“İnqmar Berqmanla üzbəüz” layihəsinin üçüncü nümayişi baş tutdu

Noyabrın 15-də “Azərbaycan” CinemaPlus-da “İnqmar Berqmanla üzbəüz” kino layihəsi çərçivəsində, dahi İsveç rejissorunun növbəti, “Persona” bədii filmi nümayiş olundu.

Berqmanın kinodilindən söz açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, kamera filmi kimi çəkilən “Persona”da rejissor iri planlardan və geniş panoramlardan istifadə edib: ”İri planlar vasitəsilə müəllif personajı mərkəzə gətirir, qəhrəmanın daxili aləminə daha dərindən nüfuz edir. Bu, eyni zamanda kontekstdən asılı olaraq, ekzsitensial, metafizik mənalar daşıyır, bəzi hallarda  qəhrəmanlar arasında özgələşməni yaxud doğmalaşmanı ifadə edir. “Persona” həm daşıdığı mənaya, həm də vizual dilinə görə  görə dünya kinosunun şedevrlərindən sayılır”.

Daha sonra “Persona” filmi nümayiş olundu. Nümayişdən sonra tamaşaçılar filmi müzakirə etdilər.

Moderator qeyd etdi ki, filmin ideyası Karl Yunqun analitik psixologiyasında qeyd etdiyi arxetiplərə əsaslanır:  “Latıncadan maska mənasını verən personanı Yunqarxetip kimi götürərək onu insanın sosial maskası kimi təqdim edirdi. Yunqa görə “persona” fərdin formalaşdırdığı, ictimai rəyə hesabladığı “mən”idir, sosial maskasıdır. Yəni fərd ictimai həyatın tələblərinə uyğun davranaraq maskalanır, onun gizlədiyi gerçək “mən”i isə başqadır.Berqman da buna istinad edərək tamaşaçını suallarla üz-üzə qoyur: necə yaşamalı və ya necə yaşamaq düzgündür? Səmimi və göründüyü kimi olmaq, sosial maskasız yaşamaq mümükündürmü?

Tamaşaçıların ümumi rəyi bundan ibarət oldu ki, “Persona” insanı onun özüylə üzləşdirir, öz kimliyinə, həqiqi məninə cəsarətlə baxmağa vadar edir, suallar qoyur. Və bu suallara cavab tapmaq cəhdləri çətin vəziyyətlərdən çıxmağa, yaşamağa kömək edir.

Digər tamaşaçının fikrincə, qəhrəmanlardan biri Elizabetin televizorda etiraz aksiyalarında baş verən hadisələrə dəhşətlə baxması əslində onun bir qadın baxışıdır, yəni diktatorları da bir qadın yetişdirir.

Başqa bir tamaşaçının fikrincə, “Persona”nı bir dini mətn kimi də oxumaq olar, burada İncil və Tövratın təsiri duyulur, Alma obrazını müəyyən mənada Tanrı obrazı kimi də qəbul etmək olar.

Qeyd edək ki, layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveç Krallığının Bakıdakı səfirliyinin əməkdaşlığı çərçivəsində təqdim olunan filmin nümayişi anşlaqla keçib.

İsveç kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərini əhatə edən kino günlərində rejissorun 4 filminin nümayişi nəzərdə tutulub.

Layihə çəçrivəsində son “Fanni və Aleksandr” bədii filminin nümayişi noyabrın 22-si, saat 18:30-da“Azərbaycan”CinemaPlus-da baş tutacaq.

aki.az