Girov götürülməyən insanlıq

“Filmin mövzusunu təşkil edən hadisələr məmləkətimizin, xalqımızın başına gəldiyi dövrləri təbii ki, çox ağır illər kimi xatırlayıram. Məyusluğumuzun, bədbinliyimizin, hiddətimizin, kədərimizin həddi yox idi o zamanlar. Sona rolu ilə bağlı şəxsən tanıdığım prototip yox idi, amma rol üzərində işləyəndə özümü Dağlıq Qarabağ münaqişəsində başına olmazın faciələr gəlmiş qadınlardan birinin yerinə qoyurdum və həmin vəziyyətdə özümü necə aparmalıyamsa o cür oynamağa çalışırdım. Lazım gələrsə, ailəmi də müdafiə edərəm, evimi də, elimi-obamı da. Mən özüm Sona obrazını bir az başqa cür görürdüm. Amma Eldar müəllim dedi ki, heç də elə deyil, Sona zəif, müti qadın yox, mübariz, təmkinli, namuslu, insanpərvər əsl Azərbaycan qadınıdır və tamaşaçı bu cür obrazı görməlidir. O ağlayar, amma təklikdə ağlayar. Finalda Sona sanki göylərə ucalır, mənəvi yüksəkliyə çatır. Ola bilər ekranda bu incəliyi çatdırmaq alınmayıb, amma ssenaridə vurğulanmışdı”.

Dağlıq Qarabağ mövzusunda çəkilmiş filmlərə həsr olunmuş araşdırmalarımızı davam etdiririk. Həmsöhbətimiz C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Girov” tammetrajlı bədii filmində Sona rolunun ifaçısı Əməkdar artist Gülər Nəbiyevadır. 2005-ci ildə ekranlara çıxan “Girov” filminin ssenarisini Eldar Quliyevlə Natiq Rəsulzadə (Eldar Quliyevin ideyası əsasında) qələmə alıblar. “Girov” Dağlıq Qarabağ səbəbində Ermənistanın Azərbaycana təcavüzünün başlanğıc dövrlərinin hadisələrindən bəhs edir.

Üzdəniraq qonşu dövlətlə sərhəd kəndlərinin birində bədbəxtlik baş verir – gözəl bir ailənin başçısı Kərimi ermənilər girov götürürlər. Həyat yoldaşı ilə üç azyaşlı övladı kənd camaatının ümidinə qalır. Kəndin rəhbər işçilərinin və könüllülər dəstəsinin axtarışlarının və danışıqlarının nəticəsi heç nəyə gətirib çıxarmır. Nail olduqları yalnız o olur ki, könüllülər dəstəsi bir erməni tutub gətitir. O məqsədlə ki, onu Kərimlə dəyişmək imkanına malik olsunlar. Lakin qəribə də olsa nəticədə erməni tərəfini bu kəndlinin salamatlığı maraqlandırmaması, Kərimin əvəzində isə 100 ABŞ dolları tələb etməsi gündəmə gəlir.

 

“Hər aktyora tərəf-müqabilini özü seçmək nəsib olmur”

 

Gülər Nəbiyeva: “Məndən başqa Sona roluna 4-5 namizəd var idi. Erməni girov roluna da həmçinin. Eldar müəllim ssenarini mənə verib dedi ki, oxuyub fikrimi bildirim. Ssenari çox xoşuma gəldi. Eldar müəllim dedi ki, sınaq çəkilişləri olacaq. Sınaq çəkilişlərindən keçib-keçməmək mənimçün problem deyil. Xoşbəxtlikdən sınaq çəkilişlərində mən seçildim. Ssenarini oxuyub müsbət təəssüratımı bildirəndə Eldar müəllim soruşmuşdu ki, girov rolunda kimi gördüm? Mən dərhal Qurban İsmayılovun adını çəkmişdim. Onun adı namizədlər arasında yox idi. Hər namizədin yalnız bir xüsisiyyətini bu obraza uyğun görmüşdüm. Qurbanda isə   Bəlkə də o vaxt  Müasir Təhsil Kompleksində rejissor kimi fəaliyyət göstərməyimin bu məqama təsiri olmuşdu. Üstəlik Cənnət xanımın (Gülər xanımın ilk yaradıcılıq məkanı olan, sonradan Gənc Tamaşaçılar Teatrına birləşdirilmiş Bakı Kamera Teatrının yaradıcısı Cənnət Səlimova), İrina xanımın (həmin teatrın rejissoru mərhum İrina Perlova) da təsiri olmamış deyildi. Qurbanda bu obrazı səciyyələndirən bütün cəhətləri gördüm: yazıqlıq, təmkin. Bir gün də kinostudiyaya gələndə gördüm ki, Qurban da ordadı. Başa düşdüm ki, həmin rola çəkilməkçün dəvət edilib. Çox sevindim, amma heç nə demədim. Birinci çəkiliş gününün qonaqlığında Eldar müəllim dedi ki, hər aktyora tərəf-müqabilini özü seçmək nəsib olmur, Gülər bu filmdə əsas tərəf-müqabili olaraq Qurbanı seçdi, mən də onun seçiminə inandığım və inamımda yanılmadığım üçün çox sevinirəm. Qurban çox gözəl aktyor və çox gözəl həmkardır. Çəkilişlərimiz gərgin olduğu qədər maraqlı keçirdi. Ən çox yadımda qalan Sonanın erməni girovunu döyməsi epizodunun çəkilişləri idi. Səkkiz ağac qırıldı, amma istənilən effekti verən epizod alınmırdı ki alınmırdı. Ürəyim də gəlmirdi möhkəm vurmağa. Qurban da deyirdi ki, birdəfəlik möhkəm vur çəkilsin qurtarsın, öldüm axı mən… Kinoya çəkilməyin gözəlliyi ayrıdır, əlbəttə. Aktyorun teatrdakı rolları daha çox yaddaşlarda qalır, bir də ola bilər ki, videoyazılarda. Amma kino sənəti əbədidir. Sevinirdim ki, nəhayət kinoda böyük işim qalacaq. Yeri gəlmişkən, bu il “Girov” fiminin 15 yaşı oldu, Qurbanın 60, mənim isə 50 yaşımız tamam oldu”.

 

“…Ölüm xoşbəxtlikdir rəzil adama”

 

Hadisələrin start nöqtəsi və davamlılığı faciənin qaçılmazlığını çox aydın şəkildə bildirir. Rejissor baş qəhrəmanlar – Sona və erməni kəndlisinin (Xalq artisti Qurban İsmayılov), kənd camaatının davranışı, baş verən hadisələr fonunda tarixi münaqişənin hansı səbəblər üzündən baş verməsinin çözülməsi əvəzinə, yeni düyünlərin əmələ gəlməsini açmağa, anlamağa və anlatmağa cəhd edir. Sonanın baş tutmayan nifrət büruzəsini, başqa sözlə, azəri türklərinin insanpərvərliyini, sülhsevərliyini bir daha qabartmaq, erməni kəndlisinin isə doğrudan da sadə insan olduğunu diqqətə çatdırmaqla barışığın zəruriliyini göstərir.

Gülər Nəbiyeva: “Sonanın erməni girovunu son anda öldürməməsini irad tutanlar az olmadı. Amma “Otello”da bir söz var, deyir ki, “ölüm xoşbəxtlikdir rəzil adama”. Sonanın o hərəkəti erməni kəndliyə adi, sülhpərvər insan olduğunu xatırladır, o hər dəfə balaca qızının başına sığal çəkəndə bir azərbaycanlı qadınının humanistliyini mütləq yadına salacaq və ola bilməz ki, bu onun dünyagörüşünə təsir etməsin. Erməni girovunun kişisiz qadının evində saxlanılmasında da qəribəlik axtarmaq lazım deyil. Belə hallar gerçəklikdə az olmayıb. Həm də o girov tövlədə saxlanılırdı əvvəlcə. Kəndin kişi ev sahibinin evində saxlanılsaydı bəlkə də azərbaycanlı kişisi onu ya döyüb öldürəcəkdi, ya da şikəst edəcəkdi. Amma erməni girovun sağ qalması lazım idi ki, Sonanın əri, üç uşağının atası Kərimlə dəyişmək mümkün olsun”.

 

“Get!”, yəni “mənim torpağımdan get!”

 

Lakin filmdəki bütün bu cəhdlər zəif olduğundan sxolastikaya yer qalır. Məqalənin müəllifi üçün bunu qeyd etmək nə dərəcədə çətin olsa da, “Girov” filmi acısını 30 ilə yaxın müddət ərzində dadmaqda olduğumuz məntiqsiz hadisələrə, nankor münasibətə tamaşaçını kənar müşahidəçi kimi saxlamaqdan uzaqlaşa bilmir.
Gülər Nəbiyevanın həssas ifası, obrazı ilə ümumi dil tapa bilmək istedadı, Qurban İsmayılovun və digər aktyorların bacarıqlı ifasını, film boyu baş verən, ən əsası isə finalda ərinin ov tüfənginin qabağına salıb apardığı, qətlə yetirilmiş Kərimin qanını almağa hazırlaşdığı erməninin diz çöküb yalvarmasının səmimiliyinə inanan Sonanın ona “get!”, yəni “mənim torpağımdan get!” deməsi kimi tapıntılara baxmayaraq,  film psixoloji təsiri əlində saxlaya bilmir. Halbuki Eldar Quliyevin dəsti-xəttini məhz qəhrəmanlarının mənəvi aləmi, iç dünyası, ətraf aləmlə uyğunlaşma dərəcələri, tamaşaçını təkrar-təkrar psixoloji sarsıntılar keçirməyə, ekran qəhrəmanının duyğularına, kino lentində baş verən hadisələron mahiyyətinə varmağa kökləyən üslub, yanaşma tərzi, rejissor fəhmi təşkil edir. Bütün qeydlərin fövqündən yanaşıldıqda isə şübhəsiz ki, “Girov” türklərin və ya azərilərin rmənilərin qənimi olması haqqındakı uydurmanı gerçəklik kimi qavrayanları və ya qavramaq istəyənləri, qeyri-adekvat təfəkkürlərinin girovu olanları  tərki-silah edəcək gücə malik filmdir.

Samirə BEHBUDQIZI