IV ANİMAFİLM öz işinə start verir

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək.

Xəbər verdiyimiz kimi, bu il mövzusu “ƏLİLLİK” olan festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirən, eyni zamanda Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edən illik tədbirin yaradılmasıdır. Bundan başqa, builki festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı yerli və xarici peşəkarların iştirakı ilə vorkşoplar da təşkil olunacaq.

Festivalda 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyaları üzrə mükafatlar uğrunda yarışacaq.

Qeyd edək ki, yerli müsabiqədə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi”, beynəlxalq müsabiqədə isə “Ən yaxşı tammetrajlı animasiya filmi – GRAND PRIX”, “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari – GRAND PRIX” “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı tələbə animasiya filmi”, “Ən yaxşı televiziya animasiya seriyalı”, “Ən yaxşı musiqili animasiya videosu” və “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” kateqoriyaları üzrə filmlər yarışacaq.

Bu il ANİMAFİLM festivalı Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək.

Onu da qeyd edək ki, builki festival animasiyasevərləri peşəkar tədbirlərlə də sevindirəcək. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan animasiya rejissoru Məsud Pənahi ilə ustad dərsi, Salaam Cinemada isə Nancy Denney-Phelps, Nik Phelps və Olivier Catherinlə animasiya vorkşopları keçiriləcək.

Festival 3 məkanda baş tutacaq:

AKİ – Azərbaycan Kinematoqrafçılar İttifaqı. Ünvan: Həsən Seyidbəyli, 18

Salaam Cinema. Ünvan: Süleyman Rüstəm, 10

ARTIM Layihə Məkanı. Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi 5

Festivalın açılış mərasimi sentyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında, bağlanış mərasimi isə sentyabrın 7-si Salaam Cinemada baş tutacaq.

Daha geniş məlumat bu linkdə:

www.animafilm.az

[email protected]

aki.az