Gənc kinematoqrafçıların film gecəsi müzakirələr doğurdu

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarla tamaşaçı arasında dialoqa çalışmaq, kino adamlarının çətinliklərini dilə gətirməsinə fürsət yaratmaq üçün yeni nəsil rejissorların filmlərinin nümayişini davam etdirir.

“Azərbaycan Cinema” kinoteatrında baş tutan növbəti nümayişdə 4 qısametraflı bədii film – Masər Həsənovun “Yada sal məni”, Nurlan Həsənlinin “Pişiyi xilas et”, “Limit sonsuzluğa yaxınlaşanda” və Orxan Ağazadənin “Oturacaqlar” filmi tamaşaçılara təqdim olunub.

Nümayişdən sonra filmlərin müzakirəsi keçirilib. Tamaşaçılar filmlərlə bağlı fikirlərini, tövsiyyələrini səsləndiriblər.

Nümayişin moderatorluğunu edən Sevda Sultanova öz qeydlərini də səsləndirib.

S.Sultanova rejissor Nurlan Həsənlinin ekranlaşdırdığı “Limit sonsuzluğa yaxınlaşanda” filmində sürrealist rəssam Rena Maqritin yaradıcılığının izlərini gördüyünü bildirib.

“Yada sal məni” filmində baş rolu oynayan aktyor Elşən Rüstəmovun işi xüsusi bəyənilib.

Rejissor Masər Həsənovun ilk işinə dəstək naminə filmdə çəkilən aktyor bildirib ki, onun üçün yaradıcılıq istər teatrda, istərsə də filmlərdə bir laboratoriyadır: “Mən həmişə axtarışda olmaq istəyirəm. Fərqli rejissorlarla fərqli tərzdə işləmək istəyirəm. Bu dövrümdə də mən həmişə öyrənmək istəyirəm. Öyrənmək heç vaxt gec deyil”.

Hüquqşünas, yazar Xalid Bağırov “Yada sal məni” filmindən danışarkən filmdə bəzi detalların üzərinə düşünülmədiyini tənqid edib: “Məsələn, qadın qəflətən bir adamın həyatına girməyə çalışır. Evində qaldığı 3-cü gündür eyni paltarda aktrisanı çəkmək çətin olmadı? Heç olmasa adam şkafı açıb, kişinin köynəyini geyinib təmizlik edə bilərdi. Məncə, realist bir səhnə yaratmaq olardı. Əslində film çox yaxşı filmdir. Başqa bir səhnədə qız evi kəşf etməyə çalışır. Biz də onunla birgə kəşf edirik. Yeni bir otağın qapısını açırıq. Biz içəridə nələr olduğunu ondan daha tez görürük.

Nümayişdə sonuncu göstərilən “Oturacaqlar” filmi kəndə yaşayan, qoca valideynlərinə baxan iki gəncin həyatından bəhs edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov filmlə bağlı təəssüratlarını bölüşüb: “Orxan Ağazadənin bu işi mənim üçün bir briliyantdır. Burada London Film School-un işi- ssenarinin hər keçidini, dialoqunu, döngəsini necə rəndələyiblər hiss olunur. Kadr arxasında güclü ssenari mütəxəssisləri ordusu hiss olunur. Hansı ki, əvvəlki 3 filmdə bu hiss olunmurdu. Bir kadra 10 çılpaq aktyor salmaq olar, ancaq o filmdə qətiyyən erotizm olmaya bilər. Əksinə, kadrda heç bir çılpaq aktyor olmaya bilər, lakin çox erotik bir səhnə alına bilər. Eynilə “Oturacaqlar” filmində inəyin iri planda sağılması səhnəsi kimi”.

Kinoşünas Aygün Aslanlı da sözügedən səhnənin Azərbaycan kinosunda ən yaxşı erotik səhnə olduğunu vurğulayıb.

Xalid Bağırov da “Oturacaqlar” filmindən təsirləndiyini, ekran işində əsl Azərbaycanı gördüyünü dilə gətirib: “Burada keçmişin üstümüzdə nə qədər böyük yük olduğu göstərilir. Niyə biz qabağa gedə bilmirik? Çünki keçmişi belimizdə daşıyırıq. Üstəlik, təkcə biz yox, bizdən öncəkilər də daşıyıb. Eynilə bizim xoşbəxt olmadığımız qədər onlar da xoşbəxt deyil. Bizdən sonrakılar da daşımalı olduqca xoşbəxt olmayacaqlar. Filmdə xoşbəxt olmayan nəsillərin zəncirvari bağını göstərib. Azərbaycan bax, budur”.

Son olaraq eyd edək ki, rejissorlar filmləri müstəqil olaraq, heç bir maddi dəstək almadan ərsəyə gətiriblər.

Aytac Tapdıqlı