Həmidə Ömərovanın ad gününə…

“Alnımıza nə yazılıb o da olacaq. Biz dünyaya gəlirik, müəyyən arzularımız həyata keçir, çalışırıq, vuruşuruq. İnsan elə məxluqdur ki, istədiyinə nail olmaqla qənaətlənmir. Həmişə çalışır daha irəli getsin, yenə də nə isə etsin, səmərəli işlər görsün” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti, ADMİU-nun professoru Həmidə Ömərovanın yubiley yaşı tamam olur.

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində – Yevgeni Metveyevin kursunda təhsil alıb. 1979-1993-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. 1986-cı ildən ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşdur.

“Azərbaycanfilm”in istehsal etdiyi Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”) və s. filmlərdə, eləcə də xarici film istehsalçılarının “Diş həkimi” (Rusiya), “Qafqaz yuxuları” (Rusiya), “Onun xoşuna gəlirəm” (1986, rejissor Ənvər Turayev / Tacikistan) Telli rolunda, “Cərrahiyyə əməliyyatı” (1988), “Qara qış” (1992 / İran) filmlərində, “Qorxulu oyunlar” (1992 / Özbəkistan) serialında, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filmində Nuriyə rolunda, Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında Elmira rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında maraqlı obrazlar qalereyası yaradıb.

Aktrisa filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. Bundan başqa  “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.

1980-ci ildə yazıçı İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında rejissor Fikrət Əliyevin quruluş verdiyi “Qızıl uçurum” filmindəki Şəfiqə obrazı Həmidə Ömərovanın kinoda ilk işidir.

Filmdə XIX əsrin sonunda Bakıda neft sənayesi yaranması, pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapıb.

Filmdəki Şəfiqə obrazı əxlaqi keyfiyyəti ilə seçilməklə yanaşı, həyat yoldaşına, ailəsinə, övladına dəyər verən gənc bir qadın kimi diqqətə çəklir. Həmidə xanımın bu obrazda yaratdığ müsbət keyfiyyətlər tamaşaçını düşünməyə vadar edir.

Eyni ildə şair Nəbi Xəzrinin “Əks-səda” pyesinin motivləri əsasında Oqtay Mirqasımov “Anlamaq istəyirəm” filmini çəkir. Süjet xəttinə əsasən xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti üzərində qurulan filmdə eyni zamanda qayğıkeş tələbəlik illərindən də  bəhs olunur. Həmidə Ömərovanın filmdəki Çinarə obrazı onunla tamaşaçıları arasında böyük bir sevginin təməlini qoydu.

Tələbəlik illərini bitirən kimi ardıcıl olaraq filmlərə dəvət alan aktrisa, demək olar ki, 80-ci illərin ən parlayan ulduzuna çevrilir.

1981-ci ildə rejissor Yuli Qusmanın quruluş verdiyi “Qorxma, mən səninləyəm” filmi isə aktrisanın sənət həyatında böyük rol oynayır. Filmdəki  hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində – zülmkarlara qarşı mübarizə aparan iki sevən gəncin məhəbbəti fonunda baş verir. Film boyunca ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapır.

Həmidə Ömərovanın müğənni və bəstəkar Polad Bülbüloğlu ilə olan tərəfmüqabil işi maraqlı olduğu qədər də yaddaqalandır. Filmin maraqlı alınması ona gətirib çıxardı ki, illlər sonra 2013-cü ildə davamı çəkildi. Həmidə xanım illər sonra yenidən ilk filmdəki tərəfmüqabillərinin əksəriyyəti ilə yenidən çəkiliş meydançasını paylaşdı.

Daima maraqlı, düşündürücü, gözəl qadın obrazlarına çəkilən aktrisa müsahibələrinin birində öz gileyini də gizlətməyib: “Biz böyük bir nəsilik və sanki itirilmiş bir  nəsilik. İndiki filmlərdə ya cavanlar,  ya da həddindən artıq yaşlı qadınlar rol alır. Bizim yaşda qadınların problemləri ortaya qoyulmur. Elə bil,Azərbaycanda biz yaşda qadın yoxdur. Elə bil, onların problemləri, onların həyatı yoxdur. Amma biz varıq, biz də anayıq, övladlarımız var, onalrın problemləri ilə əlləşib-vuruşuruq. Amma bu, kinoda  əksini tapmır. Baxın xarici ölkələrin film sektoruna. Orada hər yaş təbəqəsindən xanımların həyatı canlandırılır. Filmlərə və seriallara gənclərlə yanaşı peşəkarları da cəlb etmək lazımdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından gözəl aktrisamız Həmidə Ömərovanı böyük sevgi və səmimiyyətimizlə yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az