ISESCO qısametrajlı film mükafatı elan edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) qısametrajlı film mükafatı elan edib. Bu mükafatın gənc nəsli bədii yaradıcılığa həvəsləndirməklə yanaşı onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarıılması, eyni zamanda sülh mədəniyyətini yaymaq məqsədi daşıdığını bəyan edən ISESCO, onu da qeyd edib ki, mükafat, həmçinin film istehsalını təşviq etmək, ISESCO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Xatırladaq ki, müsabiqədə iştirak edən filmlər dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya kateqoriyalarını əhatə etməlidir.

Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Təqdim olunan qısametrajlı filmin xronometrajı 4 dəqiqədən çox olmamalı, əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməməli, bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməli, ISESCO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı ilə verilməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər filmlərini [email protected] email ünvanına göndərməlidirlər.

Mükafata gəlincə, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının məlumatına görə, ən yaxşı 3 qısametrajlı filmə müvafiq olaraq 8, 6 və 4 min ABŞ dolları məbləğində veriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqı