İbrahimbəyov - Ocaqov tandeminin ilk filmi

Xalq yazıçısı, ssenarist, dramaturq Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz “Ad günü”dür.

1975-ci ildə Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası “Ad günü”bədii filmini istehsalata buraxdı.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmə rejissor Rasim Ocaqov quruluş verdi.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov “Ad günü” filminin ssenarisini özünün “Ad günü” və “Ezamiyyət” hekayələri əsasında yazmışdı. Əslində, filmin qəhrəmanlarından olan Əli birinci, Mustafa isə ikinci hekayənin qəhrəmanı idilər. Elə filmdə də hər iki surətlə bağlı olan hadisələr ayrı-ayrılıqda inkişaf edir və qəhrəmanlar yalnız sonda görüşürlər.

RÜSTƏM İBRAHİMBƏYOVLA RASİM OCAQOVUN ETİBARLI ZƏMİN ÜZƏRİNDƏ QURULMUŞ YARADICILIQ ƏMƏKDAŞLIĞI

Operator kimi 13 bədii filmi lentə alan Rasim Ocaqovu rejissorluq daha çox cəlb edirdi. Bu baxımdan da ikinci təhsilini rejissorluq üzrə alır. Bu, o vaxtlar idi ki, kinostudiyada rejissorlar sayca çox, görüləcək iş isə az idi. Bir gün təsadüfən kinostudiyanın direktoru, müəyyən səbəblərə görə çəkilişi yarımçıq qalmış bir filmi şərt əsasında Rasim Ocaqova həvalə edir:”Əgər bu filmi çəkib başa çatdıra bilsən, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı qazanacaqsan”. Bir neçə rejissorun imtina etdiyi “Qatır Məmməd” filmini Rasim Ocaqov çox qısa bir müddətə və demək olar ki, yenidən çəkir. “Qatır Məmməd” filmi  Rasim Ocaqovun rejissorluq sahəsində debütü olur. Sonra rejissor “Tütək səsi”ni çəkir. “Ad günü” isə Rasim Ocaqovun 3-cü filmidir.

Yeri gəlmişkən, “Ad günü” Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun uzunmüddətli və etibarlı zəmin üzərində qurulmuş yaradıcılıq əməkdaşlığının əsasını qoyub.

Doğrudur, Rasim Ocağovun Rüstəm İbrahimbəyovla əməkdaşlığını daha əvvələ də aid etmək olar. Belə ki, R.İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filminin operatoru R.Ocaqov olub və filmin ekran taleyi də uğurlu olub ki, bu barədə geniş məlumat vermişdik.

Qeyd edək ki, rejissor Rasim Ocaqov tələbkar, eyni zamanda ciddi, dəqiq, nizam-intizamlı iş prinsipinə malik kinematoqrafçılardan biri idi.

Rasim Ocaqovla Rüstəm İbrahimbəyovun yaradıcı əməkdaşlığının uzun ömürlü olması da bilavasitə bu prinsiplər üzərində qurulmasından irəli gəlirdi.

Rasim Ocaqov deyirdi ki, Rüstəm İbrahimbəyovla əməkdaşlığa başlamamışdan əvvəl onun əsərlərini oxuyurdum və bu mənim çox xoşuma gəlirdi: “Bu əsərlər arasında “Ad günü” və “Ezamiyyət” hekayəsi xüsusilə məni cəlb etmişdi. Bir gün Rüstəmə təklif etdim ki, gəl birgə iki hekayəndən birini, lap yaxşı olardı ki, “Ad günü” hekayəsini ekranlaşdıraq. Rüstəm İbrahimbəyov isə öz növbəsində mənə təklif etdi ki, gəl iki hekayəni birləşdirim və bunun müqabilində də yeni bir ekran əsəri yaradaq. Böyük məmnuniyyətlə onun təklifini qəbul etdim. Bu söhbətin üstündən bir neçə müddət keçdikdən sonra o, mənə “Ad günü” ilə “Ezamiyyət” hekayəsinin birləşməsindən yaranan ssenarini hazır şəkildə təqdim etdi. Onu da qeyd edim ki, hekayələr ilə ssenari arasında fərqli cəhətlər çox idi. Belə ki, bildiyiniz kimi ssenaridə Mustafa konfransda iştirak etmək üçün Şəkidən Bakıya gəlir. Hekayədə isə əsərin qəhrəmanı (təbii ki, o Mustafa deyildi) Bakıdan Moskvaya gedir və Mərkəzi teleqrafda olarkən bələdçi qadınla tanış olur. Ssenarini dəyişdirməklə Moskvanı Bakı ilə, Bakını isə Şəki ilə əvəz etdik”.

RASİM OCAQOV: “AD GÜNÜ” FİLMİNİN ÇƏKİLDİYİ İLLƏRDƏ AZƏRBAYCANDA TALON SİSTEMİ FƏALİYYƏT GÖSTƏRİRDİ

Film hazır olduqdan sonra Moskvaya təhvil verilir. Moskva “Ad günü” filmindən çıxarılmaq ehtimalı olan kadr barədə öz fikrini söyləyir. Hətta həmin kadr çıxarılmasa, onda filmin nümayiş olunmasına qadağa qoyula bilərdi.

Rejissor deyirdi ki, “Ad günü” filminin çəkildiyi illərdə  Azərbaycanda talon sistemi fəaliyyət göstərirdi: “Bir çox ərzaq məhsulları, xüsusilə ət və yağ talon vasitəsilə alınırdı. Və filmdə bolluğun nümayiş olunması Moskva nümayəndəliyini narahat etmişdi. Bildiyiniz kimi Sovetlər Birliyi dövründə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi hər bir film Moskvanın Mərkəzi televiziyasında fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına verilirdi. Bədii Şuranın sözsüz-sovsuz qəbul etdiyi film ekran vasitəsilə nümayiş olunmağa vəsiqə alırdı. Ancaq qəbul olunmayan film illərlə ekran üzünə həsrət qalırdı. Etiraf edim ki, “Ad günü” Bədii Şura tərəfindən yüksək səviyyədə qəbul edildi. Yalnız bir kadra etiraz etdilər. O da o səhnədir ki, oğlunun ad gününə hazırlaşan Əli, hansı mağazaya daxil olursa, nə alırsa, “xahiş edirəm yaxşısından olsun” deyir. Bu zaman bazarda çəkilən kadr nümayiş olunur və dirəklərdən asılan şaqqa ətlər göstərilir. Bədii Şura məhz həmin kadrın çıxarılmasına göstəriş verdi və onu da qeyd etdilər ki, hazırda qıtlıq olduğu üçün bu kadr da camaata da pis təsir göstərə bilər. Mən də cavab olaraq bildirdim ki, camaat qıtlıq çəksə də, bazarda bolluqdur və mən də bazarın bolluğunu nümayiş etdirmişəm. Bir sözlə, həmin kadrın çıxarılmasına qəti etiraz etdim”. Doğrudan da, həmin kadr çıxarılmır və olduğu kimi Azərbaycanda nümayiş etdirilir. Lakin Azərbaycandan fərqli olaraq SSRİ məkanında nümayiş olunan “Ad günü” filmində həmin kadr – bazardakı bolluq kəsilir.

REJİSSOR AKİF RÜSTƏMOV MUSTAFA OLA BİLƏRDİ

Filmin rol bölgüsü zamanı rejissor təxminən hansı aktyorlarla işləyəcəyini bilirdi. Hətta özlüyündə Mustafa rolu üçün kinostudiyada ikinci rejissor kimi fəaliyyət göstərən Akif Rüstəmovu təsdiq etmişdi.

R.Ocaqov deyirdi ki, çəkilişlərə başlamamışdan əvvəl Akif Rüstəmovu Mustafa roluna təsdiq etmişdim: “Çünki Akif hər baxımdan Mustafaya bənzəyirdi. Bir gün kinostudiyanın bufetində əyləşmişdim. Birdən gördüm ki, bir nəfər bufetə daxil oldu. O, çay sifariş etdi, sonra da stolların birində əyləşdi. Gözümü ondan çəkə bilmirdim. Çünki 100 faiz qəhrəmanımıza -Mustafaya çox bənzəyirdi. Həmin şəxs Hacı İsmayılov idi. O vaxtlar Hacı, səhv etmirəmsə, İrəvan Dövlət Dram teatrında çalışırdı. Assistentimə dedim ki, Hacını mənim yanıma gətirsinlər. Tanışlıqdan sonra onu sınaq çəkilişində yoxladım. Və gördüm ki, Mustafa rolunu ondan yaxşı heç kim yarada bilməz”. Qeyd edək ki, sınaq çəkilişlərindən peşman qayıdan aktyorlardan fərqli olaraq rejissor Akif Rüstəmov Mustafa roluna çəkilməyəcəyini biləndə sevinir. Belə ki, öz peşəsini sevən Akif Rüstəmov daima kadr arxasında fəaliyyət göstərməyə adət etmişdi. Və Hacı İsmayılov öz gəlişi ilə Akif Rüstəmovu artıq narahatçılıqdan xilas edir.

RASİM OCAQOV HACI İSMAYILOVU KİNO ÜÇÜN KƏŞF ETDİ

70-ci illərdə Hacı İsmayılov “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyirdi. “Ad günü” onun çəkildiyi ilk film idi.

Aktyor deyir ki, günlərin bir günü kinostudiyanın yaradıcılıq bufetində sənət dostlarımla çay süfrəsi arxasında əyləşərək söhbət edirdik: “Sən demə, qonşu stolda əyləşən rejissor Rasim Ocaqov mənim hərəkətlərimi, danışığımı diqqətlə müşahidə edirmiş. Sonra o assistenti vasitəsilə xəbər göndərdi ki, yeni çəkdiyi film üçün məni fotosınaqla yoxlamaq istəyirlər. Mən razılaşdım. Etiraf edim ki, fotosınaq çox uğurlu oldu. Bundan sonra isə məni kinosınağında yoxladılar. Bu sınaq da uğurlu alındı. Söhbət təxminən 1976-cı ilin oktyabr ayından gedir. Başladıq çəkilişlərə, mart-aprel aylarında isə artıq çəkilişlər bitmişdi. “Ad günü” filminə çəkilməyim təsadüfi olsa da, əsas olan o idi ki, Rasim Ocaqov məni bir kinoaktyor kimi kəşf etmişdi. Bunun üçün ona minnətdaram. Onu da qeyd edim ki, “Ad günü”, SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişi ilə çəkildiyi üçün ilk dəfə olaraq Moskvanın birinci kanalı ilə nümayiş olundu. Təsəvvür edin ki, 1978-ci ildə “Ad günü” filmi Azərbaycan televiziyası ilə təxminən 10 dəfə nümayiş olundu. Sözümün canı odur ki, film yüksək kateqoriyaya layiq görülmüş və tamaşaçılar tərəfindən də yüksək səviyyədə qəbul olunmuşdu”.

Qeyd edək ki, “Ad günü” filmi rus dilində çəkildiyi üçün Hacı İsmayılovun da şəki ləhcəsində danışmağına ehtiyac olmayıb. Ancaq “Həm ziyarət, həm ticarət” filmində çəkilərkən rejissor Hacı İsmayılovun şəki ləhcəsində danışmağını artıq tələb edirdi. Hacı İsmayılov xatırlayır: “”Ad günü” filmindən sonra ardıcıl olaraq bir necə filmə çəkildim. Misal olaraq “Bağlı qapı”, “Ölsəm, bağışla”, “Özgə həyat”, “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Ani döyüş” və s. filmlərin adlarını çəkmək istərdim. Etiraf etmək istərdim ki, Mustafanın sonrakı həyatını oynamağı çox arzulayırdım. Daima öz-özümə deyirdim ki, kaş, Rüstəm İbrahimbəyovla Rasim Ocaqov “Ad günü” filminin davamını çəkmək fikrində olaydılar. Xoşbəxtlikdən bu arzum, düz 20 ildən sonra reallaşdı. Onu da qeyd etmək istərdim ki, “Ad günü” filmindən fərqli olaraq, “Həm ziyarət, həm ticarət”də məsuliyyətim həddindən artıq çox idi. Söz yox ki, artıq 20 illik bir müddət də öz işini görmüşdü. Yeri gəlmişkən, çəkiliş vaxtı mən Şəki ləhcəsində danışmalıydım. Rejissordan xahiş etdim ki, çəkiliş vaxtı mən adi danışıq tərzi ilə çəkilim, səsləndirmə vaxtı şəki ləhcəsini yaxşı bilən aktyorlardan biri məni dublyaj etsin. Rasim müəllim qəti etiraz edərək bildirdi ki, həm şəki ləhcəsində danışmalısan, həm də çəkilməlisən. Məşq zamanı tədricən hər şey öz qaydasına düşdü və mən də şəki ləhcəsini tam da olmasa, müəyyən mənada mənimsəyə bildim. Onu da qeyd edim ki, Mustafanın şəki ləhcəsində danışması filmin uğur qazanmasında daha böyük rol oynadı ki, bunun üçün də yalnız rejissor Rasim Ocaqova minnətdar olmaq lazımdır”.

HAŞİYƏ: Filmin qəhrəmanı Mustafa həddindən artıq saf, təmiz ürəkli, hamıya, hətta uşağa da inanan bir şəxsdir. Ancaq tamaşaçılar, xüsusilə şəkililər “nə üçün Mustafanı belə yazıq, fağır, yük daşıyan kimi vermisən, məgər şəkililər belədir” deyə Rasim Ocaqova öz etirazlarını bildiriblər.

R.Ocaqov deyirdi ki, bir gün əslən şəkili olan və təbii ki, tanınmış şəxslərdən biri ilə təsadüfən küçədə rastlaşıb: “O mənə öz iradını bildirərək dedi ki, “o nədir elə, şəkilini sadəlöhv təqdim etməyin bəs deyil, hələ kürəyinə də iri bir yük şəlləmisən”. Nə isə, bir az onunla sözləşdik. Ancaq sonralar tədricən narazıçılıqlar da aradan qalxdı. Film hamı tərəfindən qəbul edildi”.

RUSTAVİ DÖVLƏT DRAM TEATRININ AKTYORU DAVİD URLİSAŞVİLİ ƏLİ OBRAZINDA

Bildiyimiz kimi, “Ad günü” filmində Əli obrazını Gürcüstanın Rustavi Dövlət Dram teatrının aktyoru David Urlisaşvili yaradıb.

Bir məqamı da qeyd edək ki, SSRİ dövründə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətində kənar studiyalardan dəvət olunan aktyorları görmək mümkün idi ki, bu da öz aktyorlarımız tərəfindən narazılığa səbəb olurdu.

Rasim Ocaqov isə deyirdi ki, Azərbaycan filmlərində yalnız azərbaycanlı aktyorların çəkilməsinin tərəfdarı deyil: “Necə olur ki, almanlar fransızları, ingilislər amerikanları, amerikanlar italyanları çəkə bilir, ancaq bizlər başqa ölkələrin aktyorlarını çəkə bilmirik? Eləcə də bizim aktyorları başqa ölkələrə film çəkilişlərinə dəvət edirlər. Həyə görə bizə hər şey yasaq olmalıdır? Yaxşı yadımdadır, “Ad günü” filmini çəkməmişdən əvvəl Gürcüstanda idim. Orada olarkən Rustavi Dövlət Dram Teatrında bir tamaşaya baxdım. Həmin tamaşada bir aktyorun oyunu mənim çox xoşuma gəldi. Bu da o demək idi ki, həmin aktyoru hansısa filmimə dəvət edəcəkdim. Vaxt gəldi mən “Ad günü” filmini çəkməyə başladım və heç düşünmədən belə həmin gürcü aktyorunu – David Urlisaşvilini Əli roluna dəvət etdim”.

“AD GÜNÜ” FİLMİNİN NÜMAYİŞİ BÖYÜK ƏKS-SƏDAYA SƏBƏB OLDU

Film keçmiş SSRİ-nin Mərkəzi televiziyası ilə nümayiş etdirildikdən sonra yaxşı mənada böyük səs-küyə səbəb oldu.

Rejissor Rasim Ocaqova gələn məktubların sayı-hesabı olmayıb və həmin məktublar müxtəlif məzmunda olub.

Rejissorun 1977-ci ildə moskvalı V.Şidorenkodan aldığı məktubda deyilirdi: “Televiziya ilə baxdığım “Ad günü” filminə görə sağ ol! Ağıllı, istedadlı, xeyirxah və təmənnasız insanla görüşdən özümü xoşbəxt hesab edirəm. Yalnız bu keyfiyyətlərə malik insan öz qəhrəmanlarını belə görər və səhv etmədən aktyorları tapa bilərdi. Bəzi səhnələr məncə “çarlinsayağıdır”, “Ad günü” professional  filmdir…” Məktubların əksəriyyətində isə  filmin davamının çəkilməsi xahiş edilirdi. Bu xahişlər təbii ki, rejissorla ssenaristi düşünməyə vadar edir və 20 ildən sonra “Həm ziyarət, həm ticarət” filmi yaranır. Düzdür, “Ad günü” filmində əsas jxətti oğluna ad günü keçirən Əlinin ətrafındakılarla, xüsusilə dostları ilə olan münasibəti üstündə qurulur. “Həm ziyarət, həm ticarət” filminin ssenarisini qələmə alan ssenaristlə rejissor çox fikirləşdikdən sonra belə bir qərara gəlirlər ki, yeni filmdə süjeti bir xətt üzrə – Mustafa ilə bağlı qursunlar.

Filmin yaradıcı heyəti: Operator Zaur Məhərrəmov, rəssam Kamil Nəcəfzadə, bəstəkar Emin Sabitoğlu.

Filmdə iştirak edirlər: Hacı İsmayılov (Mustafa), Şəfiqə Məmmədova (Fəridə), David Urlisaşvili (Əli), Şükufə Yusupova (Rəna), Fuad Poladov (Nazim), Yaşar Nuriyev (Eldar), Hüseynağa Sadıqov (Əlinin atası), Ağahüseyn Kərimov (Həmid dayı), Rafiq Əzimov (Səlim), Sədayə Mustafayeva (Əlinin anası), Gülşən Qurbanova (Sevda), Səməndər Rzayev (Faiq).

TAMAŞAÇI MƏKTUBLARI “AD GÜNÜ” FİLMİNİN DAVAMININ ÇƏKİLMƏSİNƏ SƏBƏB OLDU

“Həm ziyarət, həm ticarət” filmi heç də “Ad günü”ndən geri qalmadı və son illərin geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılanan filminə çevrildi.

Rasim Ocaqov: “”Ad günü” filmindən sonra sayca həddindən artıq çox olan tamaşaçı məktubları alırdım. Və məktublarda xahiş edirdilər ki, filmin davamını çəkim. Doğrusu mən heç bir vaxt davam söhbətini xoşlamamışam. Buna görə də hər dəfə Rüstəmlə söhbət edərkən deyirdim ki, bir dəfə çəkdik, bununla da qurtardıq. Filmin davamını çəkmək məsələsi ola bilməz. Ancaq xahişlər gəlməkdə davam edirdi. Bir dəfə Rüstəm İbrahimbəyovla söhbət edərkən belə bir fikir ortaya atdıq ki, əgər sağ qalsaq, təxminən 20 ildən sonra Mustafanın həyatının davamını əks etdirən bir film çəkərik. Doğrudan da iş elə gətirdi ki, 1993-cü ildə Rüstəm ssenarini hazırladı və “Həm ziyarət, həm ticarət” filminin çəkilişinə başladıq”.

Xatırladaq ki, “Həm ziyarət, həm ticarət” filmi sponsor gücünə araya-ərsəyə gəlib. Səbəb isə o idi ki, həmin illərdə “Azərbaycanfilm” kinostudiyası öz böhranlı günlərini yaşayırdı, dövlət film üçün vəsait buraxa bilmirdi. Ona görə də bir çox filmlərimiz kimi “Həm ziyarət, həm ticarət” də sponsor hesabına çəkildi. Bununla belə, maddi çətinliklər sonadək aradan qaldırılmamışdı və yaradıcı heyət bir çox problemlərlə qarşılaşırdı. Məsələn, Türkiyə aeroportunda bir kadrın çəkilməsi üçün 300 dollar yer haqqı istənilib. Xahiş-minnətdən sonra güzəştə gedərək həmin məbləği 150 dollara salınıbmış.

Rasim müəllim deyirdi ki, 20 il az müddət deyil: “Bu illər ərzində Mustafanın ailə qayğıları artır. Bildiyiniz kimi, filmin çəkilişi Şəkidə, Türkiyədə aparılıb. Onu da qeyd edim ki, Şəkidə olan çəkiliş yaradıcı heyət üçün daha əlverişli oldu. Məsələn, filmdə Mustafanın ailəsinin yaşadığı ev mənim xalamqızına məxsusdur. Sonra Xan sarayında olan çəkilişlərdə heç bir problemimiz olmadı. Ancaq Türkiyədə olarkən bəzi çətinliklərlə üzləşdik”.

Onu da qeyd edək ki, rejissor “Ad günü” filmindən fərqli olaraq “Həm ziyarət, həm ticarət” filminin rol bölgüsünü çox rahatlıqla həll edib.  Aktyor Hacı İsmayılov həm yaş baxımından, həm görünüşcə o, Mustafanın 20 il  sonrakı həyatını canlandırmağa hazır olsa da,  Hüseynağa Sadıqov və Səməndər Rzayev dünyalarını dəyişmişdilər. Şəfiqə Məmmədova ekrandan uzaqlaşmışdı. Fuad Poladov, Yaşar Nuri, Gülşən Qurbanova və başqalarının yaratdığı obrazlarınsa Mustafa ilə deyil, Əli rolu ilə bağlılığı vardı. Odur ki, birinci filmdən ikinciyə yalnız Mustafa qalır və rejissor “Həm ziyarət, həm ticarət”in yaradıcı heyətində  dəyişikliklər edir.

Filmin operator işi Rafiq Qəmbərova, rəssam işi Rafiq Nəsirova həvalə olunur.

Aktyor heyəti: Hacı İsmayılov (Mustafa), Nuriyyə Əhmədova (Mustafanın həyat yoldaşı), Rasim Balayev (Davud), Həsən Məmmədov (Əlimurad), Fərman Abdullayev (Nazim), Niyazi Əhmədov (Çingiz), Cahangir Novruzov (Sabir), Muxtar Maniyev (Muxtar) və b.

RASİM BALAYEV: DAVUD ÜMUMİLƏŞDİRİLMİŞ OBRAZDIR

“Həm ziyarət, həm ticarət” filmindəki maraqlı obrazlardan biri Rasim Balayevin yaratdığı Davuddur. Rasim Balayevin Babək, Beyrək, Nəsimi kimi obrazlarından sonra belə bir mənfi obraz yaratması heç də birmənalı qarşılanmadı.

Rasim Balayev qeyd edir ki, Rasim Ocaqov məni Davud roluna dəvət edərkən, obraz haqqında olan fikirlərini də tam olaraq mənə çatdırdı. Bu baxımdan Davudu oynamaq mənim üçün çətin olmadı. Doğrudur ki, belə bir rol oynadığım üçün məni qınayanlar da az olmadı, hətta əvvəllər yaratdığım rollarla müqayisə də edirdilər. Ancaq mən aktyor olduğum üçün müxtəlif səpgili rollarda tamaşaçıların görüşünə gələ bilərəm. Davud da belə rollardan biridir. Bilirsinizmi, çox vaxt insan, həddindən artıq inandığı, etibar etdiyi yaxınından elə bir zərbə alır ki, sonra illərlə həmin hadisəni unuda bilmir. Deyə bilmərəm ki, Davudu oynayarkən konkret olaraq kimisə nəzərdə tutmuşam. Ancaq ümumiləşdirilmiş bir obraz yaratmağa çalışdım. Yəni bir çoxlarında gördüyüm, şahid olduğum bəzi məqamları Davudda birləşdirdim. Və bizim əsas məqsədimiz də o oldu ki, belə məqamlarla rastlaşan insanlar ayıq olsunlar, aldanmasınlar”.

Xədicə QİYAS