“Gənc kinematoqrafçılar” layihəsinin sertifikatları təqdim olundu

Aprelin 16-da “Yarat” İncəsənət Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və  “ASAN könüllüləri” təşkilatının birgə fəaliyyəti çərçivəsində baş tutan “Gənc kinematoqrafçılar” layihəsinin qapanış mərasimi keçirilib. Mərasimdə həmçinin, gənc rejissor və ssenaristlərin sertifikatları təqdim olundu.

Tədbirin juri kürsüsündə “Asan Könüllüləri” təşkilatının sədri Emilya Bayramova, AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov və layihənin mentorları – rejissor Məzahir Həşimov ilə ssenarist Pərviz Məmmədov əyləşiblər. Tədbirin moderatorluğunu  “ASAN könüllüləri”in fəalı Mədinə Baratova edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət himni və Qarabağ şəhidlərinin anımı ilə başlayıb. Daha sonra iştirakçıların 2 aylıq kinematoqrafiya kurslarının yekununda hazırladıqları qısa film və foto reportajlar nümayiş olunub. Çıxış edən gənc müəlliflər layihənin baş tutması üçün təşkilatçılara və mentorlarına təşəkkür ediblər.

Pantomimlə gül satışı təşkil edən mağaza işçisindən foto-film çəkən Mirtalib Həsənov niyə məhz bu qəhrəmanı seçdiyini belə şərh edib: “Həmişə bu adamı müşahidə edirdim və o, mənə çox maraqlı idi. Ona görə də onu çəkmək qərarına gəldim. Maraqlı olan tərəfi o idi ki, biri var adi gül satışı, burada isə bunu incəsənətlə birləşdirirlər. Mən bu işçinin bir günlük həyatını çəkmişəm. Birinci onun qrim edərkən hazırlıq mərhələsi, daha sonra gül satmağa getməsi, sonra isə satış ürəyincə olmadığı üçün geri qayıdıb, məyus olduğu hissə”.

Gənc rejissor Sevinc Quliyeva heykəllərdən bəhs edən qısa filminin yaranma hekayəsi haqda bunları deyib: “Bu layihədə sıfırdan başladım. Mənim filmim “Heykəllər” idi. Mən Rəssamlıq Akademiyasında oxuyuram. Bizdə birinci mərtəbədə heykəltaraşlıq fakultəsi yerləşir. Açığı, mən insanlara yaxınlaşıb “Sizin haqqınızda film çəkmək istəyirəm” deməyə utanırdım. Adətən, heykəltaraşlıq fakultəsinə gedib, dayanmadan heykəlləri qələmlə işləyirəm. Bir dəfə də gedəndə, bir-bir heykəllərin üzlərinə baxdım, gördüm ki, hərəsinin ayrı-ayrı xarakteri var. O birinci kadrdakı əli qırılıb, düşən heykəli görəndə, çox təsirləndim. Bu sınıq əl mənim üçün filmin ideyasını yaratdı”.

AKİ-nin katibi Əli İsa Cabbarov kino sahəsində uğur qazanmaq istəyən gənclərə ilk cəhddən ruhdan düşməməyi tövsiyyə edib: “Məncə, bu kurslardan sonra mən sizi “həmkar” adlandıra bilərəm. Sizə bildirmək istəyirəm ki, kino çox maneəli bir yoldur. Əgər sizlərdən kim isə peşəkar səviyyədə kino sənətinə qədəm qoymaq istəsə, bilməlisiniz ki, kino heç vaxt birinci cəhdlə alınmır. Ruhdan düşməyib, davamlı cəhdlər etməlisiniz. Buradakı işlər məni çox təsirləndirdi. Bütün işlər maraqlı və istedadlı idi. Hamısının adı yadımda qalmadı, Sevinc Quliyevanın işi, “Sönməyən şam”, xüsusi ilə şəhidin hekayəsi çox təsirli idi. Bütün bunlar gələcəkdə çox peşəkar və istedadlı kinematoqrafçıların yetişməsinə ümid verir. AKİ adından bizim mentorlarımız Məzahir Haşımov və Pərviz Məmmədova təşəkkür edirəm. Həmçinin, AKİ-nin əməkdaşı Afaq Yusifliyə və “Asan könüllüləri”nin əməkdaşı, aparıcı Mədinə Baratovaya təşəkkür edirəm”.

Ə.İ.Cabbarov həmçinin qeyd edib ki, əməkdaşlıq etdikləri “ASAN könüllüləri” təşkilatı hazırda dövlətin kadr hazırlayan bazası rolunu oynayır: “Emilya xanıma təşəkkür edirəm. “Asan Könüllüləri” həqiqətən də dövlətin bir kadr hazırlığı rıçağına çevrilib. Bu birlik gəncləri öz ətrafında birləşdirən çox ciddi bir layihədir. AKİ olaraq bildirmək istəyirik ki, biz hər zaman sizinlə əməkdaşlığa hazırıq. Ümid edirəm ki, bu lahiyəmiz axarıncı olacaq”.

“ASAN könüllüləri” təşkilatının sədri Emilya Bayramova çıxış edərkən deyib ki, o, gənclərin işindən bu qədər xüsusi təəssürat alacağını gözləmirmiş: “Aldığım təəssürata əsasən deyə bilərəm ki, bəlkə də bu layihədən gələcəkdə çox peşəkar və işini yüksək keyfiyyətlə görən rejissorlar çıxacaq. “ASAN könüllüləri” olaraq, bu, bizim bu sahədəki ilk təcrübəmiz idi. Əgər biz kiçik də olsa, Azərbaycan kinosuna bir töhfə verə biliriksə, çalışacağıq ki, bu istiqaməti gücləndirək ki, gələcəkdə gənclərimizin inkişafına daha çox töhfə verə bilək. Gənclərimizlə sıx işləyən və bizim təşəbbüsümüzə dəstək göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür etmək  istəyirəm. Əli İsa müəllimin dediyi kimi, ümid edirəm ki, fəaliyyətimiz axırıncı yox, axarıncı olacaq. Həmçinin, siz gənclərə və mentorlarımıza təşəkkür edirəm”.

Emilya Bayramova onu da söyləyib ki, “ASAN könüllüləri” olaraq onlar hər zaman gənclərin inkişafı üçün layihələr həyata keçirəcəklər.

Layihənin ssenari üzrə mentoru  Pərviz Məmmədov çıxışında məlum kursun gənclərin həyatında dönüş nöqtəsi olacağına inandığını deyib:  “Hər bir iştirakçıya uğurlar diləyirəm. Siz  2 aydan artıq bir kurs keçdiniz. Hətta bu sahədə olmasanız belə, mən əminəm ki, bu kursdan sonra sizin peşəyə olan münasibətiniz təmamilə dəyişib. Həmçinin də, ümid edirəm ki, bu kursdan peşəkar kinematoqrafçılar da çıxacaq. Ümid edirəm içinizdən gələcəkdə müəllimlərinizlə rəqabət apara biləcək mütəxəssislər yetişəcək”.

“Gənc Kinematoqrafçılar”ın rejissorluq üzrə mentoru Məzahir Həşimov da gənclərdən gələcəkdə maraqlı işlər gözlədiyini bildirib: “Kinonun köklərindən biri psixologiyadır,  biri də orada həmin atmosferi yaratmaqdır. Mən bu gün filmlərə baxıb, düşündüm ki, əgər belə qısa vaxt ərzində uşaqlar bu naliyyəti əldə edibsə və əgər bu, mənim əməyimdirsə, özüm-özümü təbrik edirəm. Mən inanıram ki, hamınız davam edəcəksiniz. Hamınızı təbrik edirəm”.

Tədbir jüri üzvlərinin iştirakçılara sertifikat təqdim etməsindən sonra yekunlaşıb.

İzolda Ağayeva