Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi baş mükafata layiq görülüb

Rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının  “Ən yaxşı film” nominasiyası üzrə mükafatına layiq görülüb.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalına Azərbaycanla yanaşı, eyni zamanda Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.

Tədbirdə Azərbaycan kino-sənət ictimaiyyətinin bir çox nümayəndələri, həmçinin festivalın münsiflər heyətində azərbaycanlı təsvir rejissoru, Əməkdar incəsənət xadimi, Rafiq Quliyev də iştirak edib.

aki.az