“Hədis” animasiya filminin premyerası baş tutdu

Uşaqların Beynəlxalq Müdafiəsi Günü YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” qısametrajlı animasiya filminin premyerası keçirilib.

Simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqında olan “Hədis” animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı azərbaycanlı Hədis Nəcəfiyə, eyni zamanda, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.

Animasiya filminin təqdimatından öncə tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev tamaşaçılar üçün “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa ediblər.

Nümayişdən sonra yaradıcı heyətlə animasiya filmi müzakirə olunub. “Hədis” animasiya filminin ssenari müəllifi İsmayıl İman, rejissoru Nəzrin Ağamalıyeva, storibord rəssamı Kübra Binnətova, qrafik dizayneri Seymur Allahyarlı və “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin nümayəndəsi Rəcəb Həsənbəyli tamaşaçıların suallarını cavablandırıblar.

“Hədis” bu ilin Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Annecy festivalı dünyanın ən böyük və aparıcı animasiya festivalı kimi tanınır. Bu ilin müsabiqəsində “Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır, montajçı Jorge Sánchez Calderón, bəstəkar Ondřej Zavadil, səsləndirən Zöhrə Kərimi, redaktoru Rafiq Məmmədlidir.

“ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin ideyası və maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.

aki.az