Gözün aydın, Azərbaycan, Qarabağ Azərbaycandır!

Bu səhər bir başqa  açıldı, qələbə ruhunda oyandıq, 30 illik həsrətə, 45 günlük müharibəyə son verildi. Azərbaycan ordusu Qarabağ torpaqlarını işğaldan azad etdi, atəşkəs elan edildi…

30 ilə yaxındır ki, torpaqları işğal altında olan Azərbaycanımız bu illər ərzində o qədər faciələr yaşadı ki, ancaq bir an olsun ümudindən, inamından, humanistliyindən əl çəkmədi. Ölkə olaraq, xalq olaraq hər sahədə humanzim duyğusundan çıxış etdik, düşməni bağışlamasaq belə kin-kidurətdən uzaq durduq, əyilmədən ayaqda durduq, haqqımızı dünyadan tələb etdik. Və bu tələbləri xalq adından dünyaya səsləndirən Ali Baş Komandanımız İlham Əliyev oldu.

Prezident hər zaman öz çıxışlarında “Azərbaycan xalqı və dövləti heç zaman  imkan verməz ki, Azərbaycanda ikinci erməni dövləti yaradılsın” deyirdi. Bu sözlər sadəcə gəlişi gözəl sözlər deyildi, həm də xalqın xarakterini bilən bir dövlət başçısının yürütdüyü siyasətin bir qolu idi.

Ali Baş Komandan sadəcə xalqından bir az daha səbrli olmağı istəyirdi, çünki zamanla ordu quruculuğu ilə dünya qarşısına çıxma gücünü toplayırdı. Biz xalq olaraq bütün bunları sonra biləcəkdik…

Aprel hadisələri artıq Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərmişdi. Ancaq yenə də eyni səbrlə gözləyirdik…

27 Sentybar 2020-ci il tarixində Ermənistan yenidən Azərbaycanın işğal altında olan torpaqlarında atəşkəsi pozdu və bununla da Azərbaycan tərəfin səbr kasası daşdı ki, nəticədə də müzəffər ordumuz hücuma keçdi.

Əlbəttə ki, itkilərimiz oldu, şəhidlər verdik, mülki əhalimiz belə zərər gördü, ölənlər var, yaralılar var, ancaq kimsə geriyə addım atmadı. Böyükdən-kiçiyə hamı prezidentə, orduya güvənərək “İrəli Azərbaycan əsgəri” dedi.

Azərbaycan oğulları yaşından asılı olmayaraq, cavanı-qocası hamısı könüllü orduya yazıldı, hamı vaxtını gözlədi, orduya olan xalqın dəstəyi bitmədi, bir sözlə, ölkə olaraq səfərbər olduq və bu da nəticə…

Müharibənin 45-ci günündə -10 noyabr – QƏLƏBƏ – sevincini yaşadıq. Ordumuz qalib gəlmişdi, düşmənin, onun himayədarlarının gözü qorxmuşdu, atəşkəs elan edildi, yeni bəyanat qəbul edildi, yaxın günlərdə yarımçıq qalan bütün işlərimiz bitəcək. Biz qalib ölkəyik, Qarabağımızı xilas etdik, bizə aid olan torpaqlarımızı mənfur düşmənin işğalından qurtardıq, gələcək nəslə xoşbəxt bir ölkə buraxmağı vəd etdik…

…Azərbaycanda yeni dövr başlayır. Ədəbiyyat adamları qələmə sarıldı, musiqiçilər nota güc verdi, rəssamlar fırçayla müharibəni kətan üzünə köçürdü və eləcə də digər  sahənin adamları. Ancaq əsas sözü kinematoqrafçılar deyəcək, çünki əsas olan mövzunu ekrana köçürmək, mənsub olduğu xalqın yaşantılarını, haqqını dünyaya çatdırmaqdır ki, bu da onların işidir.

Əslində dünya ölkələrinin hər birinin müharibə mövzusuna həsr olunmuş filmləri var və hər filmdə insanlığın savaş meydanında  üzləşdiyi faciəni, dəhşətləri görmək mümkündür. Hər ölkənin kinematoqrafçısının müharibə mövzusuna yanaşması isə bir qədər fərqli ola bilər. Məsələn, işğal olunan ölkəylə, işğalçı ölkənin hadisələrə münasibəti fərqli prizmadan ola bilər. Ancaq nə olur olsun, hər iki halda insanlıq eyni faciəylə üzləşir…

Azərbaycan kinematoqrafçısı yəqin ki, bu dəfə hadisələrə real tərəfdən yanaşacaq və bu dəfə dünyaya çıxacaq filmlər yaradılacaq. Yaxın günlərdə dövlət səviyyəsində Azərbaycan kinosunun müharibə mövzusunda start götürəcəyinə inanırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Azərbaycan xalqını, dünya azərbaycanlılarını, bütün Türk Dünyasını Qarabağ uğrunda gedən döyüşlərdə qazandığımız  QƏLƏBƏ münasibətilə səmimi qəlbdən təbrik edirik – Qarabağ Azərbaycandır!

Azərbaycan Kinematoqrafçılar İttifaqının Mətbuat Xidməti