Elxan Qasımovun 75 dəyərli sözü və ya yubiley yaşın həyəcanı

Aprelin 24-də aktyor, kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Elxan Qasımovun 75 yaşı tamam olur.

E.Qasımov M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973-1978) təhsil alıb).

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyətə başlayan rejissor bir çox bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir. “Bizim küçənin oğlanları” (1973 II rejissor), “Qocalar”, qocalar…”(1982), “Köhnə bərə” (1984), “Biz qayıdacağıq” (2007) və s. filmlərin rejissorudur.

Yubiley yaşında onun haqqında geniş fikir söyləmək üçün bir qədər əvvələ, yəni onun 18 yaşından başlayan və hələ də davam edən sənətkarlıq mövqeyinə səyahət etməyə çalışdıq…

18 yaşlı tələbənin arzusu- sürücü Əhmədin sonrakı taleyi

Tamaşaçılar ilk dəfə onu 1963-cü ildə Adil İsgəndərovun quruluşunda çəkilən “Əhməd haradadır” filmində gördü. Gənc oğlan sürücü Əhməd rolunda təbii ifasıyla yanaşı, ustadların yanından utancaq halı ilə diqqəti çəkdi. Asan məsələ deyildi, bir tələbənin ilk dəfə kamera qarşısında dayanması və dövrün görkəmli rejissoru, pedaqoqu Adil isgəndərovun çəkdiyi filmdə rol alması, heç də asan deyildi…Elxan müəllim özünün dediyi kimi, 63-cü ildən etibarən sürücü Əhmədlə bərabər addımlayır.

“Dönüb arxaya baxanda çox sevinməsəm də, xəcalət çəkəçəyim yaşantılarım da olmayıb. Çünki mən bu xalqın tanıdığı və sevdiyi sənətkar olmuşam. Daha doğrusu, məni 18 yaşımda tanınmış ediblər. O film çəkiləndən sonra hər bir rayonda, hətta hər bir kənddə sürücü Əhməd kimi mənə hörmət ediblər. Mən də çalışmışam ki, Allahın mənə verdiyi ədəb-ərkanla sürücü Əhmədin camaatda yaratdığı xoş təəssürata xələl gətirməyim. Hər zaman təmasda olduğum insanların o Əhmədə bəslədiyi sevgiyə layiq olmağa çalışmışam. Bu, atamın mənə verdiyi tərbiyənin bəhrəsidir. Ailəmizdə mübahisələr həmişə kitab üstündə olardı. İndiyə qədər həmişə fəxarətlə xatırlayıram – ailələmizdə bədii mütaliə saatları keçirərdik. Viktor Hüqonun “Səfillər” romanını biz belə oxumuşuq” deyir Elxan Qasımov və bu deyimlə də onun tərbiyə aldığı ailəyə qısa da olsa yolçuluq etdik.

Axırıncı aşırım – Bəy obrazı üçün bəy yerişi, bəy duruşu vacib şərtlərdəndir

“Əhməd haradadır” filmindən sonra bor çox filmlərdə kiçik həcmli rollar oynayan aktyoru 1971-ci ildə ikinci daha önəmli bir rola dəvət edirlər.Fərman Kərimzadənin ssenarisi əsasında çəkilən, Kamil Rüstəmbəyovun quruluş verdiyi “Axırıncı aşırım” filmində Vəli obrazı heç də Əhməd rolundan geri qalmırdı, bəlkə də əksinə….

Maraqlısı odur ki, bi filmdə də Elxan müəllim sevimli müəllimi Adil İsgəndərovla tərəfmüqabil olub. doğrudur bu filmin çəkilişi zaman artıq tələbə deyildi, ancaq müəllim zəhmi, hələ Adil isgəndərov kimi pedaqoqun zəhmi daima tələbələrinin üzərində olduğu üçün həyəcan keçirməmək mümkün olmazdı.

E.Qasımov deyir ki, flim ssenari müəllifi Fərman Kərimzadə həm qonşu olub, həm də dost: “ Rejissor isə Kamil Rüstəmbəyov idi. Filmin çəkildiyi vaxt mən artıq “Azərbaycanfilm” kinostudiyasında işləyirdim. Rəhmətlik Kamil müəllimin mənə ancaq bir tapşırığı oldu: “Bacardığın qədər şux bir bəy obrazı yarat. Heç vaxt əyilmə. Yeriyəndə dik yeri”. Kamil Rüstəmbəyovun özü bəy nəslindən olduğu üçün bizə də belə bir bəy obrazı yaratdırmışdı”.

Bu filmdən danışarkən Elxan müəllim ən təsirli bir epizodu xüsusilə yada salır. Abbasqulu bəyin 3 nəfərlik dəstəsi Qəmlo tərəfindən öldürülüb

Kərbalayı: Vəli, bir neçə nəfər götür, get Abasqulu bəyin meyidini gətir. Onu gədə-güdə basdırmasın.

Vəli: Kimi götürüm, Kərbalayı, hamı gedib, tək qalmışıq.

Bu epizodu niyə xatırladıq, çünki Elxan müəllim təəssüflə bildirir ki, Adil İsgəndərov kimi kişilər gedib artıq bu dünyadan. Fikrini tamamlamasa da, nə demək istədiyini anlamamaq mümkün deyil…

Aktyorluqdan rejissorluğa yol qət etmək

Filmlərə çəkilərək aktyor sənətinin sirlərini öyrəndi. Ancaq olduğu yer onu tam qane etmədi, daha geniş meydan istəyirdi və 1973-1978-ci illərdə aldığı rejissolruq təhsili onun rejissor kimi sərbəst film çəkməsinə şərait yaratdı.

1982-ci ildə  Yefim Abramovla birgə kinoda rejisor kimi özünü təsdiq etdi. Gənc rejissor “Qocalar, qocalar” adlı filmində əsas qəhrəman olan  qoca çoban Bəhrinin bütün varlığı ilə doğma dağlara bağlı olmasından bəhs etdi. Qəhrəmanın doğma dağ kəndində özünü güclü, inamlı hiss etməsindən, həyatın mənasının düzgün yol seçmək, cəmiyyətə xeyir verməkdən ibarət olduğunu önə çəkdi.

1984-cü il…Sabir Azərinin “Duman çəkilir” pyesi əsasında ekranlaşdırılan “Köhnə bərə” filminə quruluş verdi. Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, ciddi struktur dəyişiklikləri baş verməsi, mənəvi və psixoloji problemlərin meydana çıxması haqqındadır.  Rejissor bu filmində də üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən bəhs edib.Göründüyü kimi kənd həyatını dərindən bilən Elxan Qasımov müraciət etdiyi mövzularda da bunu əsas götürüb və bu filmlərilə də sübut edib ki, rejissor bələd olduğu mövzularda film çəkirsə, filmin dolğun alındığı qədər də təbii olur.

2007-ci ildə rejissor “Biz qayıdacağıq” adlı filmə quruluş verdi. Filmin mövzusu artıq fərqli idi, Qarabağ kimi dərdi olan bir ölkənin kinosu elə mövzusunu da torpaq üzərində qurmalı idi. Filmdə Qarabağ müharibəsi bir uşağın vasitəsilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb.

Elxan Qasımov mövzuya tam hakim olmağa çalışmaqla bərabərı, eyni zamanda baş verənlərə həssaslıqla yanaşıb. Rejissor deyir ki, mənə bu cəmiyyətdə hərtərəfli insanlar lazımdır, film vasitəsilə bunu demək istəmişəm. Filmdə 2005-ci ildə keçirilmiş muğam müsabiqəsinin qalibini çəkmişəm. Filmdə Hacı Mailin də qəzəlləri səslənir, Əlağa Vahidin də, dahi Füzulinin də. Bu filmlə demək istəmişəm ki, bu xalq təkcə şair xalq deyil, həm də cəngavər xalqdır və dünyaca məşhur muğam ifaçıları ilə bərabər dünyaca məhşur sərkərdələrini, dövlət xadimlərini də yetirib ərsəyə gətirməlidir”.

SON SÖZ ƏVƏZİ: 75 yaş az deyil, ancaq çox da deyil, qarşıda yaşanacaq illər var. Çəkiləcək filmlər var, bir sözlə, həyat davam edir. Azərbaycan kinosunun “qızıl dövrü”nü görən Elxan Qasımov bildirir ki, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Tütək səsi” kimi filmlər həmin dövrdə çəkilib: “Sovetlər dağıldı, kinostudiya bərbad duruma düşmüşdü. Amma bir neçə dostlarımla bərabər üç il maaş almasaq da, elə-beləcə işə gəlib getdik. Kinostudiya belə insanların sayəsində dağılmadı və bu gün də yaşayır. Allaha çox şükürlər olsun, kinostudiyada filmlər çəkilir…”. Həyat canlanır, açılan hər sabah yeni ümidlər gətirir, çəkilən hər yeni film, yeni filmlər üçün meydan açır…

Cavan ruhlu, sabaha inamla boylanmağı bacaran, dost-tanışları arasında bütün dərd-səri unudaraq gənclik keyfində zarafatlaşmağı bacaran gözəl insan, dəyərli rejissor Elxan Qasımov! Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından sizi 75 illik yubiley yaşınız münasibətilə təbrik edir, yaradıcılıq uğurları diləyir və “daima var olun” deyirik.

Xədicə QİYAS