IV ANİMAFİLM FESTİVALININ PROQRAMI ELAN OLUNDU

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək.

Beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək festivalın builki mövzusu “ƏLİLLİK” olacaq.

Festivalın proqramında qeyd olunur ki, 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Eyni zamanda festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il Polşa, Özbəkistan, Fransa filmləri, animasiya vorkşopları və s. zəngindir.

Xatırladaq ki, müsabiqə proramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə nümayiş etdiriləcək. Həmçinin, bəzi xarici filmlər azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək. Açılış və bağlanış mərasimləri Azərbaycan və İngilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək.

Festival 2 məkanda baş tutacaq:

AKİ – Azərbaycan Kinematoqrafçılar İttifaqı. Ünvan: Həsən Seyidbəyli 18

Salaam Cinema. Ünvan: Süleyman Rüstəm 10

Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri buradan əldən edə bilərsiniz: https://hadigro.com/en/activities/3305b1f/4-cu-animafilm-beynelxalq-animasiya-festivali

Festivalın proqramı: https://animafilm.az/program/

Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına səmimi təşəkkürünü bildirir.

aki.az