İngmar Berqmanın xatirələri Azərbaycan dilində

Dahi  İnqmar Berqmanın xatirələri əks olunan, orijinal adı “Laterna Magica” kitabı ilk dəfə Azərbaycan dilində “Sehrli fənər” adıyla oxuculara təqdim olunub.

Azərbaycan oxucularına təqdim olunan “Sehrli fənər” kitabında Bergman öz həyat yolundan bəhs edir, hətta ilk addımlarından tutmuş, şöhrət zirvələrinə yüksəldiyi vaxta qədər başına gələnləri yada salır.

Yazıçı xatirələrində onu da bildirir ki, əgər uğursuzluqdan sonra ruhdan düşsəydi, inadkarlıq göstərməsəydi, hazırda dünya kinematoqrafiyasında böyük boşluq ola bilərdi.

Altmışa yaxın bədii və sənədli filmin rejissoru olan Berqman, əksər filmlərinin ssenarisini də yazıb. Eyni zamanda yüz yetmişə yaxın tamaşa səhnələşdirib. “Yeddinci möhür” (1956), “Moruq talası” (1957), “Persona” (1965), “Pıçıltılar və qışqırıqlar” (1971) və “Fanni və Aleksandr” (1982) filmləri dünya kinosunun inciləri saırasındadır.

Yazıçı müsahibələrindən birində deyir ki, film üzərində iş yalnız zehni deyil, həm də fiziki səy tələb edir: “Mən insanlara təsir etmək, insanlara həm mənəvi, həm də fiziki cəhətdən toxunmaq, onlarla qarşılıqlı əlaqə yaratmaq istəyirəm. Bəzən kiçik bir hadisə, mənə danışılan lətifə, hansısa aktyorun üzündəki kiçik ifadə öz təsirini göstərir və yeni fikirlərin yaranmasına səbəb olur. Elə olur ki, belə fikirlər yaranan kimi onları dəftərçəmə qeyd edirəm. Bəzən isə yaddaşımın bir tərəfinə həkk olunur. Beləliklə, beynimdə çoxlu sayda qısa və praktik qeydlərim olur. Bu fikirləri ssenariyə çevirmək uzun illər tələb edir. Bir layihə formalaşmağa başlayanda obrazlar üçün ayrı, səhnələr üçün ayrı-ayrı qeydlərdən istifadə edirəm. Bəzən bir xarakter digər obrazların yanında yaxşı dayanmır. Belə olanda həmin obrazı beynimə geri göndərirəm. Filmlərim, adətən, kiçik qar dənəsi ilə başlayaraq qartopu kimi böyüyür”.

Qeyd edək ki, Həmid Piriyevin tərcüməsində “Alatoran” nəşriyyatında nəşr olunan “Sehrli fənər” kitabı İnqmar Berqmanın 100 illiyi münasibətilə çap edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı