“Həqiqət sorağında” sənədli filmi nümayiş olunacaq

Yanvarın 22-də Kino Evində Azərbaycanın görkəmli bəstəkarı Rauf Əliyevin xatirəsinə həsr olunmuş “Həqiqət sorağında” tammetrajlı sənədli filminin nümayişi olacaq.

Aran Film Yaradıcılıq Mərkəzinin istehsalı olan filmin quruluşçu rejissoru Mübariz Nağıyevdir.

Qeyd edək ki, Rauf Əliyev Dağlıq Qarabağın dilbər Guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Onun həyat yolu və yaradıcılığı musiqiylə yanaşı, eyni zamanda kino sənəti ilə də sıx bağlı olub. Bəstəkar  “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Bundan başqa, R.Əliyev vokal və simfonik əsərlərlə yanaşı, “Həmyerli”, “Qara Volqa”, “Sərhəd”, “Qaladan tapılan mücrü”, “Biz qayıdacağıq”, “Dünən qəfildən gəldi…”, “Küçələrə su səpmişəm”, “Çölçü”, “Ölüm növbəsi” və bir çox başqa filmlərə musiqi də bəstələyib.

Bəstəkarın xatirəsinə həsr olunmuş sənədl filmdə onun musiqi əsərləri, mahnıları, kino musiqiləri  yaxınları və dostları tərəfindən maraqlı fatlarla danışılır və işlədiyi filmlərdən epizodlar da əks etdirilir.

Filmdə xalq artistləri Xəyyam Mirzəzadə, Rauf Abdullayev, Siyavuş Kərimi və başqa musiqi və kino xadimləri, həmçinin Ukrayna, Qazaxıstan bəstəkarları və b. onun haqqında öz xatirələrini bölüşüblər.

Filmin ssenari müəllifi və rejissoru Mübariz Nağıyev, layihənin bədii rəhbəri Tahir Əliyev, prodüseri İqbal Məmmədəliyevdir.

“Həqiqət sorağında” tammetrajlı sənədli filmi yanvarın 22-də (saat 19.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı