Görkəmli kino aktyoru Muxtar Maniyevin ad günüdür

4 aprel Azərbaycanın görkəmli kino aktyoru, xalq artisti Muxtar Maniyevin 85 yaşı tamam olur.

M.Maniyev Neft-Kimya İnstitutunda təhsil alıb, sonralar aktyorluq sənətinin  sehrinə düşür və təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirib.

İlk dəfə “Onu bağışlamaq olarmı?” filmində rol alan aktyor, bununla da  davamlı olaraq filmlərə çəkilib.

1960-cı il… Sabit Rəhmanın ssenarisi əsasında rejissor Hüseyn Seyidzadə “Koroğlu” filmini ekranlaşdırmağa hazırlaşır. O dövrün qaydalarına əsasən rejissor sınaq çəkilişlərinə onlarla aktyor dəvət edir. Hətta günlərin birində H.Seyidzadə aktyor seçimi üçün instituta üz tutur, İlk baxışdan gördüyü gənci gözü tutur, onu dəmirçioğlu roluna dəvət edir. İri, mənalı baxışları ilə rejissorun diqqətini çəkən həmin gənc Muxtar Maniyev idi və sehrinə düşərək aktyorluq üzrə təhsil aldığı sənət ocağında hələ ilk kursda idi…

Aktyorun xatirələrindən: “İlk kursu bitirmək üzrə idim, həmin vaxt məni  ki­nos­tu­di­yaya dəvət etdilər- “Ko­roğ­lu” fil­mi­nin çəkilişiləri üçün. Öncə at sür­mə­yə başladım, məşq­lər­də iş­ti­rak elə­dim. At­çı­lar da, məşq­çi­lər də Gür­cüs­tan­dan gəlmişdilər. Mən or­da İran sə­fi­ri­ni mü­şa­yi­ət edən iki ça­par­dan bi­ri­nin ro­lu­na çə­ki­lə­cək­dim. Biz hər gün ge­dib “Dom­so­vet”in qa­ba­ğın­da üç sa­at məşq edir­dik. Yax­şı at ­sü­rməyi öyrəndim. Biz at­la­rı qa­ta­ra min­di­rib Yev­la­xa, or­dan da Xan­kən­di­nə get­dik. Or­da Həm­zə­nin cı­rıq pal­tar­da to­ya gəl­mə­si səh­nə­si çə­ki­lir­di.  Həm­zə ro­lu­nu oy­na­yan ak­tyor gəl­mə­miş­di. Tə­lə­sik onun söz­lə­ri­ni və­rəq­də mə­nə ver­di­lər. Ha­fi­zəm yax­şı idi. Tez əz­bər­lə­dim. Bu epi­zo­da da çə­kil­dim. Be­lə­cə, ki­no­da çə­ki­liş­lə­rim baş­la­dı”.

Onun “Koroğlu” filmində oynadığı dəmirçioğlu Polad obrazı haqqında dövrün tənqidçiləri də müsbət fikir söyləyiblər: “Kinoya yeni nəfəs, yeni ampluada olan aktyor gəlib”.

Bu filmdən sonra rejissorlar sanki bəhs edirlərmiş kimi aktyoru fərqli janrlarda olan, fərqli xarakterli rollara (“İnsan məskən salır”, “Oqızı tapın”, “Bizim Cəbiş müəllim”, “Qərib cinlər diyarında”,“Bəxt üzüyü”, “Ölsəm…bağışla”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Sizi dünyalar qədər sevirdim”, “Nəsimi”, “Babək”, “Firəngiz”, “Gözlə məni”, “Xoşbəxtlik qayğılarə”, “Xüsusi vəziyyət”, “İşarəni dənizdən gözləyin” və s.) çəkirlər.

1967-ci ildə İmran Qasımovun ssenarisi əsasında rejissor Arif Babayev “İnsan məskən salır” filminin çəkilişinə start verir. Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadir və onun briqadasının fəaliyyətindən bəhs olunur. Muxtar Maniyevin qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, tamaşaçı onunla ünsiyyətdə olmasa da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi təqdim edə bilir.

Tənqidçilərin dediyi kimi, bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Qəhrəmanları fırıldaqçı, hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan olduğu kimi, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır.

Onun yaradıcılığında “Mozalan” satirik kinojurnalı da yer tutur. Belə ki, kinojurnalın əksər bədii süjetlərində yaddaqalan rollar ifa edib.

Yeri gəlmişkən, Muxtar Maniyev kinoyla yanaşı, teatr aktyoru kimi çalışdığı üçün incəsənətin bu iki sahəsi arasındakı fərqli və oxşar cəhətləri belə dəyərləndirib: “Hər iki­si çə­tin və bir-bi­rin­dən çox fərq­li sə­nət­lər­dir. Te­atr ak­tyo­ru bir ro­lun üs­tün­də 5-6 ay iş­lə­yir. Son­ra bir ta­ma­şa­nı 1-2 il, elə ta­ma­şa­lar da var ki, 20 il oy­na­yır­lar. 5-6 ay ər­zin­də oy­na­dı­ğı ro­lu tək­mil­ləş­dir­mək im­ka­nı var. Ki­no ak­tyo­ru­nun işi isə is­teh­kam­çı­nın işi­nə bən­zə­yir. O, bir də­fə səhv edir. Çə­kil­di, qur­tar­dı. Onu də­yiş­dir­mə­yə, tək­mil­ləş­dir­mə­yə heç bir im­ka­nın yox­dur. Ki­no ak­tyo­ru snay­per ol­ma­lı, düz on­lu­ğu vur­ma­lı­dır. Ona gö­rə kinoda çəkilmək çox çə­tin­dir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Hansı rol təklif olunubsa və ya lazım olanda çağırıblar, gedib çəkilmişəm”.

Sənət dünyasında heç bir iddiası olmayan Muxtar Maniyev öz dediyi kimi başını aşağı salaraq sadəcə yaradıcılıqla məşğul olub, rejissor dəvətlərini geri çevirməyib. Bütün bunların nəticəsidir ki, filmlərimizin əksəriyyətində maraqlı ifası ilə yaddaqalan rollar oynayan aktyor 85 yaşında da xatırlanır, bizlərlədir, öz obrazları ilə sanki ölməzliyə qovuşub…

Azərbaycan Kinematoqrafçılar İttifaqı