Film Fondunda bərpa olunmuş “Əbədiyyətə qovuşan ömür” filminin təqdimatı keçirilib

Fevralın 3-də Azərbaycan Dövlət Film Fondunda bərpa olunmuş “Əbədiyyətə qovuşan ömür” sənədli filminin təqdimatı keçirilib.

Qeyd edək ki, filmdə Gürcüstan torpağında baş verən təbii fəlakət zamanı qəhrəmanlıq göstərmiş azərbaycanlı əsgər Rahib Məmmədovun şücaətindən bəhs olunur.

Rahib Məmmədov  25 avqust 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Kənd Təsərrüfatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumunda təhsil aldığı ilk ildə hərbi xidmətə çağrılıb.

1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi  kəndində baş verən təbii fəlakət zamanı böyük fədakarlıq və qəhrəmanlıq göstərərək 28 sakini seldən xilas etmiş və qəhrəmanlıqla həlak olmuşdur.

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərində böyük rol oynayıb. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar.

Azərbaycan Dövlət Film Fondunun saytından əldə etdiyimiz məlumata görə, “Əbədiyyətə qovuşan ömür” sənədli filminin təqdimatında Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək qeyd edib ki, ekran əsəri Gürcüstan torpağında təbii fəlakət zamanı yerli əhalini xilas edən, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunan Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir.

Tədbirdə filmin rejissoru Cahangir Zeynallı Rahib Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət etməsi haqqında xatirələrini söyləyib.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elxan Mahmudov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru, R. Məmmədovun qardaşı Sahib Məmmədov da tədbirdə çıxış edərək, filmin bərpa edilməsində iştirak edənlərə öz təşəkkürlərini bildiriblər.

Yeri gəlmişkən, “Əbədiyyətə qovuşan ömür” filmi 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru Cahangir Zeynallı, operatorları Tofiq Sultanov və Azər Salayev, bəstəkarı Firəngiz Əlizadədir.

Aki.az