Həzi Aslanovun -110, “Sizi dünyalar qədər sevirdim” filminin 35 yaşı tamam olur

1985-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Sizi dünyalar qədər sevirdim” filmini istehsalata buraxdı.

Rejissor Rasim İsmayılovun quruluş verdiyi film, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun(1910-1945) həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film əsasən I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərindən bəhs edir. Müharibə mövzusunda çəkilən, ən dəyərli sənət nümunəsi hesab olunan filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak edib.

Portret obrazla-qəhrəmanın həyatını təbii və inandırıcı şəkildə oynayan Ramiz Novruzov, elə bu ifası ilə də özünə geniş tamaşaçı auditoriyası toplamağa nail oldu və aktyorun özünün dediyi kimi, Həzi Aslanov obrazı onun vizit kartı oldu.

Filmin çəkilişindən 35 il keçməsinə baxmayaraq müharibə mövzusunda olan “Sizi dünyalar qədər sevirdim” yenə də baxılır, düşündürür və yeni nəsli Azərbaycan uğrunda daima savaşa hazır olmağa səsləyir.

Bu il filmin 35, general-mayor Həzi Aslanovun isə 110 yaşı tamam olur.

Xatırladaq ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi Tədbirlər planına əsasən Gəncə qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan bədii və sənədli kinofilmlər həftəsinə start verilib. Kinofilmlər həftəsi çərçivəsində müxtəlif illərdə Həzi Aslanov haqqında çəkilmiş 30-dan çox sənədli və bədii film nümayiş etdiriləcək, aktyor, rejissor, operator, ssenari müəllifi və digər yaradıcı heyət üzvləri ilə görüşlər və filmlərin müzakirələri keçiriləcək. Bundan başqa, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıqla dolu həyat yolu” mövzusunda tədbir keçirilib və silsilə tədbirlər davam edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı