II Animafilm Beynəlxalq Animasiya Filmləri Festivalı proqramını elan edib

Azərbaycanın ilk beynəlxalq animasiya festivalı olan II ANIMAFILM Bakı Beynəlxalq Animasiya Festivalı 18 oktyabr 2019-cu il tarixində başlayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının baş sponsoru və tərəfdaşı olduğu festivalın proqramı uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərilə zəngindir.

II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının proqramına əsasən, öncə yubiley konfransı keçiriləcək.

Belə ki, Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş “Azərbaycan animasiyasının 50 illiyi” adlı konfransda milli animasiyanın keçmişi, indiki vəziyyəti və gələcəyi barədə müzakirələr aparılacaq.

II Bakı Beynəlxalq Animasiya festivalı – ANİMAFİLM-in seçim komissiyası festivalın müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını təqdim edib.

Seçim komissiyasının qərarına əsasən, Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək.

Bundan başqa, müsabiqədə “Ən yaxşı qısametrajlı animasiya filmi” A kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi” B kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi”, “Uşaqlar üçün ən yaxşı animasiya filmi” B kateqoriyası üzrə, “Ən yaxşı qısametrajlı animasiya filmi» C  kateqoriyası üzrə animasiya filmləri iştirak edəcək.

Uşaqlar üçün vorkşop təşkil ediləcək. Bu da o deməkdir ki, azyaşlılar öz filmini qurmaq zövqünü yaşayacaq.

Festival animasiya üçün yazılan ssenarilərin inkişafı məqsədilə bu il də ssenari müsabiqəsi keçirəcək. Qeyd edək ki, festivalda, ən yaxşı qısametrajlı animasiya film ssenarisi üzrə – Proud Kettle (Azərbaycan), Donma (İran İslam Respublikası), Qarınqulu ayı balası (Azərbaycan), Cığır (İran İslam Respublikası), Maneken (İran İslam Respublikası), Papo və Pepe (Ukrayna), Payacıq (Azərbaycan), Ağaclar necə danışır? (Azərbaycan), Əsən (İran İslam Respublikası), Qəzəb və qan; İkinci bölüm (İran İslam Respublikası) ssenariləri yarışacaq.

Yeri gəlmişkən, ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq”  mükafatı verilməsi nəzərdə tutulub.

Bu il həmin mükafat rejissor, rəssam, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovaya təqdim ediləcək.

Ötən il bu mükafata rejissor-animator Məsud Pənahi layiq görülmüşdür.

20 oktyabr 2019cu il tarixində II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçiriləcək, qaliblər elan olunacaq .

Azərbaycan Kinematoqrafçılar İttifaqı