Həsən Seyidbəyliyə həsr olunmuş “Şəxsiyyət və yaradıcı” toplusu nəşrə hazırlanır

Bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  görkəmli yazıçı, ssenariçi, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur. Təşkilat Komitəsinin üzvü və 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb. H.Seyidbəyli haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlərdən biridir. Topluya görkəmli yazıçı və ekran ustasının şəxsiyyəti, yaradıcılığı və filmləri haqqında araşdırma yazıları, eyni zamanda, filmlərinin kadrarxası məqamlarını əks etdirən məqalələr, aktyorlar və H.Seyidbəylinin övladları ilə müsahibələr, görkəmli adamların onun haqqında fikirləri daxil edilib. Sənətkar ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və filmlərindən kadrlar onun şəxsiyyət və yaradıcı insan kimi portretinin bitkin olmasına yardım göstərəcək.

Onu da qeyd edək ki, toplunun nəşrinin ideyası Azərbaycan Kinematoqrafçılar İttifaqının  sədri Rüstəm İbrahimbəyova məxsusdur. Toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova,  nəşrə  məsul Əli İsa Cabbarovdur. Nəşr Azərbaycan Kinematoqrafçılar  İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir.

aki.az