İmperiyanın çökməsinin tarixçəsi “Ailə” filmində

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz “Ailə” filmidir.

1998-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Ailə” filmini istehsalata buraxdı. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmə Rüstəm İbrahimbəyovla birgə Ramiz Həsənoğlu quruluş verib.

Sosial dram janrında çəkilən filmdə XX əsrin 80-cı illərinin axırında baş verən hadisələr diqqətə çəkilir. Sovetlər Birliyinin son illərində erməni millətçiləri Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Moskva  bu məsələdə susur ki, nəticədə də azərbaycanlılar Ermənistandan – öz dədə-baba yurdlarından zorla çıxarıldılar. Filmdəki hadisələr sosialist cəmiyyətinin “özəyi” kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunub. Müəlliflər göstərirlər ki, vaxtilə böyük və mehriban olan bu ailə necə dağılır, onun üzvlərindən hər biri, istər yaşlı olsun, ya da cavan, özünə kənarda necə yer axtarır. Hətta xasiyyətcə sərt və tərs adam olan ailə başçısı, qoca İsmayıl yenidənqurma başlayanda nə qədər çalışsa da ailə üzvlərini əvvəlki kimi bir dam altında saxlaya bilmir.

 

TELEVİZİYA REJİSSORU İLƏ KİNODRAMATURQUN BİRGƏ FİLMİ

 

Ssenari ilə rejissor işini öhdəsinə götürən Rüstəm İbrahimbəyov filmin kino versiyası ilə yanaşı, eyni vaxtda video versiyasını da düşünmüş və çəkiliş vaxtı bunu həyata keçirmişdir. Ancaq bir nəfərin bu qədər yükü çiynində daşıması o qədər də asan məsələ deyildi. Bunu öncədən göz önünə alan R.İbrahimbəyov filmin yaradıcı heyətinə Ramiz Həsənoğlunu quruluşçu rejissor kimi dəvət edir.

Adından da göründüyü kimi filmdə söhbət bir ailədən gedir. Bu da o demək idi ki, hələ sınaq çəkilişləri zamanı rejissor həmin ailəni yaradacaq ifaçıların seçimini dəqiqliklə aparmalı idi. Qardaşların seçimi zamanı xüsusilə bir qardaşın kim tərəfindən yaradılacağı rejissoru çox düşündürür. Çünki həmin qardaş idmanla mütəmadi məşğul olduğu üçün elə idmançı görünüşünə də malik olmalı idi.

Bütün bunları götür-qoy edən rejissorlar yaradıcı heyətə aktyorluğa dəxli olmayan iki sənəkarı da dəvət etməli olur. Onlardan biri aktyor olmasa da artıq özünü quruluş verdiyi “Kişi sözü” filmində sınamış rejissor Cahangir Mehdiyev idi. Qardaşların o birini isə bəstəkar Səyavuş Kərimi oynayıb. Filmə dəvət alan Səyavuş Kərimi bir qədər təəcüblənib. Günlərin birində Milli Dram teatrına gedən bəstəkar Həsənağa Turabovla qarşılaşır. Və böyük sənətkarla filmə dəvət alması barədə söhbət edərək ondan məsləhət istəyir. Aktyor kimi daima hər bir şəxsin yalnız öz sahəsində çalışması fikri ilə razılaşan Həsənağa Turabov təbii ki, Rüstəm İbrahimbəyovun seçiminə qarşı çıxmazdı və buna görə də istər məsləhət baxımından, istərsə də çəkiliş prosesində Səyavuş Kərimidən öz köməyini əsirgəməyib.

Yeri gəlmişkən, Həsənağa Turabov filmdə əsas qəhrəman obrazını yaradıb. Sınaq çəkilişləri zamanı mübahisəli məqamlar da olub.

Rejissor R.Həsənoğlu bildirdi ki, sınaq çəkilişləri zamanı problem filmin baş qəhrəmanı ilə bağlı idi: “Sonradan həmin rola Səyavuş Kərimi təsdiq olundu. Deməli sınaq çəkilişləri artıq bitmişdi, necə deyərlər rollara uyğun olan aktyorlar artıq təsdiq olunmuşdular, çəkilişə isə 2-3 gün qalmışdı. Məlum oldu ki, baş rola təsdiq olunan həmin aktyor üzürlü səbəblərə görə filmə çəkilə bilməyəcək. Çox çıxılmaz vəziyyətə düşmüşdük”.

Digər rollardan fərqli olaraq baş rola təsdiq olunan aktyor yeganə namizəd olduğu üçün onun filmin yaradıcı heyətini üzürlü səbəbdən tərk etməsi məsələni bir qədər qəlizləşdirib. Bu durumdan çıxış yolu axtaran R.Həsənoğlu öncə Rüstəm İbrahimbəyova zəng edərək onu məsələdən hali edir. “Rüstəm müəllim məsləhət gördü ki, bu barədə fikirləşək. Çox fikirləşdim, birdən Səyavuş Kərimi öz fakturası ilə gözümün qarşısında canlandı. Qeyd edim ki, Səyavuşla yaxından tanış olduğum üçün onun xarakterinə, yaradıcılığına hərtərəfli bələd idim. Bir anlıq təsəvvür edərək anladım ki, əsərin baş qəhrəmanı olan Teymurla Səyavuş Kərimi arasında müəyyən oxşarlıq var. Bunları əsas götürərək Rüstəm müəllimə zəng etdim və onunla bu barədə fikir mübadiləsi apardım. O, məsləhət gördü ki, Səyavuşu sınağa dəvət edərək ssenariyə əsasən ifa tərzini yoxlayım. Sınaq çəkilişləri zamanı elə oldu ki, R.İbrahimbəyov da gəlib çıxdı və hər ikimizin birgə qərarı nəticəsində Səyavuş Teymur roluna təsdiq olundu”. Heç bir vaxt filmə çəkilməyən bəstəkarın bu təklifə münasibətinin necə olması çox maraqlıdır.

R.Həsənoğlu qeyd edir ki, Səyavuş Kərimi hər şeydən əvvəl musiqiçidir, səhnəyə çıxır, tamaşaçı qarşısında çıxış edir: “İstər bizdə, istərsə də digər ölkələrdə bu kimi hallara tez-tez rast gəlmək olar. Bir də görürsən ki, müğənni aktyorluq edir və yaxud əksinə, eyni zamanda isə musiqiçi kino fəaliyyətinə başlayaraq aktyor kimi çıxış edir. Səyavuş da bu sıradan istisna deyil. Ona görə də bu təklifi məhz ona etdik”.

Qeyd edək ki, sınaq çəkilişləri zamanı Həsənağa Turabovun yaratdığı obraz da əsas hesab olunurdu. Buna görə də rejissorlar həmin obrazın sınağına bir neçə aktyor dəvət edərək sonda üstünlüyü Həsənağa Turabovun ifasına vermişdilər.

Rejissor bildirir ki, aktyorların əksəriyyəti əvvəlcədən məlum olduğu üçün sınaq vaxtı o qədər də vaxt itirmədik: “Ancaq qeyd etdiyim kimi Həsənağa Turabovun oynadığı rolla yanaşı, Qarik obrazına da bir neçə aktyoru sınaq etmişdik. Nəhayət ki, üstünlüyü Rafiq Əliyevin ifasına verdik”.

Filmdə diqqət mərkəzində dayanan rollardan biri də idmançı obrazıdır. İdmançı obrazına dəvət alan Cahangir Mehdiyev çəkiliş zamanı daha çox idmanla məşğul olduğu məqamlarda çəkilib.

 

RAMİZ HƏSƏNOĞLU: FİLMİN VİDEO VERSİYASI İKİ SERİYADAN, KİNO VARİANTI BİR SERİYADAN İBARƏT İDİ

 

Ramiz Həsənoğlunun yaradıcı heyətə dəvət olunması heç də təsadüfi olmayıb. Bundan əvvəl Rüstəm İbrahimbəyov onun yaradıcılığı ilə yaxından tanış olub: “1985-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Çinar yarpağı” adlı sənədli-bədii film çəkmişdim. Ondan sonra da bir neçə işimiz olmuşdu. Yəqin görülən işlər Rüstəm İbrahimbəyovu qane etdiyi üçün 1997-ci ildə yenidən görüşdük. Bu görüşdə isə tale bizi “Ailə” filmində bir araya gətirdi. O, bu filmdə yalnız ssenarist kimi deyil, eyni zamanda rejissor olaraq çıxış etdi”.

Çəkiliş vaxtı R.Həsənoğlunun özünü bir rejissor kimi  sərbəst hiss etməsi üçün Rüstəm İbrahimbəyov tərəfindən ona geniş imkanlar yaradılıb: “Bu sərbəst şəraitin nəticəsi idi ki, filmin uğurlu alınması üçün bütün rejissor gücümdən yararlandım. Qarşılıqlı anlaşma şəraitində filmi çəkdik. Bəlkə də buna görə film belə uğurlu alındı”.

Ədəbi ssenaridən fərqli olaraq rejissor ssenarisi hər iki yaradıcı tərəfindən həyata keçirilib: “Əksər vaxtlarda Rüstəm müəllim Bakıda olmadığı üçün çəkilişi mən idarə edirdim. Təbii ki, çəkdiyim epizodlarla bağlı onunla əvvəlcədən fikir mübadiləsi aparırdıq. Hansı kadrı, necə çəkməyi əvvəlcədən planlaşdırırdıq. Elə olurdu ki, yaradıcı prosesdə danışdıqlarımızdan bir qədər kənara çıxırdım ki, bu zaman da Rüstəm müəllim etiraz etmirdi. Bildiyiniz kimi yaradıcı proseslərdə elə nüanslar olur ki, bu zaman yalnız özün qərar verməli olursan”.

R.Həsənoğlu onu da etiraf etdi ki, filmdə lider mövqeyi Rüstəm İbrahimbəyov tutsa da, çəkiliş prosesi zamanı böyüklük nümayiş etdirirmiş: “Və lider ola-ola yaradıcı baxımdan heç kimin sərbəstliyini əlindən almırdı”. Ssenari müəllif tərəfindən kifayət qədər işləndiyi üçün çəkiliş prosesində hər hansı bir dəyişikliyə və yaxud əlavəyə ehtiyac hiss olunmayıb: “Bunun nəticəsi idi ki, operatorla, rəssamla birgə aktyorları bir yerə cəm edərək iş prosesini yüksək səviyyədə həyata keçirdik”.

O, filmin məhz kino versiyası ilə video versiyasının çəkilməsi barədə belə açıqlama verir: “Azərbaycan kinosunda ilk dəfə idi ki, belə bir təcrübəyə əl atırdıq. Bu təcrübəyə əlacsızlıqdan əl atmışdıq. Səbəb də o idi ki, kino versiyasında çəkdiyimiz lent o qədər də keyfiyyətli deyildi və onun keyfiyyətinə qarşı şübhəmiz olduğu üçün filmin video versiyasını da çəkdik. Onu da qeyd edim ki, filmin video versiyası iki seriyadan, kino variantı isə bir seriyadan ibarət idi. Televiziyada nümayiş olunan filmin video variantıdır. Qeyd edim ki, filmin əsas çəkilişlərini pavilyonda lentə aldıq. Bildiyiniz kimi ev şəraitində olan çəkilişlə üçün pavilyonda xüsusi dekorasiyalar qurulur. Eyni zamanda isə interyerdə, Bakının küçələrində də bir çox kadrları çəkdik”.

1997-ci ildə “Azərbaycanfilm” kinostudiyasına təqdim olunan ssenarinin çəkiliş prosesi 1998-ci ildə başlayıb. O dövrdə çəkilən digər filmlərdən fərqli olaraq “Ailə” dövrün nəbzini tuta bildi. Filmdə nə dərəcədə siyasi çalarların olub-olmaması məsələsi barədə isə Ramiz Həsənoğlu belə deyir: “Filmin dövrlə olan əlaqəsi onda idi ki, təqdim olunan ailənin timsalında böyük bir imperiyanın dağılması göstərilir. Bu, Azərbaycanda da yaşanan bir dönəmdir ki, filmdə də öz əksini tapıb. Zənnimcə, filmdə nə dərəcədə siyasi çalarların olub-olmaması ssenaristə aid bir sualdır. Çünki rejissor icraçıdır, yazılan materialı realizə edir, xarakterləri inkişaf etdirir. Hadisələrin gedişatına isə rejissor heç bir təsir göstərə bilməz”.

 

CAHANGİR MEHDİYEV: SSRİ-NİN DAĞILMASI BİR AİLƏNİN TİMSALINDA GÖSTƏRİLİR

 

Filmdəki maraqlı obrazlardan biri də rejissor Cahangir Mehdiyevin oynadığı idmançı roludur.

C.Mehdiyev deyir ki, günlərin birində filmin rəssamı Şamil Nəcəfzadə zəng edərək çəkdikləri filmin ssenarisi ilə bağlı mənə məlumat verdi: “Və söhbət əsnasında ssenaridə bir neçə qardaş obrazı olmasından bəhs etdi. Hətta onu da qeyd etdi ki, Rüstəm İbrahimbəyov da başda olmaqla yaradıcı heyətin əsas üzvləri qardaşlardan birini-idmançını sənin oynamağını istəyir”.

Təklifi qəbul edən Cahangir Mehdiyev Rüstəm İbrahimbəyovun qələmə aldığı yazıların səviyyəsinə bələd olmasına baxmayaraq şəxsən öhdəsinə düşən rolun məziyyətlərini bilmək üçün ssenari ilə maraqlanır: “Ssenari çox xoşuma gəldi. Ən maraqlı cəhət isə ondan ibarət idi ki, ilk dəfə olaraq Azərbaycan kino tarixində eyni vaxtda filmin həm kino versiyasını kinokamera ilə, eyni zamanda video versiyasını videokamera ilə lentə alınırdı. Deməli 2-3 dubl çəkilişlər aparılırdı. Bir-iki dubl kino lentinə çəkilirdi, iki-üç dubl da video lentinə çəkilirdi”.

Lap sadə dildə desək, filmin eyni vaxtda həm bədii, həm də bədii televiziya variantı çəkilmişdi: “Bu çox maraqlı idi. Və eyni vaxtda televiziya rejissoru ilə kinorejissorunun birgə film çəkməsi, hər ikisinin qarşılıqlı anlaşma şəklində çalışması bir-birlərinin zövqlərinə hörmətlə yanaşmaları özü əvvəlcədən filmin uğurundan xəbər verirdi. Filmdə mənə həvalə olunan obraz baş rol olmasa da, əsas rollar səviyyəsindədir. Ümumiyyətlə isə filmdə baş rol kimi aparıcı simalar Həsənağa Turabovla Səyavuş Kəriminin oynadığı obrazlar idi. Əsas rollarda olanlar isə daima bu simaların ətrafında cəmləşir. Əgər fikir vermisinizsə, filmdəki hadisələr əsasən masa ətrafında cərəyan edir. Söhbətlə başlayan hər bir məqam sonda dalanda, küçələrdə davam edirdi”.

Rejissor ssenarisinin hazırlıq prosesində filmin çəkiləcəyi məkanlar müəyyənləşdirilib. Və beləliklə də çəkiliş vaxtı heç bir problem yaranmayıb. Filmin əsas epizodları pavilyonda, Bakının küçələrində lentə alınıb.

C.Mehdiyev qeyd edir ki, ev şəraitində aparılan çəkilişlər əksər vaxtlarda pavilyonda lentə alınıb: “Əsasən Bakıda, şəhərin küçələrində lentə alınan filmin bir qism çəkilişləri də köhnə Lenin muzeyinin arxasındakı kiçik dalanda yerləşən həyətdə aparılıb. Həmin həyət 90-cı ilin Bakısını o dərəcədə qoruyub saxlamışdı ki, nəticədə də rejissorun məsləhəti ilə və təbii ki, ssenaridəki uyğunluqlara görə həmin həyət çəkiliş məkanı kimi seçildi”.

Söhbət əsnasında rejissor Cahangir Mehdiyev ssenari barədə də öz fikrini bildirdi: “Bir ailə üzərində qurulan filmin mövzusu əslində keçmiş SSRİ-nin dağıldığı son məqamları özündə canlandırır. Yəni, Sovetlər Birliyinin dağılması nümunə kimi bir ailənin timsalında göstərilir. Təbii ki, ailənin üzvləri də müxtəlifdir. Doğrudur ailənin üzvləri qohumdurlar, daima onları bir süfrə arxasında görürük, ancaq onların hərəsinin öz evi, öz otağı var. Bir sözlə, həyət evində qonşu yaşayan bu qohumların çörəyi, yemək süfrəsi birdir. Və onları birləşdirən də məhz bu birlikdir. Bütün bunlara baxmayaraq isə bu qohumların həyata olan baxışları, dünyagörüşləri də müxtəlifdir. Söhbət bir Azərbaycan ailəsindən getmir, filmdə söhbət böyük bir imperiyanın – o imperiyanın ki, 70 il çörəyi bir yeyib, suyu bir içib – dağılmasından gedir. Ailə başçısı dediyimiz rəhbər nə qədər çalışsa da ailənin birliyini sona qədər qoruyub saxlaya bilmir. Ssenariyə əsasən ailə başçısının ölümü qardaşlar arasında tez bir vaxtda soyuqluq və ayrılıq yaradır. Qohumlar arasında olan gərginlik sonda münasibətlərin korlanmasına və birliyin dağılmasına gətirib çıxarır”.

Hələ uşaqlıq yaşlarından idmana meyl edən və bu günə kimi də “sağlam bədəndə sağlam ruh olar” prinsipinə arxalanaraq idmanla məşğul olan, öz dediyi kimi, sağlam həyat tərzi keçirən Cahangir Mehdiyev üçün “Ailə” filmində idmançı obrazını yaratmaq və idman növləri nümayiş etdirmək o qədər də çətin olmayıb: “Əgər nəzərə alsaq ki, idmançı kimi kamera qarşısında dayanmağın öz çətinlikləri var, onda demək olar ki, bu çətin mərhələni artıq “Kişi sözü” filmində keçmişdim. “Ailə” filmində də rejissorlar məndən nə tələb etdilərsə, hamısını yerinə yetirdim. Lazım gəlsə, idmançı kimi fikrimi açıq dedim, lazım olanda etiraz da edirdim və yaxud razılaşırdım da və ya ssenariyə əsasən filmdəki qardaşımı müdafiə də edirdim”.

Qeyd etdiyimiz kimi, filmdə söhbət beynəlmiləl bir ailədən gedir. Əgər belədirsə deməli filmdə azərbaycanlı ilə yanaşı digər xalqların da nümayəndələrinə rast gəlmək olar. Məsələn, filmdəki Rafiq Əliyevlə, Mehriban Zəkinin yaratdıqları obrazlar yarı ermənidirlər. Masa ətrafında əyləşən bu qohumların münasibətlərindən də onların hansı xalqa mənsub olmaları aydın görünür: “Milliyyətindən asılı olmayaraq bu ailəni bir-birinə qohumluq əlaqələri bağlayır. Təbii ki, buna görə də onların hər birinə insan kimi yanaşılır. Onların hər birinin ifası lirik notlar üzərində qurulub. Əgər SSRİ-nin dağılması bir ailənin timsalında təqdim edilirsə, deməli bu dağılmanın səbəbləri də göstərilməlidir. Filmdə gördüyünüz bir ailənin timsalında yalnız SSRİ-ni deyil, bütün planeti nəzərdə tutmaq lazımdır. Əgər insanlar başa düşsələr ki, bütün planetdə yaşayan insanlar əslində bir ailədir, o zaman milli məsələlər ortadan götürülər və hamı bir ailə kimi firavan həyat tərzi keçirər”.

 

FİLM MDB ƏRAZİSİNDƏ KEÇİRİLƏN TELEFORUMDA BAŞ MÜKAFATA LAYİQ GÖRÜLÜB

 

Film “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi tərəfindən qəbul olunduqdan sonra bir çox festivallarda iştirak etmək statusu qazanıb. Filmin kino versiyası ilə yanaşı, video versiyası da bir çox festivallara qatılıb. Video versiyası 1999-cu ildə MDB ərazisində keçirilən teleforumda baş mükafata layiq görülüb. Bundan başqa, film 2000-ci ildə Moskvada keçirilən III Avrasiya teleforumunda televiziya filmləri və proqramları yaradıcılıq müsabiqəsində diplom almışdır.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu, operator Valeri Kərimov, Fikrət Əsgərov, rəssam Şamil Nəcəfzadə, geyim rəssamı Tatyana Əmirova, bəstəkar Cəfər Əliyev, səs operatoru Əsəd Əsədov, quraşdırma çəkilişlərin operatoru Vaqif Bağırov, filmin direktoru Arif Səfərov, II rejissor Adil İsmayılov, rejissor köməkçisi Rafiq Orucov.

Rollarda çəkiliblər: Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva, Fuad Poladov, Cahangir Mehdiyev, Aqil M. Quliyev, Abbas Qəhrəmanov, Məbud Məhərrəmov, Vidadi Əliyev, Tatyana Qross, Mehriban Zəki, A.Məmmədov, F.Ələkbərov, T.Məmmədov

Xədicə QİYAS