III “Korkut Ata” Türk Dünyası Film Festivalı başlayıb

Oktyabrın 8-də Heydər Əliyev Mərkəzində “Korkut Ata” III Türk Dünyası Film Festivalının açılış mərasimi olub.

“Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində baş tutan  festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, Bakı və Şuşa şəhərlərində keçirilən festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqların bu məkana inteqrasiyasına töhfə verməkdən ibarətdir.

Bu il təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.

Festivalda Azərbaycan filmlərindən – dahi bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyası əsasında görkəmli rejissor Rza Təhmasibin 1945-ci ildə quruluş verdiyi “Arşın mal alan” bədii filmi, “Baharın oğurlanması” (Aleksandra Şirinova) animasiya filmi, “Sonuncu” (Fariz Əhmədov) sənədli-müsabiqəsi, “Məryəm” (Elçin Musaoğlu) bədii-müsabiqəsi nümayiş olunacaq.

Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslərin qatıldığı kino bayramında ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir. Festivalın əsas özəlliklərindən biri də türk dövlətlərindən tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakıda zirvə toplantısının keçirilməsidir.

Oktyabrın 10-da Qırğızıstanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan tədbir keçiriləcək. Yubiley tədbiri Qırğızıstan nümayəndə heyəti və TÜRKSOY tərəfindən təşkil olunub. Xatırladaq ki, artıq 3-cü ildir ki, təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə Bursa şəhərində keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan festivalın bağlanış mərasimi isə oktyabrın 11-də keçiriləcək. Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

Festivalın proqramı ilə cutt.ly/iwnEBZpm linkinə keçid etməklə tanış olmaq mümkündür.

aki.az