəkilişinə – istehsalına pul ayrılmalıdır. Qalib olan film proyektləri barədə rəsmi açıqlama münsiflərin və Kino agentliyi rəhbərliyinin iştirakı ilə keçiriləcək press konferansda açıqlanmalı, hansı səbəblərdən bu qərarı verdikləri açıq şəkildə izah olunmalıdır. Bütün hallarda seçilməyən proyektlər ictimaiyyətə açıqlana bilməz, konfidentsiallıq qorunmalıdır. İl ərzində 3 dəfə keçirilən müsabiqədə filmlərin yalnız və yalnız çəkilişinə pul ayrılmalı, heç bir halda ssenari inkişafına, filmin post production mərhələsinə bu müsabiqədə pul verilməməlidir. Buna səbəb isə hazırda ölkədə kino sənayesinin olmaması, post production üçün isə pul axtaran filmlərin sayının çox az olmasıdır. Ssenari inkişafı üçün və post production üçün pul ayrılması Bakıda keçiriləcək film festivalların tərkibində formalaşdırılacaq qrant müsabiqəsi fonunda verilməsi daha məqsədə uyğundur. Bunun üçün də Kino agentliyi Azərbaycanda keçiriləcək film festivallarda ssenari inkişafı və post production müsabiqələri vasitəsi ilə ayrılacaq qrantların verilməsində təşviq göstərməlidir.

2.Kino Agentliyinin İdarə Heyətinin üzvləri və rəhbərliyi qısa müddət ərzində Azərbaycandakı kino sahəsində çalışan prodüserlər, rejissorlar, Kinematoqrafçılar İttifaqı, Kinematoqrafçılar birlikləri, Prodüserlər gildiyası, Rejissorlar gildiyası ilə müzakirə əsasında “KİNO HAQQINDA YENİ QANUN” layihəsini hazırlamalı və Milli Məclisə göndərməlidir. Milli Məclisə göndərilən layihə kino adamlarının imzaları ilə göndərilməli və bu yeni qanun layihəsi eyni zamanda mətbuat konfransında media və kino tənqidçilərə açıqlanmalıdır. Hazırlanacaq olan yeni kino qanununda mütləq şəkildə Azərbaycan və digər ölkələr ilə müştərək film istehsalının qanun forması, Azərbaycanın paytaxtı Bakı şəhərində yeganə qalmış kinoteatr binası olan Nizami kinoteatrında filmlərin film istehsalçılarının xeyrinə uyğun şəkildə bilet satışı və gəlirin əldə edilməsi barədə bütün məlumatlar yazılmalıdır.

3.Azərbaycanlı rejissor və prodüserlərin əsas iştirakı ilə istehsal olunacaq filmlərin müstəqil və ya dövlət büdcəsi ilə çəkilməsindən asılı olmayaraq çəkiliş icazəsi “yerli kino adamlarının çəkiliş icazələri” vahid bir internet portalı vasitəsi ilə heç bir ödəniş olmadan icra olunmalıdır. Belə ki, film istehsal edən prodüser (rejissorun özü də prodüser ola bilər) özü haqqında, rejissor haqqında məlumatı, çəkiləcək olan filmin qısa sinopsisini, çəkiləcək olan filmin dəqiq çəkiliş tarixini və məkanını Kino agentliyinin Azərbaycanlı kino adamlarının Azərbaycanda çəkiliş icazəsi portalına daxil etməli, eyni zamanda həm prodüserin, həm rejissorun şəxsiyyət vəsiqəsinin nüsxəsi sözügedən internet portalına əlavə edilərək müraciət forması olmalıdır. Kino agentliyinin rəhbərliyi, idarə heyəti və Müşahidə şurasının üzvləri avtomatik olaraq bu barədə məlumatlanmalı, heç bir qərəz olmadan və çəkiləcək filmin ssenarisini tələb etmədən, Azərbaycan kinosunun inkişafına dəstək məqsədi ilə həmin filmin çəkiliş icazəsini təşkil etməlidir. İcazə barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli dövlət strukturları online vasitə ilə məlumatlandırılmalıdır. Bundan sonra çəkiliş üçün yola çıxan heyətin əlaqədar şəxsi onlara yaxınlaşan polis və ya dövlət icra hakimiyyətinin nümayəndələrinə şəxsiyyət vəsiqələrini təqdim etməli və icazələri vahid portalda açıq şəkildə yazılmalıdır. Bu icazələr tamamilə ödənişsiz olmalı və yalnız yerli kino istehsalçılarına şamil edilməlidir. Xarici kino istehsalçıları, yəni, başqa ölkədən gələn xarici ölkə vətəndaşı rejissor və prodüserlər isə Kino agentliyinin tərkibində formalaşacaq informativ məzmunlu “Azərbaycanda xarici vətəndaşların çəkiliş etməsi üçün olan internet saytına” daxil olmalı və həmin internet saytında yerləşdirilmiş Azərbaycanda fəaliyyəti olan prodüser şirkətlərini seçməklə onlarla əlaqə qurmalı, daha sonra çəkiliş üçün müəyyən bir məbləğdə kino agentliyin hesabına ödəniş etməlidir. Kino agentliyin tərkibində formalaşacaq informativ məzmunlu saytın rəhbərliyi və ya kino agentlik xarici film istehsalçıları üçün texniki avadanlıqlar, logistika və digər xidmətləri qətiyyən göstərə bilməz. Beləliklə yalnız xarici rejissor və prodüserlərin birlikdə istehsal etdiyi film üçün alınan icazələr üçün edilən ödəniş kino agentliyin balansına daxil olur. Həmin balansdakı pullar isə yalnız kinonun inkişafı üçün əhəmiyyətli olan tədbirlərə, konfranslara və ya Kino agentlikdə fəaliyyət göstərən freelancer olaraq çalışan işçilərə xərclənə bilər.

Qeyd: Azərbaycan vətəndaşı rejissor və prodüserlərin, xarici prodüserlərlə birgə istehsal etdiyi filmin icazəsi sözügedən internet saytına aid olmayacaqdır.

4.Azərbaycanda kino sənayesinin formalaşması üçün ən əsas işlərdən biri də Azərbaycanın “Creativ Europe və Eurimages” uzvlüyünə qoşulmasıdır. Bunun üçün bütün sənədlər Kino agenlik tərəfindən hazırlanmalı, sözügedən təşkilatların nümayəndələri ilə danışıqlar aparılmalı və üzvülük üçün lazım olacaq məbləğ dövlət tərəfindən kinonun inkişafı üçün ayrılacaq məbləğdən kənar olaraq dövlətə müraciət edilməlidir.

5.Azərbaycanda beynəlxalq tərəfdaşlıq üçün ən uyğun əlaqə hal – hazırda Türkiyədə “İstanbul Film Festivalı” tərkibində keçirilən “Körpüdə Görüşlər” proqramıdır. Bu proqramda Azərbaycan və Türkiyə ortaq istehsalı, eyni zamanda Azərbaycan və başqa ölkələrin istehsalı olacaq filmlərin olması üçün şərait var. Beləliklə fəaliyyətdə olacaq Kino agentliyin rəhbərliyi, Müşahidə şurası ilə birlikdə İstanbul Film Festivalının “Körpüdə Görüşlər” proqramının rəhbərliyi ilə əlaqə saxlamalı və onların tələb edəcəyi ödənişi edərək hər il Aprel aylarında keçiriləcək beynəlxalq film marketində Azərbaycan Türkiyə film proyektlər platforması formalaşdırmalıdır. Nəticədə hər ilə İstanbul Film Festivalının “Körpüdə Görüşlər” proqramı ayrıca olaraq Azərbaycandan olan film proyektləri qəbulu elanı edəcək, Azərbaycanlı prodüser və rejissorlar bu proqrama qatılaraq xarici prodüserlər ilə tanış olacaq, proyektlərinin ilkin inkişafı üçün “Körpüdə Görüşlər” proqramı daxilində keçirilən müsabiqədə grant udmaq şansı əldə edə bilər.

6.Azərbaycanda fəaliyyət göstərəcək Kino agentliyi Azərbaycanfilm, Salnamə, Debüt, Mozalan və digər dövlət studiyalarına ayrılacaq büdcə ilə onların profillərinə uyğun film istehsalına nail olmalıdır. Belə ki, çox vacibdir ki, sözügedən studiyalar dövlət büdcəsindən ayrılan büdcə ilə mütləq şəkildə ilk uzunmetrajlı filmini çəkən rejissorlar, müstəqil prodüser şirkətləri üçün müsabiqə elan etsinlər.

aki.az