Gülüş ustası Nəsibə Zeynalovanın ad günündə yaradıcılığına qısa baxış

“1936-cı ildən yaradıcılıq fəaliyyətinə başladım, həmin ildən Bakı filarmoniyasında mahnı və rəqs ansamblının rəqqasəsi kimi çalışdım.  O vaxt mənə dedilər ki, rəqs etmək istedadın yoxdur. Mən də 1937-ci ildə Bakıdakı kolxoz-sovxoz səyyar teatrına keçdim, teatr truppasının aktyoru oldum. Bakının kəndlərindən tutmuş uzaq rayonlara qədər gedib tamaşalar verirdik. Burada da mənə bildirdilər ki, aktyorluq bacarığım yoxdur. Teatrdan çıxmalı oldum. Üçüncü dəfə özümü Musiqili Komediya Teatrında sınamağı qərara aldım. “Evli ikən subay” tamaşasında Qaraçı qız rolunda çıxış etdim. Elə o vaxtdan həmin teatrda çalışmağa başladım”…

Görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın “Yaradıcılığa nə vaxtdan başlamısınız” sualına bütün səmimiyyətilə verdiyi cavabdır.

Tamaşaçılar tərəfindən qaynana obrazının timsalında bütün obrazları ilə sevilən, Musiqili Komediya Teatrının inkişafında böyük rol oynayan  Nəsibə xanımın ad günüdür, 20 aprel 1916-cı ildə ildə Bakıda doğulub.

Musiqili Komediya Teatrının birinci dərəcəli aktrisası

N.Zeynalova 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisakimi daxil olub. Azərbaycan klassik operettalarında, xüsusilə Üzeyir Hacıbəyovun «Ər və arvad», «Arşın mal alan», «O olmasın, bu olsun» və s. kimi operettalarında oynayıb, eyni zamanda “Кеtо və Коtе”, “İki ağanın nökəri”, “Sevgi çiçəyi”, “Şirin arzular”, “Qızın anası” kimi operalarda da çıxış edib.

Gözəl yumor hissilə fərqlənən aktrisa bir-birindən maraqlı komedik rollar (Хаnpəri, (Mirzə Fətəli Axundzadə «Dərviş Мəstəli şah»); Nargilə («Gözün aydın», Мəhərrəm Əlizadə və Fikrət Əmirov); Şərəf və Nisə («Leylək», Süleyman Rüstəm və Səid Rüstəmov); Züleyxa («Ulduz», Sabit Rəhman və Süleyman Ələsgərov); Cənnət xala («Qaynana», Məcid Şamxalov və Zakir Bağırov) da oynayıb. Onun “Hicran” tamaşasında oynadığı alverçi obrazı isə tamaşaçıların ən sevimli obrazı olaraq qalacaq. Bəlkə də ona görə ki, alverçi obrazını komediya dilində təqdim etmək daha böyük maraq doğururdu.

Kinoda ikinci dərəcəli rolların mahir ifaçısı

Nəsibə xanım teatr fəaliyyəti ilə yanaşı kinoda da öz sözünü deyib. Baxmayaraq ki, kinoda əsasən ikinci dərəcəli rollar oynayıb, ancaq obaraza olan yanaşma aktrisanı baş rol səviyyəsinə yüksəldə bilib. Bu sadəcə tamaşaçıların deyil, eyni zamanda kino tənqidçilərinin də fikridir.

1958-ci ildə ilk dəfə olaraq kinoda “Ögey ana” filmində Fatmanisə rolunu oynayır. Filmin rejissoru Həbib İsmayılov çəkilişdən sonra aktrisa üçün yazdığı xasiyyətnamədə onun filmdəki işini belə xarakterizə edib: “Nəsibə Zeynalova teatrda ona xas olan sadəliklə və incə yumorla inandırıcı və fərdiləşdirilmiş obrazlar yaradır. Sevindirici hal budur ki, aktrisa hər hansı bir obraza asanlıqla daxil ola bilir. Bu cəhət kinematoqraf üçün də olduqca qiymətlidir. Bu baxımdan “Ögey ana” filmində Fatmanisə rolu üzərindəki işi nümunə ola bilər. Gənc Nəsibə Zeynalova bu filmdə qoca qarı obrazını canlandırır. O, xaricən qocalıb əldən düşmüş, arıq və sifəti qırışlarla dolu olan, saçları pırpız, daxilən isə köhnə fikirli, araqarışdıran, bisavad kəndli qadındır. Əsası isə budur ki, bütün bunlara inanırsan. Ona görə inanırsan ki, aktrisa milli koloritdə orijinal və inandırıcı obraz yaratmağa müvəffəq olub…”

1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında rejissor Ağarza Quliyevin çəkdiyi “Ulduz” musiqili kinokomediyasında Nəsibə Zeynalovanın Züleyxası, tamaşada olduğu kimi, kinoda da uğurlu ekran qəhrəmanlarından biridir. Meşşan təbiətli  Nazilədən fərqli olaraq Züleyxa zəhmətkeş və namuslu Azərbaycan qadınlarından biri kimi tamaşaçıların yaddaşına həkk olunub. Musiqili Komediya Teatrında uzun illər görkəmli aktyor Lütfəli Abdullayevlə birgə oynadıqları Züleyxa-Məhəmməd dueti filmdə də təbii alınıb.

1968-ci il…Rejissor Muxtar Dadaşov aktrisanı “Qanun naminə”(“Mehman”) filmində iki rolda – təkəbbürlü Şəhla xanım və qoca kəndli qarı rollarında çəkib. Nəsibə xanımın ifasında Şəhla xanım daş-qaş sevən, lakin mənəviyyyatca kasıb qadındır. Aktrisanın digər rolu kəndli qarı isə 30-cu illərin uzaq dağ kəndlərində yaşayan, onun-bunun sözünü gəzdirən adamların tipik nümayəndəsidir.

1969-cu ildə rejissor Həsən Seyidbəylinin çəkdiyi “Bizim Cəbiş müəllim” filmindəki Suğra xala obrazı aktrisanın ifasında xarakterli qadındır. Bu obraz aktrisanın o dövr üçün kinematoqrafda ən yaxşı işlərindən biri hesab olunur. Eyni ildə “Dəli Kür” filminə də çəkilir.

1970-ci ildə Həsən Seyidbəylinin quruluçunda çəkilən  “”O qızı tapın” filmində aktrisa Meyransa obrazını oynayır. Etiraf etmək lazımdır ki, Nəsibə Zeynalovanın ifasında gördüyümüz bütün obrazlar özqünəməxsusluğu ilə seçilir.

Qaynana obrazının kinoda bədii həlli

1978-ci il…Dövrün görkəmli rejissoru Hüseyn Seyidzadə “Qaynana” filminin çəkilişinə başlayır və qaynana, yəni əsas obraza Nəsibə Zeynalovanı dəvət edir. Cənnət  xala obrazı aktrisaya həm teatrda, həm də kinoda böyük şöhrət qazandırıb. Nəsibə xanım obrazı belə xarakteri edib: “Yaratdığım obrazların hamısını həyatdan götürmüşəm. Həyat, ətraf mühit, gördüyüm adamlar mənim üçün əsl material mənbəyidir. Qaynana obrazı ətrafımda- qohum, əqrabada, yaşlı qadınlarda, qaynanalarda gördüyüm müxtəlif cizgilər əsasında formalaşıb. Hər dəfə “Qaynana” tamaşasında səhnəyə çıxarkən bərk həyəcan keçirirdim. Çünki sevərək yaratdığım obrazın necə qavranması, verdiyim ştrixlərin necə qarşılanması barədə düşünürəm. Bilmək istəyirəm ki, mənim fikrim, ştrixlərim, hərəkətlərim tamaşaçıya aydındır, ya yox. Sevindirici hal orasında oldu ki, qaynana bir obraz olaraq ekrana da çıxdı”. Bu filmdən sonra aktrisa davamlı olaraq filmlərə dəvət alıb, hətta ən kiçik həcmli rollara da çəkilib. Çünki böyük düşüncə sahibi olan Nəsibə xanım üçün rolun böyük-kiçiyi yox idi.

Qaynar iş fəlaiyyətinə malik olan aktrisa ölkənin siyasi həyatında da iştirak etmək imkanı tapıb 1961-1987-ci illər arasında o, xalq deputatı timsalında 11 dəfə xalq deputatları sovetinə seçilib.

Nəsibə Zeynalovanıln yaradıcılığı geniş şaxəli olduğuna görə onun aktrisalıq qabiliyyətini sadəcə bir məqaləyə  sığdırmaq mümükün deyil. Bu məqalədə aktrisanın yaradıcılığına qısa səyahət etdik, yaratdığı obrazlarla ölməzliyə qovuşan Nəsibə xanımı ad günündə böyük sevgiylə yad etdik…

Xədicə QİYAS